Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xristian ölkələrindəki məscidlər


Xristian ölkələrindəki məscidlər - Ən çox müsəlman ibadətgahı bu ölkələrdədir - SİYAHI


Tarixən İslam sivilizasiyası ilə sıx təmasda olan Avropa bu gün get-gedə daha çox müsəlman kontingentini xatırladır. İkinci Dünya Müharibəsindən sonra “qoca qitə”yə iş arxasınca axışan müsəlmanlar onilliklər ərzində etnik xəritəni dəyişə bildilər. “Avrostat” bu gün qitə sakinlərinin 45 milyon nəfərinin dini baxımdan müsəlman olduğunu göstərir. Demoqraflar bu rəqəmin 2030-cu ildə 58 milyona çatacağını təxmin edir. Müsəlmanların çoxluğu Avropada hər il tikilən nəhəng məscidlərin sayı ilə də izlənilə bilər. Eyni hal okeanın o tayındakı ABŞ və Kanadada da müşahidə olunur.

Modern.az saytı adətən, müsəlmanların azlıq təşkil etdiyi Qərb ölkələrində fəaliyyətdə olan məscidlərin sayı barədə informasiya təqdim edir. Qeyd edək ki, 9,5 milyon vətəndaşının böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin açıqladığı son rəqəmlərə görə 1834 məscid var.

Rusiya – 7089 məscid

Rusiya Müsəlmanları Müftilər Şurasının sədri Ravil Qaytuddin ölkədə 7089 məscidin olduğunu deyib. Onun sözlərinə görə, 80-ci illərin ortalarında Rusiya ərazisində məscidlərin sayı 100-dən az idisə, son 20 ildə onların sayı 70 dəfə artıb. Rusiya Müftilər Şurasının məlumatına görə, Moskvada 2 milyon, Moskva vilayətində 650 min, Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində 750 min, ümumilikdə, Rusiya ərazisində isə 20 milyon müsəlman yaşayır. Rusiya müsəlmanları arasında Volqaboyu (Tatarıstan, Başqırdıstan) və Şimali Qafqaz subyektləri ilə (Çeçenistan, Dağıstan, İnquşetiya) yanaşı, azərbaycanlılar da var. Türklər və Orta Asiya xalqlarının nümayəndələri də çoxluq təşkil edir.
Rusiyanın ən böyük məscidi 2008-ci il oktyabrın 17-də istifadəyə verilən “Çeçenistan ürəyi” məscididir. Çeçensitanın mərkəzi Qroznıda yerləşən məscid 14 hektar ərzini əhatə edən nəhəng dini kompleksdir. Türkiyəli mütəxəssislərin köməyi ilə tikilən məsciddə eyni zamanda 10 min nəfər nazam qıla bilər.
Almaniya – 2350 məscid

Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Bu ölkədə İslam ardıcılarının sayı 4,1 milyon nəfər, yaxud ölkə əhalisinin 4 faizidir. Almaniya İslam Konfransı Təşkilatının məlumatına görə, ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.
Almaniyadakı ən böyük məscid 2008-ci ildə Duysburq şəhərində istifadəyə verilib. Eyni vaxtda 1200 nəfərin namaz qıla biləcəyi məscidin minarəsi 23 metr hündürlüyündə olacaq. Belə ki, yaxınlarda Köln şəhərində daha böyük məscidin istifadəyə verilməsi gözlənilir.
Fransa – 2204 məscid

Fransa İslam Şurasının sədri və Paris məscidinin imamı Dəlil Bukaber Fransada 2200-dən artıq fəaliyyətdə olan məscidin olduğunu deyib. Onun sözlərinə görə, 5,5 milyon müsəlmanın yaşadığı Fransa İslam ardıcıllarının sayına görə Avropanın birinci dövlətidir. Ölkə əhalisinin 7,5 faizi dini görüşlərinə görə müsəlmandır. Fransa müsəlmanlarının əsas hissəsini Şimali Afrika – Əlcəzair, Tunis, Mərakeş və Mali sakinləri təşkil edir.
Fransada ən böyük məscid 2012-ci il sentyabrın 28-də Strasburq şəhərində açılıb. Şəhərin 10 faizini təşkil edən 50 minlik müsəlman icması üçün 2700 nəfərlik namaz zalı olan məscid inşa olunub.
ABŞ – 2106 məscid

Amerika Birləşmiş Ştatlarında müsəlmanların sayının 7 milyondan çox olduğu məlumdur. Əsasən Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindən olan müsəlmanlara 2106 məscid xidmət göstərir. Lakin bu məscidlərin sayı sürətlə artmaqdadır. Ən çox məscid sayı Nyu-York (257), Kaliforniya (246) və Texas ştatlarında (166) müşahidə olunub. Amerika müsəlmanlarının 2,6 milyon nəfəri gündəlik məscidi ziyarət edir.
Amerikada ən böyük məscid 2005-ci ildə Miçiqan ştatının Dirborn şəhərində inşa edilən Amerika İslam mərkəzidir. Mərkəzin 2 minarəsinin hündürlüyü 45 metrə çatır.
Böyük Britaniya – 1516 məscid

Böyük Britaniya müsəlmanların ən çox yaşadığı 3-cü Avropa ölkəsidir. Müsəlmanlar sayı 2,7 milyon nəfər, yaxud ölkə əhalisinin 4,8 faizdir. Xristianlardan sonra ən çoxsaylı ikinci din olan İslam 1516 məscidə malikdir. 1996-cı ildə yaradılan Britaniya Müsəlmanları Şurası icmadaxili məsələləri və ölkədəki məscidlərin idarə olunması prosesini təşkil edir.
Böyük Britaniyada ən böyük məscid 2003-cü ildə inşa olunmuş Beytül-Fütuh məscididir. Əhəmədiyyə təriqətinin nümayəndələri tərəfindən inşa olunan məscid Qərbi Avropada ən böyük İslam mərkəzidir. 21 min kvadrat metr ərazini əhatə edən dini mərkəzdə eyni vaxtda 10 min nəfər namaz qıla bilər. “Beytül-Fütuh”un minarələri müvafiq olaraq 35 və 25,5 metr hündürlüyündədir.
Kanada – 986 məscid

32 milyonluq Kanadada rəsmi məlumatlara görə, 1,053 milyon müsəlman var. Bu, ölkə əhalisinin 3,2 faizi deməkdir. Təkcə 2,5 milyon sakini olan Toronto şəhərində 200-dən artıq məscid fəaliyyət göstərir. Ölkədəki 1 milyonluq müsəlman icmasının tərkibində Livan, Bosniya, Somali, İraq və Banqladeşdən köçən sakinlər çoxluq təşkil edir.
“Baytun nur” (Nur evi) məscidi Kanadada sahəsinə və ziyarətçilərinin sayına görə ən böyük məsciddir. Alberta vilayətinin Kalqari şəhərində yerləşən məscid 43 min kvadrat metr sahədə yerləşib. Onun yeganə minarəsi 30 metr hündürlüyündədir. “Baytun nur” Əhəmədiyyə təriqətinin ardıcılları üçün inşa olunub.
Vüqar İsmayılov
Modern.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10