Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı nümunəsi||--||



 Süleyman Mikayılovun rəhbərliyi zamanı intibah dövrünü yaşayan bu rayonda bir sıra gözqamaşdırıcı işlər görülsə də, hazırda Yardımlı köhnə axarına, yəni problemlər içində çabaladığı dövrə doğru geriləyir. Xüsusən son bələdiyyə seçkilərindəki rüsvayçı saxtakarlıq halları, azad söz demək istəyənlərin əzilməsi və sair bu rayonun rəhbəri Xəzər Aslanovun heç də nümunəvi və həsəd aparılası icra başçısı olmadığından xəbər verir. Bu yazıda demək istədiklərimiz isə başqa mətləbdir.

Belə ki, yardımlılar bir xeyriyyə cəmiyyəti, bu rayondan bəhs edən Yardımlının səsi müstəqil qəzeti və www.yardimli.net internet saytı yaradıblar. Elə sonuncudan başlamaq istəyirik. Cənub bölgəsində icra hakimiyyətlərinə məxsus internet saytlarının daş abidələr kimi aylarla, illərlə dəyişməz olduğunu nəzərə alsaq www.yardimli.net saytı özünə məxsusluğu ilə seçilir. Saytın tərtibatında kifayət qədər qüsur olsa da, insafla demək lazımdır ki, sayta Yardımlı ilə bağlı olduqca maraqlı məlumatlar toplanıb. Ən başlıcası saytı tərtib edənlər saz götürüb kimlərisə tərənnüm etmək yolu tutmayıblar. Burada rayonun tarixindən problemlərinədək, mədəniyyətindən idmanınadək, eləcə də Bakıda, Azərbaycanın digər bölgələrində, Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən yardımlılar, hətta yardımlılı tələbələr haqqında istənilən məlumatadək bu saytdan kifayət qədər material tapmaq mümkündür.

Saytın ən faydalı işi isə yardımlıların problemlərini yüngülləşdirməklə məşğul olan Yardımlı Xeyriyyə Cəmiyyətinin gördüyü işlərə dəstək verib, onları təbliğ etməkdir. Bu xeyriyyə cəmiyyətinin təkcə son 2 ildə gördüyü işlərin bir qisminə nəzər salaq:

2008-ci il

8 yanvar-Yardımlı əsilli yazarların əsərlərindən ibarət Dağların söz xəzinəsialmanaxının təqdimat gecəsi (Bakı şəhərində).

18 yanvar-Yardımlıda yaşayıb yaradan AYB-nin üzvü, şair Sakit İlkinin Sumqayıt oxucuları ilə görüşü.

16 mart - Gənc alim Şahlar Məmmədovun Azərbaycan dilinin Yardımlı şivələrikitabının təqdimat gecəsi (Bakıda).

18 mart-Hərəsinin iki övladı qalmış şəhid ailələrini Novruz Bayramı münasibəti ilə kollektiv ziyarət (Sumqayıtda).

02 aprel - İmkansız yurddaşımızın müraciətinə əsasən onun iki övladının sünnət olunması (Sumqayıtda).

10 aprel - Yardımlıda yaşayan iki yeniyetmə karateçinin Dünya çempionatına göndərilməsi.

13 aprel -Mərhum professor Kamil Əliyevin Elimə, dilimə minnətdaramkitabının təkrar nəşri.

19 aprel - Professor Kamil Əliyevin xatirə gecəsi (Bakı şəhərində).

27 aprel - H. Əliyevin 85 illik yubleyinə həsr olunmuş kontakt- karate idman növü üzrə Klublararası Respublika birinciliyinin keçirilməsi (Yardımlıda ilk dəfə).

23 may- Sumqayıtda yaşayıb-yazan tanınmış şairlərin Yardımlı məktəbliləri ilə görüşü.

30 may-Avropa və dünya birinciliklərində fərqlənmiş idmançı yurddaşlarımızın problemlərini öyrənmək məqsədi ilə görüş (Bakı şəhərində).

13 iyun - Qarabağda şəhid olmuş iki qardaşın anım mərasimi (Sumqayıt şəhərində).

12 iyul - Gənc eloğlumuz Elşən Sultanovun alimlik dərəcəsi alması münasibətilə tanınmış ziyalılarımızın iştirakı ilə ziyafət (Bakıda).

20 iyul- Ölkə üzrə İlin ən yaxşı kimya müəllimi adına layiq görülmüş Heybət Qədirovun kitabının nəşri.

17-22 avqust - Şahmat üzrə Respublika birinciliyinə keçid turnirinin təşkili (Yardımlıda ilk dəfə).

30 avqust  mərhum alim Ağoğlan Hüseynovun anım gecəsi (Bakıda).

30 sentyabr - Övladları qalmış şəhid ailələrini Ramazan Bayramı münasibəti ilə kollektiv ziyarət (Sumqayıtda).

21 oktyabr-Şair-publisist Elman Eldaroğlunun tərtib etdiyi Narkomaniyaya yox deyək! adlı kitabçanın 1000 tirajla nəşri və Yardımlı məktəbliləri arasında yayılması.

02 noyabr- Mərhum vəkil Aydın Miranovun döğum günündə ruhunu şad etməkdən ötrü ailəsini kollektiv ziyarət və maddi yardım (Sumqayıtda).

19 noyabr - Yardımlının səsi müstəqil ictimai qəzetinin təsis olunması (Yardımlının ilk müstəqil qəzeti).

22 noyabr - Mərhum filosof alim Mahmur Kərimovun xatirə gecəsi (Bakıda).

09 dekabr - Qurban bayramı münasibəti ilə şəhid ailələri və bir neçə imkansız xəstənin kollektiv ziyarət olunması və onlara bayram sovqatlarının verilməsi (Sumqayıtda).

23 dekabr-Xaricdə təhsil alan imkansız yurddaşımıza qış paltarlarının alınması və göndərilməsi.

27 dekabr-Yeni ilin gəlişini qeyd etməkdən ötrü ziyalılarımızın bayram süfrəsi (Sumqayıtda).

30 dekabr-Kazan Texnologiya Universitetinin 1-ci kursunda təhsil alan yurddaşımıza valideyninin müraciətinə əsasən maddi yardımın göndərilməsi.

2009-cu il

31 yanvar  Yardımlı əsilli soydaşlarımız arasında keçirilmiş sorğuda 2008-ci ildə Yardımlıda göstərdiyi xidmətlərə və qazandığı uğurlara görə bir neçə ziyalının və məmurun müxtəlif nominasiyalar üzrə təltifi (Bakıda).

6 fevral- 20 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun xatirə gecəsi (Bakıda).

12 fevral- Yardımlının din xadimləri kitabının təqdimatı (Sumqayıtda).

28 mart - Professor B.Sultanlının 70 illik yubileyi (Bakıda).

15 mart - Yardımlıda yaşayan 51 nəfər kimsəsizə Novruz sovqatının paylanması.

19 mart- Övladları qalmış şəhid ailələrinə bayram sovqatı (Sumqayıtda).

21 mart - Ailə başçısını itirmiş, bir şikəst övladı olan qadının xahişi ilə taxt-çarpayının alınması (Sumqayıtda).

30 mart-Ali təhsil alan bir imkansız yurddaşımızın 640 manat illik təhsil haqqının ödənilməsi.

Aprel  mərhum Nərçə Ağayevin həyat və fəaliyyətinə həsr olunmuş Odlu həyat sənədli televiziya filminin çəkiliş tədbirləri və yubileyə hazırlıq.

5 may - Mərhum kimyaçı alim Nərçə Ağayevin 70 illik yubleyinə həsr olunmuş xatirə gecəsi, Odlu Həyat sənədli-televiziya filminin ilk nümayişi.

9 may- Ulu Öndər Heydər Əliyevin doğum gününün 86-cı ildönümünə həsr olunmuş nərd yarışı.

12 may- Gənc ruhani Mirfəyyaz Ağanın 40 yaşına həsr olunmuş şirniyyat süfrəsi.

2 iyun- Xalq şairi Sabir Rüstəmxanlının geniş oxucu auditoriyası ilə ədəbi-bədii görüşünün N.Nərimanov adına mədəniyyət evində keçirilməsi (Sumqayıtda)

27-28 iyun- Azərbaycan polisinin 91-ci ildönümünə həsr olunmuş nərd yarışının keçirilməsi (Yardımlıda, Polis şöbəsinin şəxsi heyəti arasında).

25 iyul - Milli Mətbuat gününü qeyd etməkdən ötrü Yardımlıda yaşayan jurnalistlərlə yığıncaq və ziyafət tədbiri (Yardımlıda).

22 avqust - Bu il ali təhsil ocaqlarına qəbul olunmuş Yardımlı məktəb məzunları ilə görüş (Yardımlıda).

23 avqust - Sumqayıtın 60 illiyinə həsr olunmuş Karate idman növü üzrə Klublar arası Respublika birinciliyi (Sumqayıtda).

25 sentyabr - Atasız böyümüş Yardımlıdan gəlmiş bir tələbənin yataqxana probleminin həlli( Bakı).

04 sentyabr - Yardımlıda yaşayan övladı olmamış 51 kimsəsiz qocaya ərzaq yardımı (Sumqayıt).

18-20 sentyabr - Sumqayıt şəhər Real Sağlamlıq Tibb Mərkəzinin həkim briqadası vasitəsi ilə Yardımlıda yaşayan 8 imkansız yurddaşımızın təmənnasız ağır cərrahiyyə əməliyyatları (Yardımlı Mərkəzi Xəstəxanası).

15 oktyabr - Mərhum şair Vaqif İbrahimin latın qrafikası ilə ilk şeirlər kitabının nəşri (Sumqayıt).

27 noyabr - Qurban bayramı münasibəti ilə Yardımlıda yaşayan 50 kimsəsizə ərzaq yardımı.

28 noyabr - Qurban bayramı münasibəti ilə şəhid ailələrini və acınacaqlı vəziyyətdə yaşayan yurddaşlarımızı ziyarət.

18 dekabr - mərhum şair Vaqif İbrahimin Qəlbim torpaqda da döyünəcəkdir kitabının təqdimat gecəsi (Sumqayıt Mərkəzi Kitabxanası).

Bütün bunlarla yanaşı xeyriyyə cəmiyyəti müxtəlif sosial problemli yardımlıların üzləşdiyi çətinliklərin həlli üçün işlər görür, Yardımlıdan gəlmiş imkansız ailələrdən olan tələbələrə maddi yardım göstərir, yas mərasimlərinə çağırış məqsədi ilə yurdaşlarına çağırış mesajları göndərir, ad günlərində hədiyyələr, yubiley məclisləri təşkil edir, xəstə yatan yurddaşların kollektiv ziyarəti, imkansız yurddaşların müalicəsinə maddi yardımlar edir. Müxtəlif bölgələrdə yaşayan Yardımlı əsillilərin bir-biri ilə tanış olmasından ötrü məclislər, imkansız tələbələrin yataqxana probleminin həlli, onlara əlavə təqaüdün verilməsi və sair tədbirlər də bu sıradandır.

Məlumat üçün bildirək ki, bu təşkilata əslən rayonun Zenqaran kəndindən olan şair-publisist Elman Eldaroğlu rəhbərlik edir. Elə Yardımlının Səsi qəzetinin təsisçisi də odur.

Redaksiyadan: Göründüyü kimi bölgənin ən ucqar ərazisində yerləşən, əhalisinin sayına görə bölgədə ən kiçik rayon hesab edilən Yardımlının ziyalıları olduqca maraqlı və faydalı bir işə start veriblər. Təəssüf ki, imkanları Yardımlıdan xeyli yüksək olan digər cənub rayonlarındakı ziyalıların belə sistemli və ardıcıl fəaliyyətinə rast gəlmirik. Elə Yardımlıya bitişik, əhailisi həmin rayondan az qala 4 dəfə çox olan, xeyli biznes imkanlarına malik olan Masallının ziyalıları nə işlə məşğuldur? İki il öncə Bakıda Badu-kubərestoranında masallılar haylı-küylü bir tədbir keçirib, eləcə də yerlərində oturdular. 10-15 il öncə bir Viləş Xeyriyyə cəmiyyəti yaradanda bir-iki professor həmin cəmiyyətin mühasibliyi üstündə dava-qırğına çıxdılar.

Hələ 15 il əvəl Masallıda 2 Ziyalılar cəmiyyəti yaradılmışdı-birini Məmmədağa Eynullayev, birini də Novruz Novruzov. Birincisi, Məmmədağa Eynullayev olan-qalan səlahiyyətlərini və nüfuzunu itirəndən sonra indi heç icra hakimiyyətindəki otağına telefon belə çəkdirə bilmir, ikincisinin, Novruz Novruzovun da mövqeyi və cəsarətinin ölçüsü bütün ellərə bəllidir.

Qaldı ki, Bakıdakı və digər yerlərdəki ziyalılarımıza, onların da başlıca əməli icra başçısına və digər böyüklərə yarınıb rayonda biznes qurmaq, qohum-əqrəbalarına vəzifə almaqdan uzağa gedə bilmir.

Bu məsələdə İcra başçısını qınamalı da deyil. Görür ki, bir dənə malades, uşağına bir vəzifə almaq üçün rayonun bəzi ağsaqqalı da, hacısı da, ziyalısı da onun qulluğunda hər cür durmağa hazırdır, o da bildiyini edir. Yazığın başı bir müddət bazarın arxasında dükan satmağa, sonra seçkiyə, indi də Abıyevlər məsələsinə elə qarışıb ki, yada ziyalı-filan düşmür.

Təsəvvür edin ki, Qəni Bəxtəvər tək başına 50 kitab çap etdirir, amma Masallı şairlərinin bir almanaxını buraxdırmağa, Masallının salnaməsini yaratmağa nə yerli icra hakimiyyətinin, nə də imkanlı masallıların qüdrəti çatmır. Bütün bunlar o yerdə baş verir ki, bələdiyyə sədrliyinə yerlər 10-50 min manata, dükan yeri kvadratı 500-600 manata, pensiya vəsiqəsi 2-3 min manata satılır.

Bəli, Yardımlı ziyalılarının nümunəsində cənub bölgəsinin digər bərkgedən, Şah mənəm  deyən rayon rəhbərləri və ziyalıları üçün utanmağa və xəcalət çəkməyə xeyli məqam var.

Bu vaxta qədər nə deputatlarımızdan ürək açan bir əməl gördük, nə də Bakıdakı çox-çox hörmətli professorlarımızdan, rəhbər işdə çalışanlarımızdan, ölkəyə meydan oxuyan biznesmenlərimizdən. Biri onu əzənin yubileyində yaltaqvari nitq söyləyir, o biri onu tapdayanı qəzetdə rayonun ən sayılan ziyalısı adlandırır və s. və ilaxır.

Bu cür ziyalıları və iş adamları olan şəhərin mərkəzi küçələri belə xaraba və gölməçələr məskəni olmalıdır. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10