Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb.
Cəza müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.
Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. (Report)