Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şanslı və ordenli casusun “Qordi düyünü” – Sovet DTK-sı və Rusiya FTB-si bu düyünü kəsə bilməyiblər


Dünyada elə bir dövlət yoxdur ki, casusluq məsələsində ikili standart siyasəti yeritməsin. Bu standartın düsturu belədir: Bizə xəbər ötürən cəsurdur, fədakardır, alqışa, mükafata layiqdir, amma bizdən xəbər sızdıran casusdur, xaindir, ölümə, cəzaya, tənəyə layiqidr.

Məsələyə bir qədər neytral mövqedən yanaşanda isə casusluq bir peşədir – xeyli dərəcədə riskli və təhlükəli bir peşə. İfşa təqdirində casusları ən ağır cəza gözləyir, ifşa olunmasa və rufah içində yaşasa da, daima səksəkədə olur.  Bəxti gətirən casus odur ki, ifşa olunmazdan bir neçə gün (bəzən isə bir neçə saat) öncə işlədiyi dövlətə sığınır, canını qurtarır. Bəxti gətirməyənləri isə ya tutub ömürlük cəza kəsir, edam  edirlər, ya da onlar ölü tapılırlar.

Oleq Qordiyevski bəxti gətirən, şansı casuslardan olub. Zamanında onu ABŞ prezidenti Ronald Reyqan, İngiltərə baş naziri Marqaret Tetçer, Böyük Britaniya kraliçası II Yelizaveta kimi nüfuzlu siyasi xadimlər şəxsən qəbul edib, ona himayə göstərib, mükafat veriblər. Hazırda onun 81 yaşı var, hələ də sağ-salamatdır. Ondan sonra dövlətinin sirrini satan neçə-neçə casus ya ölü tapılıb, ya da elə bir kimyəvi maddə ilə zəhərləniblər ki, həftələrlə can veriblər.

Qordiyevski  – Penkovskidən sonra ən nəhəng casus…

O, 1938-ci ilin oktyabrında Moskvada anadan olub, təhlükəsizlik sistemində polkovnik rütbəsinə qədər yüksəlib, 1962-85-ci illər arasında SSRİ DTK-sında xidmət edib.

Qordiyevski 1974-cü ildən 1985-ci ilə qədər “Ovation” (“Alqış”) psevdonimi ilə Böyük Britaniyaya işləyib. O, SSRİ DTK-sının birinci idarəsində (xarici kəşfiyyat) çalışıb. Casusluq fəaliyyətinə görə, Oleq Antonoviç haqqında qiyabi olaraq güllələnmə hökmü çıxarılsa da, hökm nə sovet dönəmində, nə də ondan sonra icra edilməyib. Kembric universitetinin professoru Kristofer Endryu Qordiyevskini “Oleq Penkovskidən sonra Britaniya kəşfiyyatının sovet xüsusi xidmət orqanlarındakı ən nəhəng agenti” adlandırıb.

Bordeldə şalvarsız tutulan gənc Oleq…

Qordiyevski 1962-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib və DTK-nın 1-ci baş idarəsini qeyri-leqal jkəşfiyyat bölməsində xidmətə qəbul olunub.

O, sonradan xarici kəşfiyyata işləməsini və antisovet mövqeyə keçməsini Stalinin və sovet hökumətinin cinayətlərini dərk etməsi ilə əlaqələndirib. Bunu o adam deyib ki, öz atası Anton Qordiyevski vaxtilə NKVD cəlladı olub, repressiyada iştirak edib. Ancaq bəllidir ki, Antonoviç lap gəncliyindən qəbul olunduğu işə ölkə xaricində yaşamaq üçün nadir ələ düşən fürsət kimi baxırmış.

O, DTK zabiti olaraq 1966-cı ildən 1970-ci ilə qədər SSRİ-nin Danimarkadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşı adı altında işləyib. Sonradan xarici ölkə mediasına verdiyi açıqlamaya görə, SSRİ-nin 1968-ci ilin yazında Çexoslovakiyaya hücum edərək xalq üsyanını qanla boğması hadisəsindən sonra SSRİ-yə qarşı qəti olaraq antipatiya bəsləməyə başlayıb. Bundan bir az sonra isə o, Britaniya kəşfiyyatının diqqətini cəlb edib.

Əslində isə Qordiyevskinin Britaniya kəşfiyyatının tələsinə düşməsinin səbəbinin heç də ideoloji məsələlərə bağlı olmadığı bildirilir. Daha yayğın versiyaya görə, o, gənc  yaşında Danimarkada işləyərkən İsveçdə əylənmək fikrinə düşüb və qonşu ölkədə bordelə gedib. Orada olarkən fahişəxanaya polis hücumu olub, gənc sovet diplomatı da şalvarsız tutulub. Amma onu o vaxt elə-belə buraxıblar. Karyerasının bitə biləcəyini hiss edən Qordiyevski bu barədə susub, amma 1972-ci ildə yenidən Kopenhagenə göndəriləndə ingiltərəli və danimarkalı kəşfiyyatçılar ona yaxınlaşıblar, köhnə məsələni xatırladıblar və “diplomat”ı seçim qarşısında qoyublar: ya əməkdaşlıq, ya da ifşa. Onsuz da təmtəraqlı qərb həyatına, kefə-əyləncəyə, komforta meylli olan gənc Oleq birincini seçib.

Qorbaçovda xoş təəssürat yaradan Qordiyevski

1970-ci ildən 1972-ci ilə qədər Moskvada DTK-nın kəşfiyyat idarəsini aparatında coğrafiya şöbəsində, Böyük Britaniya və Skandinaviya ölkələri üzrə işləyən, 1972-ci ildə yenidən Kopenhagenə göndərilən Qordiyevski 1973-cü ildə DTK-nın Danimarkadakı rezidentinin müavini olub. 1976-cı ildə o, rezident postunu tutub. 1978-ci ildən 1982-ci ilə qədər yenidən Moskvaya qayıdıb, DTK-nın kəşfiyyat idarəsinin mərkəzi aparatında işləyib.

1982-ci ildə Qordiyevski DTK-nın Londondakı rezidenturasına təyinat alıb və SSRİ səfirliyinin əməkdaşı adı altında fəaliyyət göstərib. 1984-cü ildə Britaniya hökuməti Londondakı rezidenturanın rəisi A.Quku “arzuedilməz şəxs” elan edəndə və L.Nikitenko rezidentin səlahiyyətlərini icra etməli olanda, Qordiyevski onun müavini təyin olunub.

1984-cü ildə Sov.İKP-nin Siyasi Bürosunun üzvü, yaxın vaxtlarda SSRİ-nin rəhbəri olacağı gözlənilən (şübhəsiz ki, Britaniya kəşfiyyatında belə bir səhih məlumat olub) Mixail Qorbaçov Böyük Britaniyada səfərdə olanda Qordiyevski ilə də görüşüb və kəşfiyyatçı-casus onda xoş təəssürat yaradıb. Qordiyevskinin tezliklə Nikitenkonun yerinə rezident təyin edilməsi perspektivi açılıb. Beləlklə, onun ingilis kəşfiyyatına rahat və effektiv işləməsi imkanı da artıb. İngiltərə hökuməti Londona rezident göndəriləsi şəxslərə viza verməməklə Qordiyevskinin şansını artırıb.

Eymsin baltaladığı karyera və psixotrop həmləyə dözən casus

Ancaq 1985-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək ranqlı əməkdaşı Oldric Eymsin DTK tərəfindən əməkdaşlığa cəlb olunması Qordiyevskinin casusluq karyerasını alt-üst edib. Eyms tanıdığı bütün casusların siyahısnı yeni “sahib”lərinə satıb. Bunların arasında sovet xüsusi xidmət orqanlarında işləyən MKİ casusları da olub. Eyni zamanda o, sovet tərəfinə Britaniya kəşfiyyatına işləyən casusların ifşa olunmasına yardım edən məlumatlar da ötürüb. Bu siyahıda Qordiyevskinin də adı olub. Onu Moskvaya çağırıblar  – guya ki, rezident vəzifəsinə təyin olunmazdan öncə son məsləhətləşmə aparacaqlar. Qordiyevski mayın 19-da Moskvaya uçub. Ancaq o, Moskvada istintaqa cəlb edilib, özünün iddiasına görə, onu mayın 27-də Moskva ətrafındakı bağ evinə aparıblar və orada hansısa psixotrop preparatların təsiri altında 5 saata yaxın sorğu-sual ediblər.  Bu preparat iradəni çökdürən və adamın dilini açan xassədə olub, amma Qordiyevski ona qarşı irəli sürülən ittihamların hamısını qətiyyətlə rədd edib. Bundan sonra onun Böyük Britaniyada işləməsinin mümkün olmayacağını bildirib, DTK-nın kadrlar şöbəsində sərəncama götürüblər. DTK-nın xüsusi sanatoriyasında 1 ay keçirən və bu vaxt ərzində gizli şəkildə hərəkətlərinə göz qoyulan Qordiyevski Moskvaya qayıdıb. O, ikili casus olmasının aşkarlanmasının sadəcə vaxta bağlı olduğunu anlayaraq, SSRİ-dən qaçmaq qərarına gəlib. Onun ölkədən qeyri-leqal şəkildə çıxarılması planını Britaniya kəşfiyyatı əvvəlcədən hazırlayıbmış və iyulun 19-da Qordiyevskidən siqnal alan kimi planın icrasına başlanılıb. Ertəsi gün Qordiyevski ölkədən qaçmağa müvəffəq olub. O, Moskvadan Leninqrada gəlib, sonra Finlandiya ilə sərhəd rayonuna yaxınlaşıb. Orada britaniyalı diplomatlar onu öz avtomobillərinin baqajında sərhəddən keçiriblər.

Qordiyevskinin satdıqları, Leylanın qisası

1985-ci ilin sentyabrında Qordiyevskidən alınan məlumatlar əsasında sovet kəşfiyyatına sarsıdıcı zərbə vurulub. Böyük Britaniya hökuməti diplomat və jurnalist adı altında bu ölkədə işləyən 31 kəşfiyyatçını “arzuedilməz şəxs” elan edib. Buna cavab olaraq SSRİ hökuməti də Böyük Britaniyanın 25 diplomatını ölkədən qovmaq qərarı verib.

Qordiyevski ölkədən qaçandan sonra onun barəsində “vətənə xəyanət” maddəsi üzrə cinayət işi açılıb və onun barəsində qiyabi olaraq güllələnməklə edam cəzası verilb. Bundan başqa, Qordiyevskinin əmlakı da müsadirə olunub. Casus barədə verilən ölüm hökmü 1991-ci ildə SSRİ-nin dağılmasından sonra da ləğv olunmayıb, ancaq onun əmlakının müsadirə olunmasına dair hökm 1989-cu ildə Qordiyevskinin həyat yoldaşı Leyla Əliyeva-Qordiyevskayanın xahişi ilə ləğv edilib. Ərinin qaçışından sonra qadın iki qızı ilə birlikdə Moskvada taleyin ümidinə qalıbmış. L.Qordiyevskaya bildirib ki, o, ərinin ikili casus olmasından bixəbər olub.

Qordiyevski Britaniyaya sığınandan sonra ailəsinin yanına buraxılması üçün iş aparıb, amma sovet hökuməti ona belə bir imkanı verməyib. Bu barədə İngiltərənin baş naziri Marqaret Tetçer Mixail Qorbaçovdan şəxsən xahiş edib, amma “dəmir ledi”nin sözü yerə düşüb. 1991-ci ilin sentyabrında isə, nəhayət, Leyla Əliyeva-Qordiyevskaya və qızlarına SSRİ-dən getmək imkanı verilib. Ailə Londonda birləşib bir araya gəlsə də, tezliklə Leyla boşanma prosesi başladıb və Qordiyevskinin varidatının yarısını, eləcə də övladlarını alaraq ondan ayrılıb.

Yazıçı, məsləhətçi Qordiyevski

Sonradan Qordiyevski DTK-nın daxili strukturu və iş üsulları barədə bir sıra kitablar yazıb. Onun “Növbəti dayanacaq – güllələnmə” kitabı rus dilinə tərcümə olunub və Rusiyada nəşr edilib.

Vətən xaini olmasına baxmayaraq, 1983-cü ildə nüvə müharibəsinin qarşısının alınması üçün göstərdiyi xidmət Qordiyevskinin yaxşı işi kimi təqdim olunur. Həmin vaxt NATO-nun SSRİ-yə nüvə zərbəsi endirilməsi üzrə təlimlər keçirməsindən narahat olan Kremlin ovqatı barədə Qordiyevskidən məlumat alan ABŞ və Britaniya təlim keçirərkən bir sıra korrektələr ediblər və gərginləşən atmosfer yumşalıb.

Bununla belə, DTK-nın keçmiş rəhbəri Semiçastnı Qordiyevskinin hərəkətinin SSRİ xüsusi xidmət orqanlarına general Kaluginin vurduğu zərbədən daha ağır olduğunu bildirib.

Yeltsinin istefasından sonra Qordiyevski yenidən keçmiş ölkəsinə qarşı fəallaşıb. Görünür, onun “vətən xaini” olması barədə söhbətlərin yenidən qızışması sabiq casusda özünüqoruma instinktini gücləndirib. Onun yaxın dostu və casus həmkarı olan Aleksandr Litvinenkonun Londonda zəhərlə öldürülməsindən sonra Qordiyevski anlayıb ki, onu heç vaxt bağışlamayacaqlar. O, Litvinenkonun ölümünün araşdırılması üçün Britaniya hüquq-mühafizə orqanlarına məsləhətlər verib.

Ordenli casusun şərəfinə ziyafət

2007-ci ilin iyununda Böyük Britaniyanın kraliçası II Yelizaveta Oleq Qordiyevskini ordenlə təltif edib və onu Bukinhem sarayında qəbul edərək, şərəfinə təntənəli ziyafət verib. Ordenlə təltif olunması münasibətilə İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer Qordiyevskini şəxsən təbrik edib.

Onu da qeyd edək ki, Leyla Əliyeva Qordiyevskinin ikinci arvadı olub. Bu, yarı azərbaycanlı, yarı rus, olduqca cazibədar qadın Qordiyevski ilə Kopenhagendə tanış olub. O zaman Leyla Ümumdünya Səhiyyə Təşkilatının Avropa mərkəzində müqavilə əsasında operator vəzifəsində çalışırmış. Əslində, Oleq Qordiyevskinin birinci arvadından boşanması, ikinci dəfə ailə qurması onun DTK sturkturlarında fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilərmiş. Amma bu, baş verməyib. Bu da onun şansı casus olmasından xəbər verir.

Bəlkə də məhz şanslı olması üzündəndir ki, o, adi casus deyil, ordenli casusdur, dünya liderləri ilə görüşüb, şərəfinə ziyafətlər verilib, bir neçə dəfə ifşa olunmaqdan, edamdan, sui-qəsddən qurtulub və SSRİ kimi güclü kəşfiyyata malik dövlət, eləcə də onun Rusiya kimi qisasçı xələfi bu özünəməxsus “Qordi düyünü”nü kəsə bilməyib.

KONKRET.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10