Berlin divarının dağıdılmasının 30 illiyi münasibətilə Almaniyanın paytaxtında yeni divar yaradılacaq. Lakin “Euronews” bildirir ki, bu divar çox maraqlı olacaq.
Holland rəssamı Mayke Tsiqler hər kəsin iştirak edə biləcəyi layihə üzərində çalışır. Bunun üçün Berlin memorial muzeyinə gəlib tanımadığın şəxsin əlini sıxmalısan. Bu zaman əlində mütləq bir parça gil olmalıdır.
Alınan daş parçası qurudulacaq və onun kimi digər parçaların yanına göndəriləcək. Ümumilikdə 10 mindən çox belə daş parçasının yığılacağı gözlənilir. Bu daşlar yeni divarın – art obyektin tikilməsi üçün xammal rolunu oynayacaq. Beləliklə, yaradılacaq yeni divar ayrılıq yox, birlik əlaməti olacaq.
Xatırladaq ki, Berlin divarının dağıdılması noyabrın 9-da bütün Almaniya ərazisində qeyd olunur.(oxu.az)