Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Toyda cibinə "nəşə" atılan şair – Maraqlı adam



Bu gün mərhum şairimiz Oqtay Rzanın doğum günüdür. Bu münasibətlə Ayxan Ayvazın onun haqqında yazdığı yazını təqdim edirik.

“Maraqlı adam” layihəsinin budəfəki qonağı Oqtay Rza olanda sükanın arxasına özüm keçməli oldum. Bu kişinin hüdudsuz pozitivliyinə həmişə qibtə etmişəm. O qədər koloritli adamdır ki, söhbətindən doymaq olmur. Mən Oqtay Rzanı hər dəfə görəndə həyatın işıqlı tərəfinin çoxaldığını düşünürəm. Ona görə də ondan özüm yazsam yaxşıdır. Getdik...

Tədbirlərin birində Oqtay Rza ilə qarşılaşdım.

- Səhər həkimə getmişdim, bir az əvvəl zəng gəldi, tibb bacısıydı, dedi, Oqtay müəllim, hardasız, dişləriniz burda qalıb - mənə bu əhvalatı danışdı, dişsiz ağzını əli ilə tutub güldü - yoxsa, səninlə qabırğa kababı yeyərdik!

Üstündən bir neçə gün keçmişdi, zəng elədi:

- Sənə qabırğa qonaqlığı vermək istəyirəm. Hazırlaş! Narahat olma, dişlərim də üstümdədir. 

***

Oqtay Rza tədbirlərin alovlu çıxışçısıdır. Xəfiyyə kimi bütün tədbirlərin qoxusunu əvvəlcədən alır. Hələ çıxış etmək üçün qabaqcadan bir xeyli hazırlaşır da. Məndən olsa, tədbirlərdə ən çox çıxış edən şair kimi Ginnesin rekordlar kitabına salardılar. Tədbirləri tapıb ortaya çıxarmaq üzrə mahir detektivdir. Görən, Çingiz Abdullayev bu cür məharətli detektivdən niyə bir roman yazmır? Onun əlində nədir ki? Günə 150 səhifə yazır. Bir saniyədə klaviaturanın 6 düyməsini basır. Hazır obrazdı, tədbirə də detektiv paltarında gəlib, heç nəyini dəyişdirmədən, qoy romanın içinə, vəssalam.

***

Vaqif Bəhmənlinin Natəvan klubunda görüşüdür. Oqtay Rzanı dəvət eləməyiblər. Amma buradadır. Salonda oturub qaşqabağını sallaya-sallaya tədbiri izləyir. Birdən, dözməyib əlini qaldırdı:

- Mənim Vaqif haqqında şeirim var. O şeiri burdakılardan biri desin. Mənim halım yoxdur deməyə...

Gördü heç kimdən reaksiya yoxdur, şeirdən bir bənd oxuya-oxuya dalı-dalı çıxıb getdi.

***

Oqtay Rza Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib. Məclislərin birində bir nəfər ayağa durub onu təqdim edir:

- Bizim hörmətli alim, geoloq, şair də burdadır.

Oqtay Rza əsəbiləşib:

- Bilirsən nə var, şairliyi birinci de, çünki mən birinci şeirə gəlmişəm, sonra sübut eləmişəm ki, şeir yazandan geoloq çıxa bilər.

***

9-cu sinifdə oxuyanda günlərin bir günü raykom Oqtay Rzanı Bakıya göndərib. Gənc yazıçıların müşavirəsinə. O qədər balaca görünürmüş ki, Mirzə İbrahimov Əliağa Kürçaylıya deyib, bunu apar mehmanxanaya, səhər də özünlə gətir.

Müşavirədə gənc şairlər şeirlərini oxuyublar. Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli qulaq asırmışlar. Sonra gənc şairləri yığıblar Natəvan klubuna. Orda Səməd Vurğunun çıxışında dediyi bir cümlə indinin özündə də Oqtay Rzanın yaddaşında əbədi yer tutur: “Gəncliyin yaradıcılığında xəyalın qanadları zəif çırpınır”.

***

O vaxtlar Əli Kərim “Azərbaycan” jurnalının şeir şöbəsinin müdiri işləyirdi. Əliağa Kürçaylı məsul katib, Qılman İlkin redaktor, Məmməd Rahim məsləhətçi. Beş nəfər, dörd nəfər yığılırlarmış bir otağa, boğçasında şeir, hekayə gətirənə deyirmişlər ki, oxu, görək, nə yazmısan.

Oqtay Rza orda xoruz haqqında bir şeirini deyib. Məzmunu təxminən belədir: kənddən gələn bir nəfər şəhərlinin evində qonaq qalır, hədiyyə kimi xoruz gətirir ona. Xoruz da gecə yarısı banlayır, adamları qoymur yatmağa. Ev yiyəsi durur, nə edək, necə edək, xoruzun başını kəsməyə qərar verirlər.

Oqtay Rza xoruzun kəsilməyini böyük faciə kimi təsvir edibmiş.

Məmməd Rahim şeirə qulaq asandan sonra:

- Bala, - deyib - xoruz yaranıb kəsilmək üçün.

Oqtay Rzanın cavabına baxın:

- Məmməd müəllim, paleontologiya deyilən bir elm var, orda deyilir ki, quşlar 100 milyon il əvvəl meydana gəlib, insan isə dörd milyon il qabaq. Necə olur ki, bir quş 100 milyon il əvvəl kəsilmək üçün yaranır?

Məmməd Rahim əsəbiləşir:

- Get, bunu dərsində danış.

Aradan bir xeyli vaxt keçəndən sonra şair dostu Ağacavad Əlizadə Oqtay Rzaya deyir ki, bu xoruzu ola bilsin, Leninə oxşadıblar, siyasi şeir kimi qəbul ediblər.

***

“Azərbaycan” jurnalına şeirlərini veribmiş. Hər dəfə təzə nömrəyə baxanda öz adını görmür. Qaşları düyünlənmiş Oqtay Rza özünü yetirir Əli Kərimin yanına. Vəziyyəti izah edir. Əli Kərim deyir ki, itirmişəm şeirlərini, get təzədən yaz gətir. Oqtay Rza da əsəbiləşir ki, olmaz axı belə. Deyinə-deyinə pillələrlə aşağı düşəndə Xəlil Rzayla qarşılaşır.

- Nolub? Niyə bikefsən? – Xəlil Rza soruşur.

- Əşşi, Əli Kərim şeirlərimi itirib. Deyir, get təzədən yaz.

- Neçə şeir idi?

- Üç.

- Mən də deyirəm nolub? A kişi, Əli Kərim camaatın romanını itirir e, romanını. Heç kim də sənin kimi eləmir. 

***

Milli azadlıq hərəkatı başlayan vaxtlarda Oqtay Rza Azərbaycanda heç kəsin soyadındakı “ov” və “zadə” hissəciyini işlətmirmiş: Bəxtiyar Vahab, Mirzə İbrahim, Süleyman Rəhim və s. Bir gün Natəvan Klubundakı tədbirlərin birində alovlu çıxış edən şair maraqlı bir sitat çəkir. Dinləyicilər, bu kimin fikridir deyə soruşanda deyir:

- Böyük rus yazıçısı Anton Çexin!

***

Murad Köhnəqala ilə Oqtay Rza rastlaşır. Murad deyir, , pulun varmı, gedək içməyə? Oqtay Rza zarafatla əllərini havaya qaldırır:

- İstəyirsiniz, üstümü axtarın, heç nəyim yoxdur!

Murad eləmə tənbəllik Oqtay Rzanın ciblərini eşələyəndə əlinə quru bir yarpaq gəlir.

- Bu nədi belə?

Oqtay Rza təəccüblə cibindən çıxan “nəşə”yə baxır:

- Vallah bilmirəm! – gülür – Keçən gün Salyanda toyda şeir oxuyurdum. Sonra cavanlarla oynadım. Yəqin onlar cibimə qoyublar.

***

Oqtay Rzanın “Bir may” şeiri var. Şeirin sonuncu misrası belədir: “Yaşasın Stalin, yaşasın bir may”. Deyir, o şeir mənim uşaqlığımın ən gözəl xatirəsidir. Və sonra kədərlə əlavə eləyir: “Baxmayaraq ki, Stalin məni yetim qoymuşdu, atamı 40-ci ildə tutmuşdular, həbsxanada ölmüşdü”.

***

Oqtay Rza həmişə tədbirlərin sonunda çıxış edir, həmişə də bu çıxışlar möhtəşəm alınır. Bir dəfə tədbirlərin birində aparıcı Qəşəm Nəcəfzadə ilk sözü Oqtay Rzaya verir.

Oqtay Rza tərəddüdlə tribunaya yaxınlaşır, bir-iki cümlə deyəndən sonra üzünü Qəşəm Nəcəfzadəyə tutub deyir:

- Mirzə, - o, bütün qələm adamlarına belə deyir. – sən qaydanı niyə pozursan? Mən altmış ildir axırıncı çıxış edirəm.

Bunu deyən kimi qayıdıb yerində oturub və əlləri qoynunda tədbirin sonunu - öz çıxışının vaxtını gözləməyə başlayıb.

***

“Mirzə” müraciətini yeri gəldi-gəlmədi işlədən Oqtay Rza avtobus sürücüsünə deyir:

- Mirzə, burada saxlayın, düşüm.

Sürücü:

- Mən Mirzə deyiləm, Mahmudam!

***

Bu əhvalatı tez-tez özü danışır:

“Bir dəfə Rusiyada “Peredelkino” istirahət evinə getmişdim. Elektrik qatarı işləmədi, yol boyu “Literaturnaya qazeta”nın müxbiri ilə söhbət edə-edə piyada getdik. Özümü təqdim etdim ki, şairəm, Oqtay Rza. Dedi, sizdə Rəsul Rza var, onun qohumusan? Dedim, yox, bizdə “Rza”lar çoxdu. Şair Rəsul Rza var, onu bütün Afrika, Avropa tanıyır. Xəlil Rza var, onu da İran, Türkiyə tanıyır. Sonra Şəmşad Rzadı, Ənvər Rzadı, onları Azərbaycanda tanıyırlar. Mən də Oqtay Rzayam, məni də bir az tanıyırlar. Mənə dedi ki, sən yaxşısan, şair var, heç evində tanımırlar. Sonra bu hadisəni Rəsul Rzaya danışdım, dedi gərək deyəydin qohumuyam”.

***

Rayonların birində İcra Hakimiyyətinin təşkilatçılığı ilə şair Oqtay Rzanın 60 illik yubileyi keçirilirmiş. O zaman beynəlxalq təşkilatlar Qarabağ qaçqınlarına humanitar yardımları hələ də davam etdirirdi. Rayon ərazisində yerləşən qaçqınlara humanitar yardımların paylanması işinə icra hakiminin birinci müavini baxırmış.

Oqtay Rza yubiley gecəsinin sonunda yeni şeirini oxuyur:

Soruşsanız kimdir o?

Deyəcəyəm budur o!

Humanitar yardımı

torba-torba udur o.

Şair şeiri deyəndə hərdən bilməyərəkdən əlini birinci müavinə tərəf uzadırmış.

2017


kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10