Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İynəbatırma müalicəsi haqqında bilmədiklərimiz - HƏKİMDƏN maraqlı açıqlamalar


Şərqdə geniş yayılmış müalicə üsulu olan bioloji aktiv nöqtələrə (akupunktur nöqtələr) təsir etməklə müalicə 3000 illik tarixə malikdir. Arxeoloji tədqiqatlar nəticəsində sübut olunub ki, daşların yonularaq dərinin müəyyən yerlərinə batırılması bəzi xəstəliklərin müalicəsində istifadə edilib. Tətbiq edildiyi gündən effektiv təsir göstərən bioloji aktiv nöqtələrə təsirlə müalicə bu gün də qeyri-ənənəvi tibbi müalicə üsulu kimi istifadə olunur.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bioloji aktiv nöqtələrdə elektrik potensialı yüksək, elektrik müqaviməti isə çox aşağı olur. Bioloji aktiv nöqtələrdə piy hüceyrələri demək olar ki, yoxdur və sinir sonluğudur. Məhz bu xüsusiyyət hesabına  bu nöqtələrin elektrik potensialı yüksək olar. Bu gün Azərbaycanda da bioloji aktiv nöqtələrə təsir etməklə müxtəlif xəstəliklərin müalicəsi aparılır. İynəbatırma kimi tanıdığımız bu müalicə üsulu ilə məşğul olanlar az deyil. Amma bu sahədə ən vacib məsələ həmin müalicəni peşəkarların aparmasıdır. Maraqlıdır ki, hazırda Azərbaycanda bu müalicə üsulundan istifadə edənlər çoxdurmu və onlar əsasən hansı xəstəliklərə görə bu metoda müraciət edirlər?
Bu mövzu ilə bağlı uzun illər bu sahədə müalicə aparan Səhiyyə Nazirliyi Respublika Xalq Təbabəti Mərkəzinin həkim-refleksoterapevti (iynəbatırma ilə müalicə) Solmaz Əliyeva ilə söhbət olunub.
Qeyd edək ki, müsahibimiz terapevt kimi təhsil alıb.  S onra Həkimləri Təkmilləşdirmə İnstitutunda refleksoterapiyanın kursunu bitirib.
- Solmaz xanım, bir az iynəbatırma üsulu ilə müalicə barəsində məlumat verərdiniz?
- Qədim Şərq təbabətinin bu müalicə üsulu hələ eramızdan əvvəl Çində, Koreyada, Şərq ölkələrində geniş yayılıb. Amma hazırda Amerikada, eləcə də Avropa ölkələrində də istifadə olunur. İynəbatırma təbii müalicə üsuludur. Bədənə heç bir dərman yeritmədən, bioloji aktiv nöqtələr tapılır və iynə batırmaqla  enerji tənzimlənir.  
Xəstəlik insanda əsasən iki amildən - stress, ya da soyuqdan yaranır. Bu amillərin təsiri nəticəsində insanda energetik balans pozulur. Normal orqanizmdə bütün orqanlarda enerji mübadiləsi simmetrik şəkildə gedir. Hansısa bir faktordan energetika pozulanda disbalans yaranır. İynəbatırmanın da əsas mahiyyəti həmin pozulmuş enerji axımını tənzimləməkdir. Bədənin bir yerində ağrı varsa, demək orada enerji çoxdur. İynəni batırmaqla həmin nöqtədə olan artıq enerji dağılır, bütün orqanizmdə paylanır və insan rahatlanır.
- Xəstəyə iynəbatırma ilə müalicənin lazım olduğu nücə müəyyən olunur?
- Xəstəni əvvəlcə dinləyirik, sonra hərtərəfli müayinə edirik. Orqanlarında olan dəyişiklik əsasında iynəbatırma ilə müalicəni tətbiq edirik.
Üz sinirinin nevritləri, üz iflicindən sonra sifətin əyilməsi problemini yaşayanlar nevropatoloqların göndərişi ilə iynəbatırma müalicəsinə gəlirlər. Məsələn, qaş tərpənmir, göz bağlanmır, ağız əyilir ki, həmin insanlarda üzə iynələri qoymaqla bərpa edirik. Xəstə nevropotoloqun yazdığı dərmanları da içir, amma iynəbatırma ilə daha tez bərpa olur. Müalicə əsasən bir kurs şəklində 10 gün olur. Elə xəstələr olur ki, problemləri davam edirsə, daha bir kurs müalicə olunur. Osteoxondroz, təzyiq, gərginlik, miqren, spazm  kimi problemləri də aradan qaldırır. Xəstələrin çoxu ildə bir dəfə inyəbatırma ilə müalicəni keçir və il ərzində özlərini rahat hiss etdiklərini deyirlər.    Nevrozları, ürək problemi olanları müalicə etsək də, infarkt keçirənləri, ürək çatışmazlığı olanları müalicə etmirik. Uşaqlarda nevroz, enurez kimi xəstəlikləri də  müalicə edirik. Yaxşı effekt verir.
- Müalicə apardığınız otaqdan çox xoş ətirlər gəlir. Bunun sirrini öyrənmək olar?
- Yağların iyidir. Xəstələrin enerji nöqtələrini əvvəlcə müxtəlif efir yağları ilə masaj edirik.
- Enerji paylanmasının pozulması müalicə olunmazsa, hansı fəsadlara yol açır?  
- Müalicə olmasa, enerji tükənməsi baş verir. Xəstələr halsızlaşır, zəifləyir, gücü tükənir. Bu hal dərinə işləyəndə üzvi dəyişikliklər də baş verə bilər. Biz əvvəlcə çalışırıq ki, funksional pozğunluq olanda müdaxilə edək. Çünki bu zaman daha tez bərpa olur.  
İynəbatırma elədir ki, bütün orqanlarda olan problemlərə təsir edir. Ürək xəstələrinin müalicəsində həkimlər ancaq ürək üçün dərmanlar yazırsa, iynəbatırma ilə müalicədə orqanizm bütövlükdə götürülür. Bir orqanın energetikasına təsir olunursa, daha sonra proses bütün bədəni əhatə edir. Bədəndə 1000-dən çox energetik nöqtə var. Biz əsas 300-dən istifadə edirik.
Onu deyim ki, kişi xəstələrimiz də çox olur. Depressiya problemi ilə gəlirlər. Hətta depressiyada olduqlarını özləri də bilmirlər. Müalicədən sonra əvvəlki hallarına qayıdırlar.
Ümumiyyətlə, iynəbatırma nevroz və depressiyada olanlara çox yaxşı təsir edir. Bildiyimiz kimi insan bədənində 7 energetik çakra var ki, bunlar insan həyatı üçün  çox önəmlidir. Qan-damar sistemi və s. öz yerində.  Onlar gözlə görünəndir.  Həyat enerjisi dediyimiz ruh isə görünmür. Enerji bədəndən çıxanda artıq insan ölü olur.  7 çakradan biri pozulanda artıq energetika mübadiləsi pozulur.  Enerji bir orqandan digərinə tam gedə bilmir. Dediyim kimi bu da xəstəlik əmələ gətirir.
- Burada zəli ilə də müalicə aparırsınız. Bu barədə nə deyə bilərsiniz?
- Zəlinin qoyulması insan orqanizminə çox yaxşı təsir edir. Zəli qoyulanda bütün qanı təmizləyir, durulaşdırır. Zəlinin ağzında 200-dək ferment var. Bundan başqa, zəlini bədənə qoyanda axtarıb biloji aktiv nöqtələri tapır. Məsələn, iynələri batırdığımız yerdən sancır. Zəli dişlədiyi yerə ağzının suyunu buraxır və sormağa başlayır. Zəli sorduqca qan təmizlənir, qatı qan durulaşır, ağrılar götürülür. İltihab prosesi varsa, iltihabı götürür. Ona görə insanlar özlərini gümrah hiss edirlər. Zəli qoyulduqdan 40-45 dəqiqə sonra  doyur və  düşür. Sonra onun dişlədiyi yerdən gün ərzində az-az qan gəlir. Hicamətdə mexaniki üsulla qan buraxılır. O üsuldansa, zəli yaxşıdır. Zəli orqanizmə 200-ə yaxın maddə buraxır və orqanizmi aktivləşdirirlər. Zəlidən adətən bir dəfə istifadə edirəm. Çalışırıq ki, ikinci dəfə qoyulmasın. Zəli hətta bədəndən mənfi enerjini də götürür. Bu barədə rus ədəbiyyatlarında da yazılır. Ona görə də bir zəli bir dəfə istifadə olunmalıdır.
Sonda onu da qeyd edim ki, sağlamlığı qorumaq üçün ilk növbədə həyat tərzini normallaşdırmaq lazımdır. İynəbatırma və zəlinin qoyulması ilə də müalicələri peşəkarlar aparmalıdır. 

Lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10