Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Moskvada 90-cı illəri xatırladan qətl: Yüksək rütbəli polisi necə və niyə qətlə yetirdilər... - TƏFƏRRÜAT


Ötən gün noyabrın 2-də axşam Moskvanın Akademik Anoxin küçəsində naməlum killerlər Rusiya DİN-in İnquşetiya üzrə ekstremizlə mübarizə Mərkəzinin rəhbəri, polkovnik İbrahim Elcarkiyev və qardaşını qətlə yetiriblər.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə killer maskada və qırmızı-qara rəngli gödəkçədə olub. O, azı yeddi dəfə atəş açıb və iki ortağı ilə birlikdə avtomobillə hadisə yerindən qaçıb.

Polkovnik Elçarkiyev və qardaşı təcili tibbi yardım gələnə qədər hadisə yerində keçiniblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma başlayıb, killerlərin yaxalanması üçün təcili əməliyyat başlasa da onların izini tapmaq mümkün olmayıb.

Yüksək rütbəli polisin və qardaşının güllələnməsi anı videomüşahidə kameralarına düşüb. Kadrlardan görünür ki, Elcarkiyev binanın həyətinə daxil olan maşından düşür, maşın həyətdə park edənə qədər girişin qarşısında gözləyir. Bu zaman ona qırmızı-qara gödəkçəli naməlum şəxs yaxınlaşır və bir neçə dəfə tapançadan atəş açır. Sonra killer daha bir neçə atəşi Elcarkiyevin ona köməyə gələn qardaşına tərəf açır və hadisə yerindən qaçır.
 
İbrahim Elcarkiyevə bu ilin yanvarında İnquşetiyada bir dəfə sui-qəsd cəhdi edilmişdi. Onun maşınını Çeçenistandan İnquşetiyaya qayıdanda avtomatlardan atəşə tutmuşdular. Nəticədə polkovniklə birlikdə olan üç polis ağır yaralanıb, amma Elcarkiyev xəsarət almayıb. Bu sui-qəsd cəhdindən sonra Elcarkiyev zirehli avtomobildə və çoxsaylı mühafizəçilərlə gəzirdi.

Belə görünür ki, sifarişçilər onu İnquşetiyada öldürməyin mümkün olmadığını görərək cinayəti Moskvada planlaşdırıblar. Bildirilir ki, qətlin istintaqını İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin şəxsi nəzarətinə götürüb.

Habelə məlum olub ki, polislər killerləri təqib edərkən yanlış avtomobilin izinə düşüblər. Cinayətkarlar polisi çaşdırıb, onlar avtomobillərin nömrələrini dəyişərək izi itirib və çox güman ki, artıq Moskvanı tərk edib.


Elcarkiyev 2016-cı ildən ekstremizmlə mübarizə Mərkəzinə rəhbərlik edirdi və onun fəaliyyəti ərzində bir çox ekstremist qruplaşmaları zərərsizləşdirdiyi, çoxsaylı cinayətkarları yaxaladığı bildirilir. TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, qətlin sifarişli olması barədə qəti versiya var. Lakin sifarişçilərin motivləri barədə müxtəlif fərziyyələr irəli sürülür. Onlardan biri Elcarkiyevin xidməti fəaliyyətidir. Belə ki, polkovnikin İnquşetiyada dini ekstremist qruplaşmalarla münaqişəsinin olduğu məlumdur və bu səbəbdən onu əvvəllər də dəfələrlə hədələyiblər.


“Baza” Telegram-kanalı bildirir ki, həmin münaqişə inquş din xadimi İbrahim Belxaroyevin nəticəsinin öldürülməsi ilə bağlı ola bilər. Həmin şəxs 2018-ci ilin dekabrında öldürülüb, yaxınları iddia ediblər ki, qəsdin arxasında Elcarkiyevin başçılıq etdiyi Mərkəz dayanır.

REN TV xəbər verir ki, İbrahim Elcarkiyev Moskvada ezamiyyətdə imiş və hansısa cinayət işində adı keçən fiqurantlardan birinin, habelə iş üzrə şahidin mühafizəsini həyata keçirirmiş.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10