Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Universitetlər rüşvətxorluqdan boğulurdu” – Ekspertdən açıqlama



İndi elə zamandır ki, məmurların yaxşı əməllərinə rast gəlmək, müsbət fəaliyyətindən danışmaq çətindir. Amma yaxşını da, pisi də hökmən söyləməlisən ki, sonra kimsə bəhanə edib, “mənlik nə vardı axı, nəyi tələb edirdilər, onu da edirdim” deyə yaxasını qırağa çəkməsin. Ciddi dəyişiklər siyasi iradə tələb edir, bəli, amma şəxsi xidmətlər də həmişə mümkündür.

Mikayıl Cabbarovu təhsil naziri olandan sonra tanımışam. Açığı heç yaxşı gözləntim də yox idi. Amma qocaman, təhsillə ömür sürmüş, professor titullu naziri də görmüşdüm. Həm də necə görmüşdüm – hər şeyi hamının gözü qarşısında darmadağın etmişdi. Hələ “qırmızılıqla” hər şeyi üzərindən atmışdı ki, neyləmək olar, müəllim 200 manat maaş alır. Özü isə zənginin zəngini olmuş, köhnədən qalanı da uçurub dağıtmışdı.

Mikayıl müəllimin təyinatına qədər təhsildə tam tənəzzül idi. Yeni təyin olunmuş nazirin qarşısında iki vəzifə dururdu: tənəzzülü dayandırmaq və inkişafa nail olmaq. Orta təhsildə məzmundan tutmuş müəllim hazırlığına qədər ciddi problemlər mövcud idi. Məktəbdəki neqativ hallar məktəb mühitini aşılamışdı. Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında qarşıdurma dərsliklərin yazılmasından tutmuş, şagird və abituriyent biliklərinin qiymətləndirilməsinə qədər öz təsirini göstərmişdi. Ali məktəb rektorlarının səriştəsiz və səbatsız fəaliyyəti ciddi fəsadlar yaratmışdı. Universitetlər rüşvətxorluqdan boğulurdu. Elmi məqalələrin çapı üçün Beynəlxalq platforma belə tapılmamışdı. Məktəbi saxta diplomlu müəllimlər bürümüşdü, peşə təhsili məktəblərinin durumu acınacaqlı idi. Kolleclər yalnız sessiya vaxtı yada salınırdı.

M. Cabbarov vəziyyəti dəyişməyi bacardı. Yaxın zamanda ən azı tənəzzül durduruldu…

Məsələn, götürək fənn olimpiadalarını. Alver yox edildi, olimpiada hərəkatı bərpa edildi, bu sahədə nizamsızlıq və sistemsizlik təmayüllü məktəblərdə Olimpiada mərkəzlərinin yaradılması və təmiz qiymətləndirmə ilə əvəzləndi. Bizim uşaqlar bilik yarışmalarında uğur qazanmağa başladılar.

Saxta diplomla müəllim işləyən 2000-dən çox müəllim məktəbdən çıxarıldı.

Müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahan yolu ilə həyata keçirilməyə başlandı. Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinin əsası qoyuldu

Ali məktəblərdəki rektor təyinatları sayəsində qısa zaman kəsiyində neqativ halların kifayət qədər aradan qaldırıldığı ali məktəblər görməyə başladıq.

Azərbaycanın Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

Peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün “Peşə təhsili agentliyi” yaradıldı. Təhsilin bu mühüm pilləsinin inkişaf etdiyi dövlətlərlə müqavilələr imzalandı.

Təhsildə ən ciddi nöqsanların yol verildiyi sahələrdən biri tələbə köçürmələri idi. Yox edildimi? Bu proses liberallaşdırıldı- elektron sistem vasitəsilə həyata keçirildi.

Dərsliklərin yazılmasında inhisiharçılğın qarşısı alındı. Dərsliklərin elektron müzakirəsinə start verildi.

Bütün bunlarla yanaşı təhsildə mədəni mühit bərqərar olunmağa başladı.

Qeyri – hökumət təşkilatları, ictimaiyyətin nümayəndələri ilə əməkdaşlığın nümunələri yaradıldı.

Bəzən Mikayıl müəllimlə fikirlərimiz üst-üstə düşməyib. Onu mətbuatda tənqid etmişik. Lakin Mikayıl müəllim zərrə qədər inciklik nümayiş etdirməyib, əksinə polemika mühiti yaradıb. Bu ictimai mənafeni şəxsi mənafedən üstün tutmağın ən gözəl nümunəsidir. Elə onun fəaliyyətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri ictimai mənafe daşıyıcısı olmasıdır.

O, müasir idarəçilik təfəkkürü, yaradıcı potensialı olan və insanlara münasibəti ilə işi sona qədər yerinə yetirməyi bacaran şəxsiyyətdir.

İnanıram ki, o, başqa sahələrdə də mümkün olanların hamısını və bir az da artığını etmək istəyən nazirdir. Təkcə təhsil sahəsində, düşüncəmə görə ən ağır sahədə Mikayıl Cabbarovun qısa vaxt ərzində həyat keçirdiyi yüksək işlərin bir hissəsini qeyd etməyi özümə borc bildim. Bütün nazirlər və məmurlar nümunə götürsünlər!

Etibar Əliyev

təhsil eksperti,

fəlsəfə doktoru






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10