Vaqif Əsədov: “Bəzən öz təqsirləri üzündən həlak olurlar”
Bu günlərdə Bakıda daha bir süpürgəçi qadın həlak olub. 1979-cu il təvəllüdlü qadın, yolda işini icra edərkən avtomobil tərəfindən vurulub.
Yol təmizliyi ilə məşğul olan işçilərin bu cür şəraitdə dünyalarını dəyişmələri tez-tez baş verir. Bütün bu hallar onların təhlükəli şəraitdə işləmələrindən irəli gəlir.
Xatırlayırsınızsa, ötən ilin aprelində Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol işçilərinin ölüm hallarının qarşısının alınması üçün onlara xüsusi jiletlər paylamışdı. Buna baxmayaraq, həmin jiletlər də fayda vermir - ölüm halları yenə davam edir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilə həmsöhbət olan zaman deyib ki, bəzən yolu süpürənlərin özlərində də təqsir olur: “Belə vəziyyətlərə təəssüflənirik. Çox halda onlar yolun hərəkət hissəsində dururlar. Bu zaman sürətlə keçən maşınların qurbanı olmaq ehtimalları çoxalır. Dəfələrlə özüm görmüşəm. Onların vurulmasında sürücülər də təqsirkar ola bilər, amma sürücülər üçün artıq xüsusi yol nişanları qoyulub, işıq sistemlərinə müdaxilələr olunub. Yaxşı olardı ki, həmin işçilər yolu səkidə durmaqla təmizləsinlər”.
“İşçilərin təlimatlandırılması aparılırmı” sualını cavablandıran V.Əsədov bildirib ki, ötən il xarici ölkədən sifariş əsasında 500-ə yaxın xüsusi jiletlər gətirilmişdi: “Təlimatlandırma mütləqdir. Həmin jiletlər də təmsil etdiyim qurumun öz təşəbbüsü və maliyyəsi ilə alınıb, üzərində işığı, işıqqaytarıcısı olan jiletlər idi. Geyimdən istifadə edirlər”.
Sonuncu baş verən qəza və ölüm hadisəsi ilə bağlı AYNA əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də sual ünvanlayıb. Xidmətin mətbuat katibi Aynur Osmanqızının verdiyi cavaba görə, noyabrın 4-də təmizlik xidməti işçisinin xəsarət alması ilə nəticələnən həmin yol-nəqliyyat hadisəsi barədə Xidmətə məlumat verilib.
“Hazırda Xidmət tərəfindən hadisənin təhqiqatı aparılır və təhqiqatın gedişində hadisənin baş vermə səbəbləri müəyyənləşdiriləcək. Onu da qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş illik iş planına uyğun olaraq hər il həm Bakıda, həm də regionlarda işçi və işəgötürənlər arasında mütəmədi olaraq maarifləndirmə tədbirləri keçirilir. Tədbirlərin əsas mövzularından biri də “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”dir. Bu tədbirlər zamanı əməyin mühafizəsinin təşkili ilə bağlı işəgötürənlərə və işçilərə ətraflı məlumatlar verilir”, - deyə A.Osmanqızı bildirib.
ayna.az