Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zəhərli həşəratlarla birgə yaşayan ailə nəzarətə götürüldü



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəhərli həşəratlarla birgə acınacaqlı şəraitdə yaşayan Əliosmanovlar ailəsini nəzarətə götürüb

 

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodunun (HOLCİM) yanında, körpünün altındakı idarə binasında məskunlaşmış Əliosmanovlar ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən nəzarətə götürülüb.

 

Bu barədə ailənin xanımı Nəcibə Əliosmanova məlumat verib.

 

N.Əliosmanovanın sözlərinə görə, bu gün səhər ƏƏSMN-nin Qaradağ şöbəsinin əməkdaşları onların evində olublar: “Bu gün səhər nazirliyin Qadarağ rayon şöbəsinin əməkdaşı Vüqar müəllim bizdə olub. Mən işdə olduğumdan onu həyat yoldaşım qarşılayıb. Vüqar müəllim vəziyyətimizi görüb, yaşadığımız bu yerin şəkillərini çəkib. Həyat yoldaşıma bildirib ki, problemimizi nəzarətə götürəcəklər”.

 

“Mən işdən gələndən sonra bu barədə xəbər tutdum. Zəng vurdum həmin idarəyə, Vüqar müəllimin özüylə danışdım. Dedi ki, sosial müavinət məsələmiz tezliklə həll olunacaq. Ona bildirdim ki, bəs, bizim əsas problemimiz evsizlikdir. Xahiş etdim ki, bizi yaşayış üçün normal şəraiti olan bir yerlə təmin etsinlər. Vüqar müəllim bu il ev problemimizi də həll edəcəklərini bildirdi. Daha sonra həmin idarədən mənə zəng elədilər və sabah səhər saat 9-da sənədlərlə birlikdə orada olmağımı tapşırdılar. İndiyə qədər döymədiyim idarə qapısı qalmamışdı, ancaq heç kim maraqlanmamışdı bizimlə. İndi isə çox ümidliyəm, inanıram ki, bizim də səsimizi eşidəcəklər, ən azı, xəstə balamın normal şəraitdə yaşaması üçün əllərindən gələni edəcəklər”, – deyə o əlavə edib.

 

ƏƏSMN-dən də bildirdilər ki, Nazirliyin Qaradağ rayon şöbəsinin əməkdaşı Vüqar Qədirov bu gün həmin evdə olub, ailənin problemləri ilə maraqlanıb: “Ailəyə lazımi dəstək göstəriləcək. İlk öncə sosial yardımla bağlı məsələdə köməklik ediləcək. Lazımi texniki dəstək göstəriləcək. Mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər həyata keçiriləcək”.

Xatırladaq ki, Əliosmanovlar ailəsi 2008-ci ildən “Asfaltzavod” deyilən ərazidə, ləğv olunmuş zavodun binasının bir otağında məskunlaşıblar. Ailə hazırda çox acınacaqlı şəraitdə yaşayır, yaşadıqları yer zirzəmiyə bənzəyir. Beş nəfərdən ibarət olan ailənin iki üzvü əlilliyi olan şəxsdir. Həm ailə başçısı ikinci qrup əlildir, həm də evin ilk uşağı, 14 yaşlı Xəzər Əliosmanov çox ağır xəstəlikdən - ağır meopitiya-əzələlərinin distrofiyasından əziyyət çəkir.

Əliosmanovlar ailəsinin əlilliyi olan ailə üzvlərinin aldıqları müavinətdən başqa heç bir yerdən gəliri yoxdur. Üç ildir ki, ailəyə sosial müavinət də verilmir. Ailənin xanımı Nəcibə Əliosmanova evlərdə təmizlik işləri görərək ailənin dolanışığını çətinliklə də olsa qarşılayır.

 

Ətraflı buradan oxuya bilərsiniz.


ayna.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10