Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Elə jurnalistlər var ki, bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır” – DEPUTAT



Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Demokrat.az xəbər portalına müsahibə verib.

cenub.az həmin müsahibəni təqdim edir:

— Son günlər Prezident İlham Əliyevin apardığı kadr islahatlarını necə qiymətləndirirsiniz? 

— Prezidentinin atdığı son addımlar 2018-ci ildən başlanan islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir. Ötən ilin aprelində keçirilən Prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyev iqtisadi, sosial, hüquqi və siyasi xarakter daşıyan islahatların daha da dərinləşməsini önə çəkdi və 2018-ci ilin sonları, 2019-cu ilin əvvəllərində inqibali xarakter daşıyan sənədlərə imza atdı. Artıq bu həyata keçirilən islahatlar özünün müsbət nəticələrini verməkdədir. Bu islahatların məntiqinə söykənən son dəyişikliklər, dövlət idarəçiliyi sistemində mühim rol oynayan kadr dəyişikliyinin aparılması gözlənilən idi. Əslində bütün cəmiyyət bunu gözləyirdi. Həm də ölkə Prezidentinin islahatlar siyasətinin mahiyyəti və fəlsəfəsi bunu önə çəkirdi. Prezidentin ilk olaraq Baş nazirin iki müavininin istefa ərizələrini qəbul etməsi, daha sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsi və onlarla təkbətək keçirdiyi görüş, apardığı söhbətlər bir daha təsdiq etdi ki, ölkə başçısının siyasi iradəsi ortadadır. Hər bir dövrün öz çağırışları və tələbləri var. Ona görə də bu gün müasir zamanla ayaqlaşa bilən kadrların irəli çəkilməsi zəruridir. Tam əminəm ki, müasir dünya görüşü və idarəçilik qabiliyyətini özündə ehtiva edən nisbətən gənc nəsil hakimiyyətin ən yüksək pillələrinə gətiriləcək. Şübhəsiz ki, bu da Azərbaycanın inkişafına müsbət təsir göstərəcək.

Eyni zamanda Azərbaycanda bir sıra qurumların birləşdirilməsi də məncə aparılan islahatların tərkib hissəsidir. Artıq 3 dövlət qurumunun İqtisadiyyat Nazirliyində birləşdirilməsi bu baxımdan səciyyəvidir. Özünü bacarıqlı və şəffaf islahatçı kimi tanıdan və Prezidentimiz tərəfindən yüksək qiymətləndirilən Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin olundu. Əlbəttə, bu çox böyük etimaddır. Əminəm ki, Mikayıl Cabbarov ona göstərilən bu etimadı yüksək səviyyədə doğruldacaq. Yeri gəlmişkən, Mikayıl Cabbarovu təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar diləyirəm. Beləliklə, proses uğurla davam edir.

Vaxtilə mən ölkə Prezidentinin həyata keçirdiyi islahatlara münasibət bildirərkən söyləmişdim ki, islahatlar davamlı olacaq və getdikcə daha da dərinləşəcək. Cəmiyyət inkişaf etdikcə, onun çağırışlarına uyğun olaraq islahatlar da təbii ki, aparılmalıdır. Bu baxımdan islahatlar davamlı olacaq və Azərbaycanın güclənməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərəcək.

Qeyd etmək istərdim ki, Azərbaycanda həyata keçirilən uğurlu islahatları qəbul etməyən, ona qısqanclıqla yanaşan, dövlətimizin güclənməsindən böyük narahatlıq keçirən anti-Azərbaycan qüvvələri və onun içərisində yer alan anti-milli qüvvələr böyük təşviş içərisindədirlər. Son günlər həmin qüvvələrin Prezident İlham Əliyevin apardığı islahatların qarşısını almağa yönələn cəhdləri iflasa uğradı. Tam əminəm ki, xalqımız Əli Kərimli kimi anti-milli satqınların mövqeyinə sarsıdıcı zərbələr vuran bu cür islahatları sonadək müdafiə edəcək, anarxistlərin Azərbaycanda fəaliyyət göstərməsinə dəstək verməyəcək.

Bir daha aparılan islahatları yüksək qiymətləndirirəm. Tam əminəm ki, islahatlar qısa zamanda öz müsbət nəticələrini verəcək və davamlı olacaq.

— Zaman-zaman siz kadr islahatları və dövlət idarəçiliyinin cavanlaşdırılması ilə bağlı çıxışlar edəndə, bir sıra deputat həmkarlarınız sizin bu çıxışlarınıza dəstək verməyə tərəddüdlü davranırdılar. Hətta, buna görə sizi tənqid edənlər də var idi. Amma zaman sizin nə qədər haqlı olduğunu göstərdi…

— Təbii ki, zaman-zaman mənə qarşı bu cür münasibətlər olub. Amma mənim niyyətim, amalım Azərbaycanı güclü dövlət kimi görməkdir, Azərbaycanın dünya ölkələri sırasında yüksək pillədə yer tapmasıdır, xalqımızın həyat səviyyəsinin ən yüksək səviyyədə olmasıdır. Bu mənim ən böyük arzumdur. Millət vəkili kimi də fəaliyyətim göz önündədir və sonadək ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabərəm. Dövlətçiliyimizə və Prezidentimizə sədaqətlə, xalqımıza təmənnasız xidmət edən hər kəsə münasibətim yüksəkdir. Bu xəttə qarşı çıxan, şəxsi marağını hər şeydən üstün tutanlara qarşı barışmaz münasibətim qaçılmazdır.  Bu yol Ulu öndər Heydər Əliyevin güclü Azərbaycan yoludur, dövlətçilik yoludur. Bu yol müqəddəs yoldur. Əlbəttə ki, bu yola xidmət etmək mənim üçün şərəfdir.

— Prezident İlham Əliyev keçirdiyi son müşavirədə Azərbaycan mediasının vəziyyətindən narzılıq edərək, bəzi məmurların mətbuatdan bir-birlərinə qarşı vasitə kimi istifadə etdiyini söyləyib. Necə düşünürsünüz, media sahəsində də islahatların aparılmasına nə qədər ehtiyac var?

— Şübhəsiz ki, media sahəsində də ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, bu islahatların həyata keçirilməsi zamanı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) özündə ciddi dəyişikliklər olmalıdır. Mətbuatdan və bir çox jurnalistlərdən eşitdiyim məlumatlara görə, KİVDF-nin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. Bu nöqsanları aradan qaldırmaq lazımdır. KİVDF-nin fəaliyyətində şəffaflığı və obyektivliyi təmin etmək olduqca vacibdir. Misal üçün, elə jurnalistlər var ki, onun bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Amma evi olmayıb illərdir ki, jurnalistika sahəsində çalışanlar bu imtiyazdan yararlana bilmirlər.

Digər tərəfdən hər il dövlət büdcəsindən KİVDF-yə milyonlarla vəsait ayrılır, amma həmin vəsaitlər şəffaf şəkildə həyata keçirilmir, mətbuata həmin vəsaitin hesabatı verilmir, bir çox hallarda KİVDF həmin vəsaitləri oxunaqlı KİV-lərə deyil, özlərinə yaxın olan qəzetlərə ayırırlar. Bunlar mənim subyektiv fikirlərim yox, jurnalistlərin söylədikləridir. Sözlərimin səmimiliyinə inanın ki, mənim KİVDF ilə hər hansı qərəzim də yoxdur. Sadəcə olaraq, bu gün bir çox jurnalistlər KİVDF-nin fəaliyyətindən narazıdırlar. Bu fikirlərin əksəriyyəti mətbuatda da gedir. Demək ki, bu sahədə problemlər var. Əgər problemlər varsa, təbii ki, orada da islahatlar aparılmalıdır. Elə etmək lazımdır ki, mətbuatımız da hamılıqla bu gün dövlətçiliyin yanında olsun və ona yüksək səviyyədə xidmət etsin. Bu da faktdır ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bütün bu problemlərin hamısı nəzərə alınmalı, ciddi araşdırılmalı və öz həllini tapmalıdır. Bir sözlə, media sahəsində də şəffalığa və ciddi islahatların aparılmasına ehtiyac var.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10