Astara rayonun İstisu ərazisində təməli 4 il əvvəl qoyulan kiçik su elektrik stansiyasının inşası hələ də başa çatmayıb.
2011-ci ilin aprelin 15-də həyata keçirilən təməlqoyma mərasimində ölkə prezidenti də iştirak etmişdi. Rəsmi məlumatlara görə, bu stansiya 1.7 meqavat gücündə olmalı, gün ərzində 2.5 kilovat-saat elektrik enerjisi istehsal etməlidir. Stansiya 3 min abonenti enerji ilə təmin etmək imkanına malik olacaq. Həmin mərasimdə obyektin az bir müddətdə istifadəyə veriləcəyi barədə məlumat da verilmişdi.
Lakin obyektin tikintisi başa çatmayıb. Prezidentin təməlqoyma mərasimdə iştirak etdiyi ərazidə müxtəlif borular olduğu kimi qalır. Hətta burda gözətçiyə də rast gəlmədik.
Çayın axarı ilə 2 kilometrlik məsafədən borular vasitəsilə stansiyaya yüksək təzyiqə malik su ötürülməlidir. Bu istiqamətdə, az da, olsa iş görülüb. İnşa ediləcək kiçik su elektrik stansiyasının yaxınlığından Azərbaycan-İran sərhədi keçir. Müəyyən ərazilərdə sərhəd çayın ortası hesab olunur. Bəzən yay aylarında suyun bölüşdürülməsi üstündə narazılıqlar da yaranır.
SƏBƏB MƏLUM DEYİL?
Adının çəkilməsini istəməyən bir məmurun dediyinə görə, stansiya bu ilin sonuna kimi istifadəyə verilməlidir. Lakin görülən işlər onu göstərir ki, gecikmə bir qədər də davam edə bilər: «Gecikmənin səbəbləri bizə məlum deyil».
Əli Axundov
Əli Axundov
Digər kiçik bir su elektrik stansiyası Lənkəran rayonunun dağ ərazisində, Ülü deyilən yerdə, Gəgirançayın üstündə inşa edilir. Tikintini İranın həyata keçirdiyi bildirilir. Orada da stansiyanın özülü götürülsə də, görüləsi işlər çoxdur. Hazırda stansiyanın tikintisi əvvəlki kimi sürətlə getmir.
GƏGİRANÇAYDA DA TİKİNTİ LƏNG GEDİR...
Gəgiran kənd sakini Əli Axundov deyir ki, burda yaxın kəndlərin bir neçə sakini tikintidə fəhlə işləyirdi:
«Hazırda tikintidə az sayda adam var, iş getmir».
Daha bir kiçik su elektrik stansiyasının isə inşasının Masallı rayonunda nəzərdə tutulduğunu deyirlər.
Vidadi Mirzəyev
Vidadi Mirzəyev
Astara rayonunda stansiyanın inşasını «Azərişıq» Səhmdar Cəmiyyətinə məxsus «Azinkom» tikinti təşkilatı aparır. Lənkəranda isə bu işi İran şirkətinin apardığı bildirilir. Həm «Azərişıq»ın saytında, həm də digər rəsmi sənədlərdə bu stansiyaların smetası ilə bağlı məlumatlara rast gəlmədik. «Azərişıq»ın saytında ötən illərdə 17 elektrik stansiyasının istismara verildiyi bildirilir. Azərbaycan «Alternativ enerji mənbələrindən istifadə olunması üzrə milli proqram» da qəbul edib.
«GÖRÜN, BU PULLARLA NƏ QƏDƏR ELEKTRİK STANSİYALARI İNŞA ETMƏK OLARDI»
İqtisadçı Vidadi Mirzəyev elektrik stansiyaların tikintisini müsbət qiymətləndirir. Lakin o hesab edir ki, bu obyektlərin tikintisində şəffaflıq yoxdur. O deyir ki, belə obyektlərin tikintisində vəsait çatışmazlığı söhbəti olmamalıdır:
«Avropa Oyunların keçirilməsinə heç bir xəsislik etmədən pul xərcləyirlər. Mən bu oyunların Azərbaycanda keçirilməsinin əleyhinə deyiləm. Lakin bu dövlətin və xalqın zərərinə olmamalıdır. Görün, bu pullarla nə qədər elektrik stansiyaları və digər istehsal sahələri inşa etmək olardı?».
Müstəcəb