Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bələdiyyə sədri maşınımı yandırtdı, polis araşdırmır”


Bələdiyyə sədri: "Vətəndaşın dedikləri şər-böhtandan başqa bir şey deyil”

"Kəndimizin bələdiyyə sədri maşınıma od vurub yandırtdırdı. İş doğru-dürüst araşdırılmır. Tək gəlir yerim həmin maşın idi. İndi o da yoxdur. Borclarım yığılıb, ödəyə bilmirəm. Acınacaqlı durumdayam”.

Ucar rayonunun Alpout kəndinin sakini Əşrəf Rəhimov belə deyir. 

O, maşınının 4 ay öncə, həyətlərində od vurularaq yandırıldığını söyləyir. Bildirir ki, iş ədalətli, hərtərəfli araşdırılmır: "Pensiya, sosial yardım almıram. Heç yerdən bir qəpik gəlirim yoxdur. Dolanışığım o maşından çıxırdı. İndi qalmışam pis vəziyyətdə. Hazırda birgə yaşadığım qadın ikinci həyat yoldaşımdır. Birincidən ayrılmışam, qızım var. Aliment ödəməliyəm. Aylardır verə bilmirəm. Maşın yanıb, işləmirəm, 12 min borcum yaranıb. Keçən dəfə məhkəmə icraçıları məni çağırıblar ki, səni həbs edəcəyik, alimenti ödəmirsən. Mən nə ilə ödəyim? Bunu anlayan yoxdur”.

"Varım-yoxum maşınım idi”

Əşrəf Rəhimov ürək xəstəsi olduğunu söyləyir. Deyir, həkimi ona 3 kilodan artıq yük qaldımağı yasaqlayıb. İş qüvvəsi yoxdur. Tək bacardığı da sürücülük imiş. İndi o da əlindən çıxıb:

"Varım-yoxum maşınım idi. Ucar-Bakı sərnişin aparıb-gətirir, ailəmi dolandırır, alimenti vaxtında ödəyirdim. Ta ki bələdiyyə sədri Maarif İsmayılov mənim maşınımı yandırtdıranacan”.

"Bələdiyyə etdiyim çoxsaylı şikayətlərimə baxmır”

Əşrəf Hüseynov bələdiyyə sədri ilə bəzi problemlərinin olduğunu söyləyir. Deyir, bir neçə dəfə şikayət edib, baxmayıblar. O da məcburən Ucar Rayon İcra Hakimiyyətinə müraciət edib. Bu şikayət də nəticə verməyəndə şikayətlərini Prezident Administrasiyasına və Birinci vitse-prezident Mehriban Əliyevaya edib. Yazdığı məktublar araşdırılması üçün yenidən bölgəyə göndərilib:

"Bildilər ki, onlardan şikayət etmişəm. Həmin gündən mənimlə düşmən oldular. Onları bura vətəndaşların problemini həll etmək üçün qoyublar, etmirlər. Vətəndaş da məcbur olub, yuxarılara yazır. Sonra da düşmən olurlar. Qonşu həyətindən keçən suyumu kəsib, şikayət etmişəm, baxmayıb. Sonra başqa birinə bağımın aşağısındakı ərazini satıblar. O da həmin ərazini içi yolum qarışıq çəpərlədib. Yenə müraciət etmişəm, baxılmayıb. Sonra qışda həyətimi qurunt suları basdı. Bütün qışı zülm çəkdik. Yenə müraciət etdim, kömək etmədilər. Əksinə, məni hədələdi ki, yaman çox yazır, şikayət edirsən ha. Mən də bunun hədəsindən icra başçısına yazdım, qəbulunda oldum. Bundan sonra bir az da düşmən kəsildi. İcra da işə yaramayanda Bakıya yazdım”.

Əşrəf Rəhimov
Mənbə: Foto: Meydan tv

"Toyuq oğurlananda bölmənin yarısı tökülüb gəlir, mənim işim niyə araşdırılmır?”

Əşrəf Hüseynov deyir ki, elə Bakıya məktub yazandan bir müddət sonra maşını gecə ilə həyətində yanıb. Ekspertiza nəticələri isə deyir ki, kənardan gələn neft məhsulu ilə yandırılıb:

"Mənim maşınım dizellə işləyir. Neftlə yanıbsa, deməli, kənardan gətirilib. Polisə şikayət etmişəm, normal araşdırmırlar. Məsələn, həmin gün həyətimə girmək üçün nərdivandan istifadə olunub. Bugünədək həmin nərdivandan əl izi nümunəsi götürülməyib. Nə də maşının üstündən. Bir toyuq oğurlananda bölmənin yarısı tökülüb gəlir. Bu boyda iş törədilib, baxılmır”.

"Kim nə istəyir, edir, kəndin yiyəsi yoxdur”

Əşrəf Hüseynov deyir ki, Maarif İsmayılov az qala 15 ildən çoxdur ki, kənd bələdiyyəsinin sədridir. Bu 15 ildə bircə dəfə də onun problemini həll etməyib. Deyir, anlamır, onu hökumət kəndə niyə qoyub? Faktiki vətəndaşların şikayətlərinə baxmır:

"Kənd yeridir, gündəlik yaşayışda onlarla problem çıxır. Bələdiyyə nə üçündür? Bu problemləri dinləmək üçün deyilmi? Məsələn, əkin üçün icarəyə torpaq götürmüşdüm. Keçən il məndən heç nə soruşmamış həmin torpağa pambıq əkdirdilər. Mən anlayıram, dövlət siyasətidir, tapşırılıb və s. Bunu hansısa vətəndaşın hüquqlarını pozaraq etməyi tapşırmayıblar axı. Bir günün içində həyətimə gələn maşın yolunu ləğv etdilər. Kim nə istəyir, edir, kəndin yiyəsi yoxdur”.

"Başıma bu oyunu açan insanların cəzalandırılmasına göstəriş versinlər”

Əşrəf Hüseynovun maşını bu il iyulun 11-də yanıb. Deyir, gecəyarı səsə oyanıblar. Maşının həyətin ortasında yandığını görüblər:

"Güc-bəla ilə su daşıyıb, töküb, söndürdük. Bir az da gec qalxsaydıq, yanğın benzin bakına çatsaydı, partayacaqdı və bu zaman evim, tövləm, heyvanlarım da məhv olacaqdı. Bu, cinayət deyil, nədir? Buradan üzümü tuturam Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya. Onlardan xahiş edirəm, mənim başıma bu oyunu gətirən insanların cəzalandırılmasına göstəriş versinlər. Biz də bilək ki, pislik edən kimdir. Kimdirsə, tutulsun, rahatlayaq”.

"Problem o insanın özündədir”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Alpout kəndinin bələdiyyə sədri Maarif İsmayılovla əlaqə saxlayıb. Bələdiyyə sədri bildirib ki, əgər vətəndaşın ondan şübhəsi varsa, bu zaman hüquq-mühafizə orqanlarına müraciət etsin. Əgər günahkardırsa, cəzasını çəkməyə razıdır:

"Dolanışığım o maşından çıxırdı"
Mənbə: Foto: Meydan tv

"O adamın heç kimlə münasibəti yoxdur. Ona görə dəfələrlə qonşuları ilə danışıb, xahişlər etmişəm. Bir neçə gün sonra münasibəti korlayıb, yenə problem yaradıb. Deməyim odur ki, rəftarsız insandır”.

"Dövlət məni bura vətəndaşların problemlərini həll etmək üçün qoyub”

Əşrəf Hüseynovun maşınının yanmasına gəlincə, Maarif İsmayılov deyir ki, maşın onsuz da nasaz olub:

"Deyilənə görə yanğından bir neçə gün öncə satmağa aparıb, orada da az qalıb yansın. Sata bilməyib, nəticədə, bir neçə gün sonra yanıb. Burada kimin nə günahı? Mənim yeznəmin də maşını həyətlərində yanmışdı, nasaz idi. İndi buna görə durub günahkar axtaraq? Özü də məni dövlət bura insanların problemlərini həll etmək üçün qoyub, onlarla düşmənçilik aparmaq üçün yox. Dediklərinin hamısı şər-böhtandan başqa bir şey deyil”.

Ucar Rayon Polis Şöbəsindən isə bildiriblər ki, vətəndaşın şikayəti əsasında iş araşdırılır. Daha ətraflı bilgi üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edək.

DİN-in mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan.tv





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10