ABŞ dövlət katibi Mayk Pompeo sanksiyaların İrana ciddi ziyan vurduğunu və rəhbərliyi xərcləri azaltmağa məcbur etdiyini düşünür.
Bu barədə dövlət katibi “Fox” telekanalına müsahibəsində bəyan edib.
Dövlət katibinin sözlərinə görə, sanksiyalar Tehrana ciddi təsir göstərir və İran iqtisadiyyatında tənəzzülə yol açıb:
“Buna görə də ABŞ İrana təzyiq göstərməyə davam etməlidir. Hizbullahın resursları daha azdır, bəzi şiə qrupları, İrandakı müsəlman liderlər büdcə ilə əlaqədar getdikcə çətin qərarlar qəbul etmək məcburiyyətindədirlər”.
ABŞ dövlət katibi Vaşinqtonun Avropa müttəfiqlərinin İran siyasətlərini sərtləşdirəcəyinə ümid edir:
“Düşünürəm ki, avropalılar iranlıların səhv istiqamətə getdiklərini başa düşməli olacaq. Tehran isə buna baxmayaraq, Avropa və Qərbdən pul qoparmağa çalışır. Bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə arasında narahatlığa səbəb olur”.
ABŞ Maliyyə Nazirliyi Tehrana qarşı sanksiyalar siyahısının genişləndirildiyini elan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı, həmçinin ölkənin 9 vətəndaşı, o cümlədən ölkənin ruhani liderinin oğlu Möjtab Xameneyi və yüksək rütbəli iranlı rəsmilər sanksiya siyahısına əlavə olunub.