Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qız-qıza” evlənməyin faciəsi||--||



Cənublu qadın: “İcra məmuru üstümə cumaraq məni döyməyə çalışdı”


Azərbaycanda, xüsusilə, cənub zonasında yayılmış bir adət var. “Qız-qıza” adəti. Qayda belədir ki, iki ailə qarşılıqlı olaraq qız alıb, qız verir. Çox vaxt bu cütlüklərin birinin boşanması digər cütlüyün də həyatını alt-üst edir. Daha aydın olması üçün sizi Cəlilabad rayonu Muğan kəndində yaşayan Təranə Cabbarovanın həyat hekayəsi ilə tanış edəcəyik.


Cabbarova Təranə 1971-ci il iyun ayının 13-də Cəlilabad rayonunun Söyüdlü kəndində doğulub. 1994-cü ildə qardaşının qaynı Nail Məmmədovla ailə həyatı qurur və Cəlilabad rayon mərkəzinə gəlin köçür. Bu nikahdan biri qız, iki oğlu dünyaya gəlir. Təranənin dediyinə görə, uzun müddət firavan həyat yaşayıblar. Ancaq baş verən bir hadisə Təranənin firavan günlərinə son qoyub.




Qardaşıma görə məni boşadılar


2002-ci ilin sonlarında Təranənin qardaşı İlham həyat yoldaşı Sevinclə boşanıb.


“Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım Nail də bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni boşadı”.




Bu evdə yaşasan, meyitin çıxacaq



“Bundan sonra mən də qarşı tərəfi məhkəməyə verib yaşamaq üçün ev istədim. Məhkəmə mənə həyat yoldaşımın ata evində yaşamaq üçün bir otaq ayırdı. Amma icraçılarla evə gedəndə həyat yoldaşımın qayınatası, bacıları bizi döyərək təhqir etdi. Dedilər ki, sən bu evdə yaşasan, sənin burdan meyitin çıxacaq. Bununla ürəyi soyumayan qayınatam Fərrux Məmmədov mənim ev hüququmun əlimdən alınması üçün apellyasiya şikayəti verdi. Ancaq iddiası təmin olunmadı”.


Üç uşağa altı manat altmış qəpik aliment


“Sonra mən qarşı tərəfdən bir otağı pulla əvəz etmələri üçün apelyasiya şikayəti verdim, amma təəssüflər olsun ki, iddiam təmin olunmadı. Cəlilabad Rayon Məhkəməsi 2003-cü ildən mənə üç azyaşlı uşağa görə altı manat altmış qəpik aliment kəsdi. Bu pulla üç azyaşlı uşağı dolandırmaq olar? Son üç ildə bir çox qurumlara alimentlə bağlı şikayətimdən sonra hər uşağa 25 manat aliment kəsdilər. Amma onu da ala bilmirəm”.


Qayınatam məni təhqir edir


“Aliment almaq üçün məhkəməyə gedirəm. Qarşı tərəf aliment ödəmək əvəzinə, qayınatam Fərrux Məmmədov məhkəməyə gələrək məni ağır söyüşlərlə təhqir edir. Məni şərləyərək deyir ki, uşaqlar bizim deyil. Amma mən etiraz etmirəm, buyursunlar, DNK analizi edək. Hər uşağa təyin olunmuş 25 manatı da hər dəfə icraçıların təkidindən sonra zorla verirlər. Amma onun da hamısını ala bilmirəm. 600 manata yaxın pulum qalıb onlarda. Hər ay alimenti kəsirlər”.


İcraçılar heç bir tədbir görmür


“İcraçıların laqeyd yanaşmasına görə Ədliyyə Nazirliyinə müraciət etdim. İşimə baxılması üçün Rayon Məhkəməsinin icraçılarına verilən tapşırıq onları qıcıqlandırdı. İcraçılardan Səbuh Həmzəyev adlı şəxs zəng vuraraq şikayət etdiyim üçün məni təhqir etdi. Və çox keçmədi ki, Rayon Məhkəməsində məni görən Səbuhi bəy üstümə cumaraq məni hətta vurmaq istədi. Buna ətrafdakılar mane oldu”.




“Torpaq almaq üçün Rayon İcra başçısına müraciət etdim. O, da torpaq verilməsi üçün Muğan kənd bələdiyyəsinə göstəriş verdi. Amma bələdiyyə 12 sot torpağı mənə pulla satdı. Xəstə olduğum üçün işləyə bilmirəm. 70 manat sosial yardım alıram. Axı bu, dörd nəfər ailə üzvü üçün çox azdır. Kəndimizdə adamlar var ki, imkanlı ola-ola 200 manat sosial yardım alır. Xəstəyəm, heç yerdə işləmirəm”.


Qadının üstünə cuman icraçıdan cavab


Məsələylə bağlı Cəlilabad rayon məhkəməsində olduq. Elə Təranə Cabbarovanın şikayətçi olduğu Səbuhi Həmzəyevlə də görüşdük. S.Həmzəyiv isə, deyilənlərin heç də həqiqətə uyğun olmadığını bildirdi. Bildirdi ki, o qadına alimentinin alınmasında çox köməklik edib.


Hal – hazırda 25 manat aliment yoxdu.


Hüquqlarını bilməkdə çətinlik çəkən Təranə Cabbarovanın probleminə yardımçı olmaq üçün hüquq müdafiəçisi Gülbala Zamanova müraciət etdik. Hüquq müdafiəçisi Gülbala Zamanov bunları bildirdi: “2014 – cü ildə bir uşağa görə 25 manat aliment yox, 103 manat təyin edilib. 2015 –ci ildə isə bir uşağa görə təyin olunan alimentin məbləği 108 manat olacaq. Sadəcə xanım məhkəməyə iddia əraizəsi yazaraq yenidən alimentin artırılması ilə bağlı müraciət etməlidi və məhkəmə bununla bağlı qətnamə çıxaracaq. Hal – hazırda 25 manat aliment yoxdu.





 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10