Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistan parlamentindəki terror hadisəsinin ildönümü: Nairi Hunanyan siyasi aktora çevrilir?


1999-cu il oktyabrın 27-də Ermənistan Respublikası Milli Məclisinə terror hücumu nəticəsində parlament spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan və digər 6 dövlət xadimi və deputatı öldürülmüşdü. Həmçinin 8 nəfər yaralanmış, 91 nəfər girov götürülmüşdü.

Terror qruplaşması 91 nəfəri, əsasən deputatları ələ keçirmişdi. Çıxışları dinləyən jurnalistlər də girov götürülmüşdülər, lakin sonradan terrorçular onları sərbəst buraxmışdılar. Bir müddət sonra yaralı millət vəkilləri və hökumət üzvləri də sərbəst buraxılmışdı.

Terroristlər – Nairi Hunanyan, Karen Hunanyan, Vram Qalstyan, Derenik Bejanyan, Eduard Qriqoryan təslim olduqdan sonra, qalan şəxslər oktyabr 28-də səhər saatlarında sərbəst buraxılmışdılar.

Rəsmi versiyaya görə, dəstənin lideri Nairi Hunanyan öz təşəbbüsü ilə əməliyyatı təşkil etmiş, plan qurmuş, sonra isə silah və Milli Məclisə giriş vəsiqəsi ilə təmin etdiyi tərəfdarlarını ətrafına toplamışdı.

2013-cü ildə “Wikileaks” ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Ordveyin 2001-2004-cü illərdə 27 oktyabr hadisələri haqqında yazdığı gizli məktubları dərc etmişdi. Səfir xüsusilə vurğulamışdı ki, müxalifət o zamankı prezident Robert Köçəryanın rəhbərlik etdiyi hakimiyyəti istintaqa nəzarət etməkdə günahlandırırdı. “Heç bir konkret sübut olmadığı halda zərərçəkənlərin yaxınları və müxalifət liderləri Köçəryanı prosesə tam nəzarət etməkdə, işlə əlaqədar vacib məlumatları gizlətməkdə və bununla da siyasi mövqeyini möhkəmləndirməyə çalışmaqda günahlandırır”,– deyəs səfir real vəziyyəti təsvir etmişdi.

Köçəryan və tərəfdarlarının qətllərdə hər hansı bir iştirakını qəti şəkildə rədd etdiyini yazan Ordvey məktublarda bildirmişdi ki, ABŞ səfirliyinin də bunun əksinə dəlili yoxdur.

İki il əvvəl, keçmiş baş nazir Vazgen Sarkisyanın qardaşı, millət vəkili Aram Sarkisyan, 27 oktyabr hücumunun hazırkı hakimiyyət dövründə də həll edilməyəcəyini söyləmişdi. Onun sözlərinə görə, əhalinin 99 faizi bu hadisələrin açıqlanmadığına inanır və yalnız 1 faiz hər şeyin məlum olduğunu iddia edir.

“Bu 1 faiz bu gün hakimiyyətdə olan insanlardır (o zaman Serj Sarkisyan hakimiyyətdə idi) və onların əllərində bütün sistemlər var – məhkəmə, qanunverici və icra orqanları, onlar əllərində olan məlumatları açıqlamağa qorxurlar və bunun üstünü ört-basdır etməkdən ötrü hər şeyə hazırdırlar. Və cəmiyyətimizin 99%-i hesab edir ki, 27 oktyabr hadisələri Ermənistanda real hakimiyyət dəyişikliyi, sistem dəyişikliyi baş verdikdə açıqlanacaq”, – deyə Aram Sarkisyan vurğulamışdı.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişdi. Bu gün 27 oktyabr işinin yenidən gündəmə gəlməsi barədə çox danışırlar. Bu fonda bir neçə gün əvvəl ömürlük cəzasını çəkən dəstənin lideri Nairi Hunanyanın şərti azadlığa buraxılmasını istədiyi məlum olub. Qanuna görə, Penitensiar Xidməti 80 gün ərzində qərarını açıqlamalıdır. Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan artıq nəticənin bəlli olduğunu bildirib – Nairi Hunanyana imtina ediləcək, çünki Hunanyanın siyasi aktyor olacağı aydındır, beləki bir çox siyasətçi və deputat onu nəhayət danışmağa və bütün həqiqəti ortaya qoymağa çağırır. Bu açıqlama isə təhlükəli perspektivləri vəd edir…

KONKRET.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10