Adətən göydə görməyə vərdiş etdiyimiz ulduzlarla, artıq yerdə də rastlaşırıq. Özüdə yerdəki ulduzlar parlamaqda göydəkilərdən heç də geri qalmırlar. Düz anlamısız! Söhbət göydəki ulduzların yerdəki rəqiblərindən – yəni özünü səhnədə “ulduz” hesab edən müğənnilərdən gedir.
Yerdəki ulduzların şəxsi həyatları qədər, onların toylarda, şou-proqramlarda, yaxud digər məclislərdə iştirakı üçün aldıqları qonorarlar da böyükdən-kiçiyə hər kəsə maraqlıdır.
Nəzərə alaq ki, qarşıdan yeni il bayramı gəlir. Bu isə müğənnilər üçün yeni mövsümün başlanğıcı hesab olunur desək, yanılmarıq. Çünki yeni il yeni-yeni toylar, şou-proqramlar, bayram məclisləri deməkdir.
Bəs görəsən, adı dillər əzbəri olan, hər kəs tərəfindən sevilən müğənnilər müxtəlif şirkətlər tərəfindən təşkil olunan “yeni il” şənliyinə dəvət alarkən nə qədər qonorar tələb edirlər.
informasiya portalı olaraq, bu sualın ictimaiyyət üçün marağını nəzərə alıb, bir neçə tanınmışla əlaqə saxladıq.
İlk zəng etdiyimiz müğənni Xatun Əliyeva oldu. Özünü müğənninin meneceri kimi təqdim edən Ramil adlı şəxs bildirdi ki, Xatun Əliyeva Bakıda keçirilən bu tip məclislərə yarım saata 2500 AZN qonorar alır. Əgər məclis digər şəhərlərdə, məsələn Sumqayıtda keçirilirsə, o zaman bu məbləğ 3000 manata qədər yüksəlir. “Bəs məclisi sona qədər idarə edərsə, o zaman qiymətlər necə olacaq?” sualına isə, müğənninin meneceri belə cavab verib: “Xatun xanım öz ansambılı ilə əvvəldən-axıra kimi məclis idarə edəcəksə, o zaman 8500 azn, tək gələcəksə 6000 azn qonorar alacaq”.
Növbəti tanınmış müğənni Zahidə Günəş isə telefon danışığı zamanı öz mehribanlığı ilə diqqətimizi çəkdi. Müğənni bildirdi ki, digər tanınmış həmkarlarından öz ifası və perfomansı ilə geri qalmasa da, insanların maddi imkanlarını nəzərə alır. Odur ki, Zahidə Günəş kollektivin yeni il şənliyində yarım saat iştirakı üçün 500 AZN qonorar istəyib. Lakin bildirdi ki, toy və digər şou-proqramlarda yarım saatı 1500 AZN-ə iştirak edir. Müğənni yeni il ərəfəsində işlərinin çox olduğunu əsas gətirərək, bayram şənliklərində əvvəldən-axıra kimi iştirak edə bilməyəcəyini vurğuladı.
Sənətindən daha çox, qalmaqallı açıqlamaları ilə gündəmə gələn və bu səbəbdən də kifayət qədər tanınan müğənni Əli Mirəliyev isə böyük həvəslə bütün şənliklərdə 500 AZN-ə əvvəldən-axıra kimi iştirak edə biləcəyini deyib.
Tanınmış müğənni Samir Piriyev isə yeni il ərəfəsində şou-proqramların çox olduğunu vurğulayıb. Lakin bildirdi ki, yeni il şənliyi onun toy, yaxud şou-proqram olmayan gününə təsadüf edərsə, o zaman bayram şənliyində iştirak edə bilər. Müğənni yarım saat üçün 2500-3000 azn, əvvəldən-axıra kimi ansambılla birlikdə isə, 10 min manat qonorar tələb edir.