İşləriniz yaxşı gedirsə təhsil-elm büdcəsini iki qat, pis gedirsə dört qat artırın”
Tom Peters (Məşhur Amerika yazıçısı).
Elmin inkişafı üzrə
Müraciət
(İxtisarla)
6. Ölkədə elmin inkişafı vəziyyətini dəyərləndirmək üçün üç istiqamətdə müqayisə aparmaq istərdim.
6.1. Daxili müqayisə, biz müstəqillik qazandıqdan sonra hansı səviyyəyə çata bildik, Azərbaycan Respublikası Azərbaycan SSR-nin hansı mərhələsindədi? Məqsəd heç də istismara haqq qazandırmaq və Sovet üçün nastolqiya hiss oyatmaqdan ibarət deyil, əksinə, müstəqil müsəlman Azərbaycanın hər hansı bir müstəmləkə ölkəsi qədər də inkişaf gücünə malik olmamasını göstərməkdir ki, bunun da əsas səbəbi kimi ölkənin hər hansı müsəlman ölkəsi kimi elmdən uzaqlaşmasıdır..
Cədvəl 1. Elmi göstəricilərin dinamikası (1985-2018-ci illər)
N Göstəricilər 1985, Azərb. SSR 2018, Azərb.Respublikası
1 Elm xərcləri, ABŞ doll, mln 153,0 88,2
2 Adambaşına elm xərcləri, ABŞ dolları 23,2 8,8
Elm xərclərinin ÜDM-də payı, % 1,08 0,20
3 İxtira üçün ərizələrin sayı, ədəd 1312 184 (2015)
4 Elmi işçilərin sayı, nəfər 23182 23093
5 Əhalinin hər on min nəfərinə elmi işçilərin sayı, nəfər 35 23
Nəticə: müstəqillik dövründə ölkədə elmin inkişafı müstəmləkəçilik dövrünə nisbətən çox daha pis vəziyyətdə olmuşdu, yəni, müstəmləkəçilik dövründə də heç yaxşı olmamışdı, amma az da olsa dinamika var idi, elmdə ildən-ilə artım var idi. Yeni dövrdə isə elmin bütün göstəricilərində, inkişafında daimi geriləmə qeydə alınmış və geriləmə sürət daha yüksək olmuşdur.
Əhalinin hər 10 min nəfərinə elm sahəsində çalışanların sayı 35-dən 23-ə enmişdir, bu rəqəm hazırda elm-texnalogiya ölkələrində Azərbaycandan dəfələrlə çoxdur
(İsraildə - 90 nəfər,
Sinqapurda 76, İsveçrədə - 88 nəfər).
ixtira üçün patentlərin sayı 1985-ci illə müqayisədə 7 dəfə azalmışdır,
amma baxın kiçicik
Sinqapurda İxtira patentlərinin sayı Azərbaycandan 60 dəfə çoxdur- 11000 ədəd, İsraildə isə - 38 dəfə çoxdur və 7000 ədəd təşkil etmişdir.
Elm olmayan yerdə isə sənaye ola bilməz. Hazırda qlobql dünya 4-cü sənaye inqilabı ərəfəsinə daxil olmuşdur.
6.2. Dünya ölkələrinə nisbətən müstəqillik illərində elm sahəsində nəyə nail olmuşuq? Elm xərclərinin səviyyəsi indeksləri üzrə hansı yerləri tuturuq?
200 ölkə üzrə elmin inkişafı indekslərinə görə müsəlman ölkələrinin ilk yeri 35-cı yerdən sonra başlayır, əksəriyyət göstəricilər üzrə islam ölkələri içərisində Türkiyə, Malaziya, Ərəb Əmirlikləri gəlir. İnnovasiya indeksi üzrə Azərbaycanın yeri təhlil olunan 127 ölkə içərisində 100 ballıq şkala ilə 30,6 balla 82-cidi, son beş ildə 71-ci yerdən bu səviyyəyə düşmüşdü və getdikcə də pisləşməyə doğru irəliləyir. Maraqlı bir qanunauyğunluq: innovasiya indeksi və bütövlükdə elmin inkişafı ilə ölkələrin inkişafı səviyyəsində düz mütənasib asılılıq var. Ən yüksək innovasiya indeksinə sahib ölkə dünyanın ən inkişaf etmiş ölkəsidi, ən aşağı indeks isə ən geridə qalmış ölkəyə məxsusdur. Deməli, elmsiz inkişaf yoxdur, elmin zəifləməsi ölkənin hər tərəfli zəifləməsi deməkdir. İnnovasiya indeksinin aşağı olması maliyyələşmənin də aşağı səvviyədə olması deməkdir. Elm xərclərinin ümumi daxili məhsulda (ÜDM) payına görə də indeks göstəriciləri də eyni meyli təsdiqləyir. Bu indeksə görə dünyada ilk yeri dünya elminin banisi kimi dəyərləndirilən İsrail tutur – 5%.-ə yaxın. İnkişaf etmiş ölkələrin hamısında bu göstərici yüksəkdir, islam ölkələrində və digər geridə qalmış ölkələrdə isə çox aşağıdır. Azərbaycan bu göstərici üzrə 0,2%-lə 91 ölkə içərisində 66-cı yeri tutur. Maliyyələləşmə olmayan şəraitdə isə elmdən və inkişafdan danışmaq sadəlövhlük olardı.
6.3. Nail olduğumuz elmi araşdırmalar iqtisadiyyatımıza nə verir, başqa ölkələrlə müqayisədə nə verə bilər? Təbii ki, bu müqayisədə əvvəlki iki müqayisə kimi eyni nəticəyə gəlməyə məcbur edir. Elmə investisiya qoyulmursa, islahatlar aparılmırsa nə məhsulu ola bilər? Müqayisə: 1985-ci ildə Azərbaycan SSR-də yeni texnikanın tətbiqindən respublika tabeçiliyində olan müəssisələr üzrə 130 milyon dollar, ittifaq müəssisələrində isə bundan iki qat çox iqtisadi səmərə alınmışdır. Hazırda illik çəkilən 88 milyondollar xərc isə sıfır səmərəliliklə məsrəf olunmuşdur, elmi məhsullarımız 3-5 cüt sayğaclarla məhdudlaşdırılmışdır. Bu müqayisə belə nəticəyə gəlməyə tam əsas verir ki, əgər elmə tutaq ki, 2 milyard dollar xərc çəksək, ən azı 3 milyard dollar səmərə ala bilərik. Halbu ki, dünya şöhrətli alimlər təcrübəyə əsasən hesablamışdırlar ki, elm bütün sahələrdən, hətta, neft-qaz, narkotik və ya silah istehsalından daha çox səmərə verir: elmə çəkilən hər dollar məsrəf cari dövrdə minimum 4 dollar səmərə verir, uzaq perspektiv üçün isə səmərə dəfələrlə çox olacaqdır. Bill Qeytsin humanitar məqsədlə elmi investisiyaları bir dollara 100-1000 dollar arası səmərə verir. Hazırda ölkədə elmi və elm tutumlu məhsulların istehsalı da nəzərə çarpmayacaq qədər azdır. Sənayenin inkişafı səviyyəsi bir əsr əvvəlin səviyyəsinə enmişdir.Qlobal dünya 4-cü sənaye inqilabını qarşılayır. Biz 20-ci əsrin əvvəllərinə təsadüf edən 2-ci sənaye inqilabının tələbləri səviyyəsində qura bilirik. Bir dənə olsa belə elm sənayesinə uyğun müəssisəmiz yoxdur. Əgər 1913-cü ildə əhalinin hər 1000 nəfərinə 120 sənaye işçi yeri var idisə, bu gün həmin rəqəm cəmi 19 nəfərdi. Hətta əsas biznes sahəsi olan neft sənayesi normal qurulmamışdır. Neftin vətəni olan Azərbaycan hələ 95 benzin, evro 4 və ya evro-5 dizel istehsal edə bilmir, neftin dərin emalı isə yox dərəcəsindədi. SOCAR kimi nəhəng şirkətin elm xərcləri illik 2 milyon dollara çatmır, halbu ki, başqa ölkələrin analoji şirkətlərində bu rəqəm milyardlarla ölçülür. Təcrübələrini Azərbaycana tətbiq edə biləcəyimiz elmin inkişafı indeksləri üzrə dünya birinciləri olan Sinqapuru misal gətirək: Sinqapur çox kiçik, hətta cırtdan dövlətlər sırasında gedir, ərazisi 125 dəfə Azərbaycandan, 30% Bakının Qaradağ rayonunun ərazisindən kiçikdir, əhalisi 5.6 milyon nəfərdi, heç bir resursu, hətta içməli suyu yoxdur. Elm hesabına dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilmişdir, tək Azərbaycan deyil, Rusiya ilə Azərbaycanın cəmi toplam ixracatından da çox məhsul ixrac edir. İldə yalnız 70 milyard dollarlıq inteqral sxem, 200 milyarda yaxın soft proqramlar, hard İT məhsullar, yüksək texnalogiya ixrac edir.Vaxtilə Malaziyadan müstəqillik qazananda iqtisadi və hərbi güc fərqləri Azərbaycanla Rusiya arasında olan fərq kimi idi. İndi müstəmləkə Sinqapur yenə də elm hesabına müstəmləkəçi Malaziyadan xeyli çox iqtisadi və hərbi gücə malikdir. İsrail, Honkong, Cənubi Koreya, Tayvan, Hollandiya, Almaniya, ABŞ və s. elm cəhətdən yüksək inkişaf etmiş ölkələrlə müqayisədə demək olar ki, eyni nəticələri alırıq. Dünya ölkələrinin əksəriyyəti elmi inkişafı eyni təcrübə, eyni metod və eyni islahatlarla almışdılar.
7. Əlbəttə, yəqin ki, dərk edə bilmək qabiliyyətinə malik olan hər birimiz başa düşürük ki, belə davam edə bilməz, 1920-ci ilin acı təcrübəsini təkrar etməmək üçün ölkədə qüdrətli iqtisadiyyat qurulmalmasına ehtiyac var, buna isə elmin inkişafında radikal və inqilabi islahatlar aparmadan nail olmaq mümkün deyil. Radikal və inqilabi islahatlar isə birinci növbədə maliyyələşmənin radikal olaraq artırılmasından və maliyyə vəsaitlərinin səmərəli metodlarla istifadəsindən ibarət olmalıdı. Bu günkü maliyyələşmə həcmi və onun istifadə metodları yalnız sosial yardımlaşma xarakteri daşıyır, elm adamlarının acından ölməməsi və elm təşkilatlarının tamamilə çökməməsi üçün verilən vəsait müavinət kimi və müavinət metodu ilə verilən vəsait rolunu oynayır. Bunun nəticəsidir ki, elm məsrəflərinin iqtisadi səmərəliliyi sıfır səviyyəsindədir, ölkədən güclü beyin axını var, elm adamlarında ciddi qocalma gedir, maddi texniki baza 40-50 il əvvəlin səviyyəsinə enmişdi. Taleyinə biganə, yalnız gündəlik tələbatını ödəməyə məhkum olan “istehlakçı” bir cəmiyyət qurulmuşdu, halbu ki, belə bir durumla suverenliyə belə qarant yaratmaq mümkün deyil. Prezidentin qarşıya qoyduğu inkişaf etmiş cəmiyyəti qurmaq üçün yaradıcı cəmiyyət yaratmaq tələb olunur. Elm və yığım fondunun ümumi məhsulda payı inkişaf etmiş əksər ölkələr kimi ən azı ÜDM-nin 40% qalxmalıdır ki, ölkənin yüksək inkişafı təmin edilsin (hazırda 18-20%). 2020-ci ilin büdcəsi layihəsində bir sıra ciddi tədbirlər nəzərdə tutulur. Təhsil xərclərinin payının Ümumi daxili məhsulun 2,6 faizindən 4%-ə qaldırılması, elm xərclərinin xeyli artırılması nəzərdə tutulur. Amma müasir şəraitdə bütün xalqların, o cümlədən inkişaf etmiş ölkələrin elm və təhsil xərclərini yüksək surətlə artırmasını nəzərə alsaq görərik ki, biz bu artımla da hətta mövcud mövqeyimizi qoruyub saxlaya bilməyəvəyik. Elmi-texnoloji inkişaf, Prezidentin qarşıya qoyduğu ali məqsəd daha sürətli qaçmağı tələb edir ki, buna da yalnız elmlə nail oluna bilər. Dünya sürətlə inkişaf edir, yaxın zamanlarda üstümüzə canlı qüvvə ilə deyil, robot əsgərlərlə, müasir qırğın kütləvi qırğın silahları ilə çıxacaq. Müasir elm industriyası tamam fərqlidir, ən sadə maşınlar belə proqram təminatı ilə işləyir, proqramı kodlaşdıran yaradıcı isə istənilən vaxt uzaqdan idarə edə bilir. Başqalarından aldığımız proqramlar, maşınlar, silahlar bizi daimi asılı vəziyyətdə saxlayacaq. Güclü proqramlaşma industriyamız olmasa müstəqilliyi itirmək təhlükəsi qarşısında qalacağıq.
Bu vəziyyətdən çıxmaq üçün:
7.1. Birinci növbədə, maliyyələşməni böyük sürətlə artırmaq lazımdı. Bu zaman çəkinmək olmaz, çünki, elmə çəkilən hər manat minimum 2 manat, maksimum qat-qat artıq səmərə verəcəkdir. Yəni, bu il elmə iki milyard vəsait yatırsaq, ən azı 4 milyard manat səmərə götürə biləcəyik. 2020 -ci il büdcəsi müzakirəyə çıxarılmışdı, mənim təqdim etdiyim iqtisadi islahatlar proqramının tərkib hissəsi olan bu təkliflərin də indi təqdim olunmasının səbəbi budur. Elmə artırılacaq vəsaitlərin həcmi müəyyənləşdirilməli və gələn ilin büdcəsində təsdiq olunmalıdı. Həm də ayrıca elm islahatları haqqında qanun hazırlanıb parlamentdə təsdiq olunmalıdır. Qanuna bir qədər sonra qayıdacağıq. Bəs maliyyə vəsaitlərinin artım həcmi nə qədər olmalıdı? Dünya ölkələrinin təcrübəsinin tətbiqi zamanı bütün sahələrin islahatları zamanı həmin sahələr üzrə birinci yerləri tutan ölkələrin təcrübəsi götürülmüşdür. Bu sahədə (yəni elm xərclərinin ÜDM-da payı) İsrail birinci yerdə durur, ÜDM-un 5,0%-i elmin inkişafına yönəldir, İsrail kimi kiçicik bir dövlət Rusiya kimi nəhəng dövlətdən elmə 1 milyard dollar çox, 8 milyonluq İsrail 80 milyonluq Türkiyədən isə üç dəfə çox vəsait xərcləyir. Mənim üstünlük verdiyim rəqəm ölkənin zəruri elmi ehtiyacları və İsrailin təcrübəsi əsasında hesablanmış, yəni, ÜDM-un 5,0%-i həcmində olmaqla təqribən 3,3 milyard manat həcmindədir. Əgər bu rəqəmi 1985-ci il Azərbaycan SSR-in səviyyəsində müəyyən etmək istəsək bu rəqəm 505 milyon manat, İsveçrə kimi hesablasaq 2,1 milyard manat olmalı idi.
7.2. Pulu ayırmaq hələ işin əsası deyil. Azərbaycan Respublikasının təcrübəsində çox belə hallar olmuşdur: milyardlarla pul vəsaiti ayırılmış və ondan heç bir səmərə alınmamışdı, əksinə bütün pullar yoxa çıxmışdı. ABB-dən yoxa çıxan 15 milyard haqqında hamının xəbəri var. Bu vəsaitlər elmin inkişafına yönəldilə bilsəydi, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qalxa bilərdi. 2018-ci ilin büdcəsi ilə bərabər Elmin inkişafı qanunun qəbul olunması vacibdir. Bu qanunla elmin inkişafının radikal islahatlar paketi təqdim olunmalı və yeni ildən tətbiqə başlamalıdır. Qanunla əhatə olunan islahatların əsas müddəaları:
7.2.1. Prezidentin birbaşa nəzarətində Elm və texnologiyalar Şurasının və ölkənin Baş aliminin ofisinin yaradılması. Şuranın əsas üzvlərinin reyting cədvəli üzrə top 100 dəxil üniversitetlərdən dəvət olunması, baş alimin ofisinin ölkədə ciddi nüfuza malik alimlərdən formalaşması.
7.2.2. Elmin təşkili və maliyyələşməsi prinsiplərinin müəyyən olunması zamanı qabaqcıl xarici ölkə təcrübəsi kimi İsrail, Sinqapur, Cənubi Koreya, ABŞ, AB kimi ölkələrin təcrübəsinə üstünlük verilməsi məqsədəuyğundur. Elmə ayırılan vəsaitlərin istifadəsində hazırda ənənəvi sosial maliyyələşməyə ayırılan vəsaitin çöx cüzi artımla (15-20%) saxlanılması və yerdə qalan vəsaitlərin yalnız qrant, sərbəst maliyyələşmə prinsipi ilə yeni elmi kollektivlərin, elmi inqubatorların, startap, texnaloji istilikxanalar müəssisələrinin yaradılması əsasında (şəffaf tenderlə) ən vacib elmi araşdırmalara yönəldilməsi. Elmi kollektivlərin və digər elmi müəssələrin rəhbər heyyətinin üç nəfərdən ibarət olunması, bunlardan ikisinin yalnız yüksək reytinqli xarici ölkə alimlərindən və birinin yüksək ixtisaslı ölkə alimlərindən formalaşdırılması nəzərdə tutulsun.
7.2.3. Xaricdən dəvət olunan alimlərin yalnız top 100-ə daxil universitetlərdən, soft və hard transnasional şirkətlərdən, digər elmi-texnoloji müəssisələrdən qəbul olunmasına icazə verilə bilər (belə şirkətlər arasında müsəlman şirkəti yoxdur).Yeni kollektivlərin formalaşması zamanı xaricdən dəvət olunan alimlərə üstünlük verilməsi ilə yanaşı yerli alimlərin seçilməsində xüsusi metodika müəyyən olunmalı, bu proses ciddi ictimai nəzarət altında və tam şəffaflıq şəraitində aparılmalıdır.Birinci növbədə yerli alimlərin dünyanın top (100) elmi-texnoloji müəssisə və təşkilatlarında təcrübə keçməsi və beynəlxalq ünsiyyət dilinin məcburi qaydada öyrədilməsi təmin edilməlidi.
7.2.4.Əlavə müəyyən olunmuş vəsaitlərin istifadəsi ölkədə yaradılacaq Elm və texnologiya fondu (məsələn İsraildə fəaliyyət göstərən “Yozma” fondu kimi), həmçinin onun üzərindən özəl sektorla birgə yaradılacaq vençur fondları, hətta ciddi nəticə əldə edən alimlər üçün xüsusi elm fondları vasitəsilə tender əsasında şəffaf olaraq həyata keçirilməlidir.
7.2.5.Elmi istiqamətlər və mövzular, startap müəssisələrin istiqamətləri əsasən dövlət tərəfindən müəyyən edilmiş və körkəmli alimlərin, elmi institutların, universitetlərin əsaslandırılmış təkliflərinə görə müəyyən olunur və maliyyələşdirilir. İlk mərhələdə büdcə hesabına maliyyələşdirilən istiqamətlərə tədriclə özəl daxili və xarici investisiyalar cəlb olunaraq maliyyələşmədə qeyri büdcə mənbələrinin payı artırılır. Ən çox tədqiqat istiqamətləri İT texnologiyaları, Soft industriyası və tədqiqatları, neyronet şəbəkələri, süni intelekt, koqnitiv, data sayəns, hərbi sənaye tədqiqatları, fəza texnologiyaları, gen mühəndisliyi, alternativ və nüvə energetikası, materilşunaslıq (xüsusilə neft qaz, bazaltdan kompozit materiallar alınması, neft qazın dərin emalı prosesi), tibb sahəsi, xüsusilə müalicəsi olmayan xəstəliklərin tədqiqi, insan orqanlarının süni yolla yetişdirilməsi, dərman bitkilərinin dərin tədqiqi, kənd təssərüfatı üzrə tədqiqatlar, özəlliklə, toxumçuluq, süni yetişdirmə, nəqliyyat, sürətli nəqliyyat vasitələrinin hazırlanması, elektrik nəqlinin təşkili, həmçinin politologiya, iqtisadiyyat və s. kimi sahələr olması məqsədəuyğundur.
7.2.6.Universitetlərin və böyük elmi-texnoloji təşkilatların nəzdində texniki tətbiq menecmenti ilə məşğul olan qurumların yaradılması vacibdir. Keçmiş SSRİ-nin və Azərbaycanın ən böyük problemi irəli sürülən çoxsaylı ideyaların, elmi nəticələrin tətbiqi olmuşdur. Əgər bir ideyanın üzə çıxmasından onun real məhsula çevrilməsi qərb ölkələrində 6-8 ay vaxt aparırsa, Azərbaycanda 10-12 il vaxt götürür, bu müddət ərəfəsində hər hansı ideya 3-4 dəfə mənəvi cəhətdən köhnəlir.
7.2.7.Elmin daha da gəncləşdirilməsi, ölkənin bütün elmi potensialından istifadənin təmin olunması üçün elmin məktəblərə yerləşdirilməsi zəruridir. Hər bir məktəbdə müxtəlif sahələrdə elmi laborotoriyaların yaradılması, şagirdləri geniş miqyasda elmə cəlb etmək zəruridir.İnkişaf etmiş ölkələrdə müasir kəşflərin xeyli hissəsi şagirdlərə məxsusdur. Əminəm ki, Azərbaycan gəncləri işin düzgün qurulduğu halda böyük uğurlar qazanacaq.
8.Əlbəttə, tezis formasında verilmiş bu təkliflərdə islahatların bütün hüquqi bazasını vermək mümükün deyil. Bu formada elmi inkişafın tamamilə yenidən qurulması üçün minlərlə səhifədən ibarət qanunvericilik bazası (qanun, fərman, sərəncam, qərar, təlimatlar, metdodik göstərişlər) hazırlanmalı və yeni büdcə ilinə qədər istifadəyə verilməlməsi, maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməlməsi vacibdir. Amma ölkənin taleyində tarix boyu ən mühüm rol oynaya biləcək, ölkəni böhrandan çıxara biləcək böyük tədbirdi, zənn edirəm, bütün ölkə rəhbərliyi, hökümət, müxalifət, cəmi xalq bu tədbirlərin həyata keçirilməsinə dəstək olacaq. Dünya tarixində elmlə başlayan hər hansı islahatların, tədbirlərin hələ ki, uğursuzluğa düçar olanı olmayıb. Elmdən kənar başlayan islahatlar içərisində (müasir şəraitdə) uğur qazananı olmayıb.Amma elm və texnalogiyaların inkişafına söykənən hər bir islahat tədbirləri hər yerdə böyük genişlənmə, inkişaf və bütün sahələrdə güclənmə ilə müşahidə olunmuşdur. Son iqtisadi möcüzələrin hamısı müstəsna olaraq yalnız elm hesabına əldə olunmuşdur (Yaponiya, Çin, Sinqapur, C.Koreya, İsrail, Hollandiya ...)
Dərin hörmətlə, i.e.d., professor Saleh Məmmədov
loading...
loading...