Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

HEYDƏR ƏLİYEVİN SSRİ-nin MƏŞHUR QƏZETİNƏ 38 İL ƏVVƏL VERDİYİ MÜSAHİBƏ: “Qızıl, sərvət toplayan rəhbər yüz qat təhlükəlidir...Kökünü kəsəcəyik!”


“Stenoqram” layihəsi çərçivəsində bu dəfə mərhum prezident Heydər Əliyevin 38 il əvvəl “Literaturnaya Qazeta”ya verdiyi məşhur müsahibəsini təqdim edirik.

Yüksək post tutan şəxlərin belə çıxış və müsahibələri SSRİ üçün xarakterik sayılmırdı. “Ədəbiyyatın yüksək borcu və amalı” adlanan bu müsahibədə Azərbaycan SSR Kommunist Partiyasının Birinci katibi olan Heydər Əliyev sovet vaxtı tarixi kəlama çevrilmiş “qoy ədalət zəfər çalsın” ifadəsi ilə o zaman SSRİ-də ört-basdır edilən korrupsiya və rüşvətlə bağlı problemlərdən, cəmiyyətin mənəvi çatışmamazlıqlarından açıq danışır…

“Biz onun kökünü kəsəcəyik”

– Heydər Əliyeviç, məlum bir aforizmdə “Tanrı dahilərin övladlarını dahi xəlq eləməyib” deyilsə də, ziyalı nəsilləri həmişə olub və olacaqdır. Axı, bizdə ziyalı nəsilləri indi-indi çoxalmağa başlayıb. Ailənin mənəvi marağı mühitində böyüyən uşağın öz babalarının, atalarının işini davam etdirməsi məgər pisdir?

– Biz sizinlə müxtəlif şeylərdən danışırıq. Gəlin müzakirəmizin mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli aqibətinə dair misallar çoxdur. Silk sədləri qoymurdu ki, bu ziyalılar xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istedadlı davamçıları olsun. Onlar bu sədləri öz imkanları daxilində aşıb keçirdilər. Canlarının hayına qalmayaraq, mədəniyyət yaymaq kimi bir məramla “xalq içinə”, əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək qabiliyyəti görəndə özlərini xoşbəxt sanırdılar.

Bəli, işini! Belə bir qabiliyyət görməyəndə isə övladlarını elə sahəyə yönəldirdilər ki, şəxsi imkanlarından istifadə edib özlərinə və xalqa daha çox fayda verə bilsinlər. Çünki onlar nəslin şərəfini yüksək tuturdular, övladlarını, müasir dillə desək, naqislik kompleksindən qoruyurdular.

Bizim dövrümüzdə, cəmiyyətə, fəhlə-kəndli dövlətinin mənafeyinə sərbəst xidmət etmək yolunda bütün maneələrin dağıdılıb məhv edildiyi bir zamanda isə bəzən elə diplomlu meşşanlar ortaya çıxır ki, xalq etimadından, xalq pulundan özlərinin xeyrinə istifadə edirlər. Övladlarını, nəvələrini, qohum-əqrabasını öz kafedrasına, laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, olmasalar da dissertasiya hazırlamaq, elm pilləri ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə ziyalı deməyə necə dili gələr?

Hüquq fakültəsinə gəlincə, burada da bizim qərarımız sağlam olmayan bir meyllə bağlı idi. Biz aşkara çıxarmışdıq ki, bu fakültəyə qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq, məhkəmə, hüquq kafedraları, partiya və sovet orqanları işçilərinin balalarıdır. Əsasən sui-istifadə ilə əlaqədar olan belə bir vəziyyət, daha artıq dərəcədə isə onun zərərli nəticələri, inzibati orqanların tərkibində bir növ qohumbazlıq və “irsiyyət” şəraitinin yarana biləcəyi təhlükəsi bizi narahat edirdi. Mən həmin təhriflərin əleyhinə çıxanda ilk vaxtlar qulağıma belə sözlər gəlib çatırdı ki, bəs bu cür sərt tədbirlər nəyə lazımdır? Axı, həkim, müəllim, hüquqçu, alim nəsilləri olmuşdur – baba, ata, oğul… Bəs nə üçün bunu qadağan edirik? Bu suala cavabım belədir: bəli, olmuşdur və ola da bilər. Yalnız yüksək mənəviyyat zəminində, yalnız istedada görə şaxtaçı, neftçi, poladəridən, taxılçı sülalələrinə mənim dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm. İşə namuslu münasibətə əsaslanan varislik nəsillərdə əsl ziyalı keyfiyyətləri yaradır – həm fiziki, həm də əqli əmək adamlarında. Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə. Bu, sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif edilir, bir vəziyyəti düzəltmək üçün sərt tədbirlərə əl atırıq. Beləliklə, zərbə ziyalı ailələrinin ənənələrinə yox, “əl əli yuyar, əl də üzü” kimi qarşılıqlı himayədarlığa əsaslanan ailəçiliyə, proteksionizmə və qohumbazlığa dəyir. Biz bu cür ziyanlı halların kökünü kəsəcəyik. Bilmək istəsəniz, elə bu özü problemə məhz sinfi münasibətdir…

 

“Rəhbər işçi vəzifəsindən sui-istifadə edirsə, sərvət toplamaqla məşğul olursa… yüz qat təhlükəlidir”

– Lakin bunlar heç də yerli xüsusiyyətlərdən doğan qusurlar deyil. “Tifilinin qeydinə qalıb” onu “nüfuzlu” instituta düzəltməyə, övladının can-başla işləmək qabiliyyətinə malik olmadığını yaxşı bilə-bilə onun üçün “isti” yer tapmağa cəhd göstərən valideynlər çoxdur. Bu, əsl bəladır. Belə cavanlara “papa balası” deyirlər. Bir söz kimi yazılır. Bəlkə də qanunla ümumi ciddi tələblər müəyyən etmək lazımdır…

– Mən də həmin bəladan danışıram. Amma qanun çıxarmaq… Əlavə bir qanun nəyimizə gərəkdir? Bizdə yaxşı qanunlar az qəbul edilməmişdir, məsələ onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin – özü də hamı tərəfindən və hər yerdə.

– Bəs alimlik dərəcələri? Axı, biz həmişə cəmiyyəti elmi qayda-da idarə etmək zərurətindən danışırıq. Əgər partiya işçisi və ya nazir həm də alimdirsə…

– Güman edirəm ki, şairin çox riyakarlıqla, lakin dəqiq şəkildə dəyişdirilmiş misralarına bələdsiniz: “Alim olmaya da bilərsən, amma namizəd olmağa borclusan”. İndi biz elmsiz keçinə bilmərik. Kim idarəetmə ilə məşğul olursa, elmlərin, xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməməlidir. Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq qərarlar deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu keyfiyyətlərin olmasını istəyirik.

Belə mənəvi yasaqlara dair gətirilən misallar, bəlkə də, gözlənilməzdir. Lakin əmək kollektivində mənəvi yasaq özlüyündə o qədər də nadir hadisə deyildir. Bu, şərəf və vicdan haqqında sosialist anlayışlarından irəli gəlir, müəyyən şəraitdə konkretlik kəsb edir. Həm də kollektivə başçılıq edən rəhbərin qarşısına xüsusi tələbələr qoyur. Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan xırda burjua psixologiyasının qalıqlarını qamçılayıb lənətləyirsə, şəxsi həyatında isə öz vəzifəsindən sui-istifadə edirsə, sərvət toplamaqla, qızıl almaq, alver etməklə məşğul olursa, həyatda əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüz qat təhlükəlidir.

“Labüd uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izləyir”

– Heydər Əliyeviç, hətta Qərbdə sosializmi tez-tez sosial təminatlar quruluşu adlandırırlar. Özü də bizdə hər bir adam bunu hər gün yəqin edə bilər. Bununla belə, görürsən, adamlar artıq ehtiyatlar yaradırlar. Buna səbəb nədir? Onlar qorxudan, bəlkə, beynəlxalq vəziyyətdir?

– Beynəlxalq vəziyyət nə qədər gərgin olsa da, onun buraya heç bir dəxli yoxdur. Gərgin beynəlxalq vəziyyət normal vətəndaşda sülhün, öz yaxın adamlarının müqəddəratı üçün təşviş oyadır, öz evini, öz Vətənini müdafiə etmək əzmi yaradır. Mən sadə əməkçilərlə görüşəndə tez-tez bunun şahidi oluram… Ehtiyat toplayanların psixologiyası məni də maraqlandırır, bəzən onların açıq-saçıq cavablarını eşidirsən: “Dar gün üçün”. Onlar layiq olmadıqları yeri tutar-tutmaz öz “dar günləri” üçün qorxmağa başlayırlar. İnamsızlıq, nigarançılıq, labüd uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izləyir. Əgər onların keçmişinə baxsaq, indicə danışdığımız əhvalatlara hökmən rast gələrik: ali məktəbdə yer rüşvətlə alınıb, diplom pulla alınıb, dissertasiya da, “gəlirli yer” də və i.a. Bumeranq geri qayıdır. Bəla burasındadır ki, o, nəinki həyatımızın qanununu pozan adamın şəxsi taleyinə, həm də çoxlu başqa adama zərbə vurur, dayaqlarımıza və prinsiplərimizə zərbə vurur, ədalətə və paklığa inamsızlıq yaradır.

“Rüşvətxor əlaltından dublyonka satmır, dövlətin mənafeyini satır”



– Məndə belə bir təəssürat oyandı ki, sizdə rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox nifrət oyadır. Şair Fikrət Qoca isə hətta deyir: “Rüşvət kürəyimizə sancılan xain bıçağıdır…” Nə üçün məhz rüşvət?

– Ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bunları alır. Şairin aforizmi mübaliğə deyildir. Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, pak adamın da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən adamın da. Şəxsən təmiz olmaq və şəxsən çiyrinmək hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, Şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir. Publisistlərdən neçə illərdir ki, Rubinovun “Brilyant əllər” məqaləsi kimi bir çıxış gözləyirdim. Lakin “Literaturnaya qazeta” şəxsi gəlir haqqında hesabat formasının tapmağı yalnız təklif etməklə kifayətlənib, bunun üçün tədbirlər hazırlanmasına çalışmasa, yarı yolda qalmış olar.

Yəqin ki, siz publisistlər də bəzən çətinlik çəkirsiniz. İfşa edilmiş və hələ ifşa edilməmiş oğrular, rüşvətxorlar yəqin çığır-bağır salırlar ki, siz “rəhbərin nüfuzunu” sarsıdırsınız. Bizdə də belə şeylər olur. Lakin biz sosialist qanunçuluğuna ən ciddi əməl edilməsi uğrunda mübarizə aparmaq, xidmət mövqeyindən hər hansı şəkildə sui-istifadə edilməsinə qarşı mübarizə aparmaq, cəmiyyətimizin mənəvi sərvətləri uğrunda mübarizə aparmaq haqqında unutmuruq.

– Sizin tanınmış bir hüquqçunuz demişdir: “Zəhmətsiz gəlirlə yaşayan adam “zəhmətli” gəlir haqqında arayışı pul ilə həmişə ala bilər”.

– Bunu yoxlamaq asandır. Həm arayış alanı, həm arayış verəni lazımınca cəzalandırmaq da. Başlıcası isə budur ki, şərin kökünü kəsmək üçün görülən konkret tədbirlər özlüyündə əlahiddə bir məqsəd deyildir. Bunlar qanunun pozulmasına qarşı ümumi dözülməzlik sisteminə möhkəm daxil olmalıdır. Qəzetin çıxışı fəal həyat mövqeyinin təzahür nümunələrindən biridir. Real tədbir görülməsə, fəal mövqeyin heç bir faydası yoxdur. Fəal vətəndaşlıq mövqeyinin yaradılması dövrümüzdə bütün ideoloji işin özəyidir. Elmi-texniki inqilab, rifahın yüksəlməsi, asudə vaxtın çoxalması, savadın artması kimi mütərəqqi hadisələrin müasir həyata gətirdiyi bir çox ziddiyyətlər kompleks qaydada – mənəvi, sosial, siyasi cəhətdən idarə olunması mənfi nəticələr də verə bilər. Sosializm cəmiyyətində bu prosesdə əsas rolu əmək kollektivi öz öhdəsinə götürür və onun əhəmiyyətinin getdikcə artması Konstitusiyada qeyd edilmişdir. Əmək kollektivində yalnız əmək alətləri deyil, insani münasibətlər də mükəmməl olmalıdır. Respublikanın və bütün ölkənin iqtisadi müvəffəqiyyətləri ona görə fərəhlidir ki, bunlar xalqın rifahının yüksəlməsi deməkdir. Lakin istehlak mədəniyyəti tərbiyə etməyi yaddan çıxarmaq olmaz. Bu, sosialist həyat tərzinin bir ünsürüdür. Bayaqdan haqqında danışdığımız ziyalıların fəallığı üçün geniş meydan vardır. Əsl bir ziyalı rifahın məna və məzmununun, şəxsi və ictimai qarşılıqlı münasibətin başa düşülməsinə kömək etməyə çalışır. Başqa bir ziyalı isə vəzifəyə keçəndən sonra öz meşşan instinktlərinə meydan verir. Deməli, iki yol var: müasir əşyaların köməyilə – yüksəlmək yolu. Bir də əşyaların ucbatından uçuruma yuvarlanmaq yolu. Biz fəal həyat mövqeyinin formalaşdırılmasına bu qədər böyük əhəmiyyət verərkən təkcə sosial cəhətdən fəal şəxsiyyətin ictimai proseslərin idarə olunmasına kömək etdiyini yox, həm də bu şəxsiyyətin özünün yeni həyat sərvətləri əldə etdiyini, yeni sevinclərə qovuşduğunu nəzərdə tuturuq.

 

“Bu hiss xalq malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz”



– Siz dediniz ki, insanın fəal mövqeyi konkret hərəkətlərdə təzahür edir. Amma məlumdur ki, adamın başına öz hərəkətləri üçün heç də həmişə çələng qoymurlar. Azərbaycan kinostudiyasının “İstintaq” filmində, – yeri gəlmişkən deyim ki, o, moskvalılara böyük təsir bağışlamışdır, – müstəntiq Seyfi əsl cinayətkarları – keçmiş vəzifəli şəxsləri üzə çıxarıb ifşa etmək üçün əlindən gələni edir. Filmin yaradıcıları – ssenari müəllifi Rüstəm İbrahimbəyov və rejissor Rasim Ocaqov “qanun hamı üçün qanundur” prinsipini publisistcəsinə kəskinləşdirmişlər. Lakin bu prinsipin zəfər çalması üçün filmin qəhrəmanı nəinki təzyiqə, hədələrə sinə gəlir, həm də istintaqın bəzi prosessual normalarına etinasızlıq göstərməyə məcbur olur. Güman etmək olar ki, bunun üçün cəzalandırılacaqdır. Qanun hamı üçün qanundur! Şair demişdir ki, “xeyirxahlığın gərək yumruğu olsun”. Lakin, axı, ədliyyənin də yumruğu var.

Yaxud da bir halda ki, misalları incəsənət əsərlərindən gətiririk, Eldar Ryazanovun çoxdan çəkilmiş, lakin köhnəlməyən “Avtomobildən özünü qoru!” filmini yada salaq. Hakimlər və iclasçılar rəğbət hissinə güc gəlib hədsiz təmənnasızlığına görə hətta sevən qadının da səfeh adlandırdığı Yuri Detoçkin barədə hökm çıxarırlar. Doğrudur, qanun-qaydanı bu cür “pozanlara” münasibət müxtəlifdir. Ələlxüsus, qanunun quru hərfinin keşiyində dayananlar arasında. Bir hüquqçu təəssüflə demişdir ki, Smoktunovski “anarxisti” məlahətli qəhrəmana çevirmişdir.

– Mənimsə Yuri Detoçkindən xoşum gəlir! Əlbəttə, səhvi ondadır ki, təkbaşına iş görür. Lakin yəqin ki, başqa cür hərəkət etmək əlindən gəlmir. Seyfinin də əlindən gəlmirdi. Hər adam səhv edə bilər. Hər şey onun hansı mənəvi mülahizələri rəhbər tutmasından asılıdır. Filmin yaradıcıları ictimaiyyətin diqqətindən fırıldaqçılara qarşı daha fəal mübarizə aparmaq lüzumuna cəlb etmiş, onların vəziyyətə uyğunlaşmasının yeni növlərini göstərmişlər. Detoçkin və Seyfi adamların sayəsində mənfi hallara qarşı mübarizə daha müvəffəqiyyətlə gedir. Belə adamlar mübarizə formalarını və metodlarını seçməkdə səhv etsələr də, laqeydlərdən daha çox olsalar yaxşıdır.

Yazıçılar, şairlər, kinomatoqrafçılar sürətlə dəyişən həyatla qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə göstərirlər. Ziddiyyətlər təkcə hüquqşünaslığa yox, adət edilmiş təsəvvürlərə, köhnəlmiş ənənələrə, ilk nəzərdə sarsılmaz görünən davranış qaydalarına da aiddir. Beləliklə, sənətkarlar öz vətəndaşlıq mövqelərini ifadə edərək cəsarətlə parlaq bədii əsərlər yaradırlar. Ədəbiyyatın həyatdan geri qalmasına yalnız təəssüf etmək olar. Mən ən əvvəl Azərbaycan yazıçılarını nəzərdə tuturam. Bizdə indiki mübarizəni əks etdirən, cəsur və vicdanlı müasir cəngavərlərin obrazları olan əsərlər hələ də yaradılmır. Halbuki real həyatda belə adamlar çoxdur!

Bir halda ki, söhbət ədəbiyyatdan düşdü, deməliyəm ki, sosialist realizmi ədəbiyyatı mənfi hallara qarşı mübarizədə, kommunizm ideallarının bərqərar edilməsi uğrunda mübarizədə, bütün dünyada sülhün qələbəsi uğrunda, dağıdıcı şər qüvvələr üzərində insan idrakının təntənəsi uğrunda mübarizədə həmləvərlik, hətta davakarlıq kimi bir keyfiyyətə malik olmalıdır.

Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur! Qətiyyətli adamların sevinc hissi süst, ətalətli, “mənə dəxli yoxdur” mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz. Belələrinin iztirablarına kimsə şərik olmaz, onların çəkdiyi labüd cəzanı heç kim hədsiz dərəcədə şiddətli cəza saymaz…

Şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir. Sonra nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq. Sapıntılar vardır və yenə də olacaqdır, lakin bunlar dərhal qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb edəcəkdir.

Biz həyat tərzimizin əxlaq prinsiplərini bərqərar etmək uğrunda mübarizədə ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına xüsusi əhəmiyyət veririk. Deməliyəm ki, bu, işdə çox karımıza gəlir. Aşkarlıq, görülən tədbirlər və onların nəticələri haqqında müntəzəm olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat orqanlarından, radio və televiziyadan səmərəli istifadə olunması sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial fəallığını yüksəltməkdə çox mühüm amildir. Biz yabançı, yamaq kimi görünən nə varsa, hamısından təmizlənmək prosesinin zəruriliyindən, “qanun hamı üçün qanundur” prinsipinin pozulmazlığından, ən əvvəl, konstitusiya mənasında və mənəvi mənada pozulmazlığından məhz buna görə inamla danışırıq.

“Nalayiq əməllər görsən harada,
Odlu nəfəsinlə yandır, məhv elə!”

– Heydər Əliyeviç, poeziyanın ülvi sözləri ilə müvəffəqiyyət arzulamaq lap yerinə düşər.

Nizami demişkən:

“Qoy ədalət zəfər çalsın,

Zülm məhv olub, alçalsın.

Şərəflənsin qoy səxavət,

Mərdlərə halaldır şöhrət”.

– Bəli, XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi demişdir:

“Təmkinli ol, lovğalığı, sərvəti

At, yanıb tonqalda qoy külə dönsün!

… Əgər istəyirsən ürəyin gülə,

Qoyma pis niyyətlər fikrinə gələ.

Nalayiq əməllər görsən harada,

Odlu nəfəsinlə yandır, məhv elə!”

“Literaturnaya qazeta”,

19 noyabr 1981-ci il.

Azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10