Müsavat başqanı Arif Hacılının müxalifət rəhbərlərinin iştirakı ilə Dəyirmi Masa təşkil edərək gündəmi müzakirə etmək təklifinə beş siyasətçi razılıq verib.
cenub.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə Arif Hacılı məlumat verib.
“Ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün Dəyirmi Masa keçirmək təklifi ilə müraciət etdiyim 8 siyasətçinin 5-dən müsbət cavab almışam. Hələlik imtina edən olmayıb. Yaxın günlərdə digər həmkarlarımın da mövqeyi aydın olacaq”-deyə o, vurğulayıb.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı müxalifət rəhbərlərinin iştirakı ilə Dəyirmi Masanın keçirilməsini təklif edib.
A.Hacılı bunu son zamanlar cəmiyyətdə müxalifətin birliyi barədə olan müzakirələrlə əlaqələndirib: “Müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığını tələb edilir”.
Müsavat başqanı Dəyirmi Masada görmək istədiyi siyasətçilərinin adını da açıqlamışdı: “Siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanovun, Cəmil Həsənlinin, İsa Qəmbərin, Əli Kərimlinin, İlqar Məmmədovun, Pənah Hüseynin, Mehman Əliyevin və Hikmət Hacızadənin, həmçinin siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”.