Rəsmi “Azərbaycan” qəzeti banklarda olan problemləri tənqid edən məqalə ilə çıxış edib.
Yazıda xatırladılır ki, son illər ölkənin sosial-iqtisadi sahədəki vəziyyətinə aid keçirilən elə bir müşavirə, yaxud iclas xatırlamırıq ki, Prezident İlham Əliyev kommersiya banklarının ünvanına irad bildirməsin, tövsiyələr səsləndirməsin. Əsasən də real sektoru kreditləşdirməyə meyilli olmadıqları, üstünlüyü istehlak kreditlərinə verdikləri üçün.
"...bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illər yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”.
Bu fikirləri isə dövlət başçısı oktyabrın 15-də səsləndirib. Qəzet yazır ki, Prezident özü də qeyd edir ki, sözügedən problem ən yüksək səviyyədə dəfələrlə qaldırılsa da, banklar özləri üçün sərfəli, ölkə iqtisadiyyatı üçün səmərəsiz, dövlət büdcəsi üçün isə təhlükəli fəaliyyətlərindən - vəsaitlərini real sektor əvəzinə istehlak kreditlərinə yönəltmək mərəzlərindən əl çəkmirlər.
Sırf girəvəçi mövqeyindən yanaşanda niyə əl çəkməlidirlər ki?! 10-12 faizə qoyulan depozitləri, ondan da aşağı faizlə Mərkəzi Bankdan və xarici mənbələrdən aldıqları vəsaitləri əhaliyə 25-30 faizə verıb "babat” qazanmaqdan könüllü əl çəkmək heç kimə asan gəlməsin.
Bu yolu tutmuş bankların nə veclərinə ki, Azərbaycan kimi obyektiv səbəblər üzündən gəlirlərinin çox hissəsini mədən sənayesindən (neft-qazdan) qazanan ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək həyat qədər vacib məsələdir və bu işdə də onlar bütün imkanları ilə dövlətə kömək, hökumətə dəstək olmalıdırlar.
Amma haradadır bizim dövlət və hökumətimizdə o bəxt. Sanki çörəyinin duzu yoxdur - hansı sahəyə bel bağlayıb şərait yaradır ki, dirçəlib ölkənin müəyyən bir probleminin həllində onun əlindən tutsun, yanında olsun - edilən yardımlardan, verilən dəstəkdən özləri üçün istifadə etməyə başlayırlar.
İndi budur, dövlət bankların köhnə "zibil”lərini təmizləyib qurtarmamış yenisi ilə üzləşmək təhlükəsi həddinə çatıb.
Əks halda Prezident son iqtisadi müşavirədə problemi bu ciddiliklə qoymazdı. Dövlət başçısı "əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik” həyəcanını boş yerdən bəyan etməyib.
Bu gün heç kim inkar edə bilməz (və ya etməz) ki, istər manatın 2015-2016-cı illərdəki devalvasiyalarında, istərsə də onun nəticəsi kimi ölkə əhalisinin çox böyük təbəqəsinin borc girovuna çevrilməsində ən böyük günah və məsuliyyət sahibi banklar olmuşdur. Məhz bankların və bankirlərin yalnız korporativ maraqlarına xidmət edən insafsız (daha doğrusu, soyğunçu) kredit siyasəti sonda dövləti milyard manatlarla ziyana saldı.
Bu yerdə tək Beynəlxalq Bankda baş verənləri xatırlatmaq kifayətdir. Prezident məhz bunu əsas götürüb indidən həyəcan təbili çalır, müvafiq qurumların yığışıb birgə tədbir görmələrini, əsas diqqəti nəyə yönəltməli olduqlarını tapşırır.
Nə qədər gec deyil bankların üzünü yüksək faizli istehlak krediti ənənəsindən real sektoru maliyyələşdirmək siyasətinə çevirmək lazımdır. Əks halda nə ola biləcəyinin altını təxminən 4 ildir ki, həm əhali çəkir, həm də real sektorun timsalında dövlət. Çünki bu anormal fəaliyyət zamanı qazanan tək bankların özləridir, baxmayaraq ki, onlar bunu heç də həvəslə etiraf etmirlər. Amma etməməklə deyil ki...
Əgər sıradan bir bankın texniki işçisinin leqal əməkhaqqı elmi-tədqiqat institutunda, yaxud universitetdə professor vəzifəsi tutan elmlər doktorunkundan çoxdursa, bunu etiraf etməyə ehtiyacmı var?! Hələ idarə heyətlərinin, müşahidə şuralarının sədrlərinin ən azından beşrəqəmli maaşlarını yazmırıq. Bunlar müəllimin, həkimin, mühəndisin, tələbənin və digər aztəminatlı təbəqələrin özlərinin və balalarının ağzından, əynindən, təhsilindən kəsib ödədikləri yüksək faizlər hesabına mümkün olmurmu?!
Dərslərdən nəticə çıxarmayıb növbəti dəfə istehlak krediti portfellərinin ağızlarını açıblar. Onların bu "səxavət”indən məcbur olub yararlanmaq istəyənlərsə faiz tələsinə düşürlər. Banklar yüksək faizdən əlavə, kreditin qaytarılması sxemini elə qururlar ki, müştəri uzun müddət onun altından çıxa bilmir, nə ödəyirsə, çox hissəsi faizə hesablanır.
Odur ki, gözlənilməz bir hadisə baş verdikdə o, bank qarşısında öhdəliyinə demək olar tam əməl etməmiş vəziyyətdə qalır.
Burada qapalı bir halqa yaranıb - banklar yüksək faiz səbəbindən kredit portfellərindəki vəsaitlərini real sektora yerləşdirə bilmir və nəticədə maliyyə mənbələrinə çıxışları zəifləyir, yəni, istədikləri qədər vəsaitə əlləri çatmır ki, hərəkət edib gəlir götürsünlər. Bəs, belə halda necə qazanmalı? Təbii ki, olan vəsaiti yüksək faizlə əhaliyə istehlak krediti verməklə... Bu da qapalı dairədən qurtulmağın yolu. Və yeri gəlmişkən, bu işdə banklar (sanki) sövdələşərək əməlli-başlı dominantlıq göstərib kredit bazarına demək olar eyni faiz dərəcələri diktə edirlər. Aralarında heç bir rəqabət olmamış kimi...
Rəqabət demişkən. Mütəxəssislər yüksək faizlərdən qurtulmağın müxtəlif yollarını təklif edirlər. Onlardan biri alternativ maliyyə institutlarının inkişaf etdirilməsi, ümumiyyətlə, maliyyə bazarının liberallaşdırılmasıdır. Ağlabatan və təbii ki, maliyyə bazarında rəqabətin güclənməsinə xidmət edən təkliflərdir. Üstəlik, bu və digər səmərəli, sınaqdan çıxmış təklifləri reallaşdırmaq, ümumiyyətlə, ölkənin bank sektorunda dövlət başçısının tənqid etdiyi, irad bildirdiyi vəziyyətə son qoymaq üçün ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Qalır ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi naminə bu iradədən çıxış edərək tədbirlər görmək.
Yenisabah.az