Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dini Komitədən İŞİD-ə qoşulanların arvadları ilə bağlı - Sensasion açıqlama



Siyavuş Heydərov: “Ölkəmizdən  gedən qadınlar ərləri öldükdən sonra digər ölkələrin vətəndaşlarından uşaq dünyaya gətiriblər”; bir sıra dövlətlər artıq İraqdakı uşaqların qaytarılmasına nail olub, bəs Azərbaycan?

Rəsmi rəqəmlərə görə, indiyə qədər Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı haqda  müxtəlif iddialar var. İŞİD kimi tanınan və lideri bir neçə gün əvvəl öldürülən  terror qruplaşmasına indiyə qədər müxtəlif müsəlman ölkələrindən olmaqla xeyli sayda döyüşçü  qatılıb.

2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti  Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıqolduğunu təsdiq edib. Bildirilib ki, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

“Son iki il ərzində Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb. Əksinə, həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyini görürük. 2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanların 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib. Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var. Amma digərləri müxtəlif ölkələrdə gizlənirlər”.

cenub.az "Report”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Din və insan hüquqları” mövzusunda konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədr müavini Səyavuş Heydərov deyib.

Komitə sədrinin müavini bildirib ki, bəzi qadınlar və uşaqlar İraq və Suriyadakı düşərgələrdə saxlanlırlar: “Onların ölkəyə gətirilməsi üçün də işlər görülür. Valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda da himayəsiz uşaqların müyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir. Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir.

Burada belə bir mürəkkəb məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən qadınlar ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir.Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır”.

“Yeni Müsavat” bildirir ki, Suriyada ekstremist yaraqlıların dul qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır. “Amerikanın Səsi”nin Suriyanın Əl-Hol düşərgəsinə baş çəkən müxbiri bu yaxınlarda  oradakı qadınların vəziyyəti ilə bağlı geniş material yaymışdı.  O, düşərgədə qeyri-insani durumun, çirkablıq və anti-sanitariyanın hökm sürdüyünü deyib. Müxbir qadınların, xüsusilə Avropa ölkələrindən gələn qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib. Adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib. Həyat yoldaşının Kobanidə öldürülməsindən sonra bu düşərgəyə sığınan Ayişə düşərgədə yaşanan çətinliklər haqda da danışıb. Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının onu qəbul etmək istəmədiyini bildirib. Müxbir 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü deyib. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Qeyd edək ki, bir sıra dövlətlər artıq İraqdakı vətəndaşlarının, xüsusən də uşaqların öz ölkəsinə gətirilməsinə nail olub, bu yöndə ciddi işlər aparmaqdadır. Məsələn, Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıb. Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan vətəndaşlarına qarşı çox sərt mövqe nümayiş etdirsə də bir müddət bundan əvvəl onun  təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var.

Xatırladaq ki, 2017-ci ildə millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olarkən burada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi. Hətta əvvəl 9 uşaq, daha sonra isə digər uşaqların ölkəyə gətirildiyi barədə açıqlama verildi. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi həmin uşaqların sayı barədə konkret rəqəm bildirməsə də, qeyd etmişdi ki, uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda digər nazirliklər və  komitələrlə birgə bu işi aparır. Amma hələ ki bu istiqamətdə ciddi addım yoxdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10