Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıdan Sumqayıta əzablı yollarla: Bir zülm bitir, digəri başlayır



“Azərsu”: Bu həftə ərzində yolda işləri tam yekunlaşdırıb, Sumqayıt yolundan çıxacağıq

 

Elə gün yoxdur ki, Bakı-Sumqayıt yolunda tıxac yaşanmasın, bu əzabını çəkənlərin şikayətləri, narazılıqları eşidilməsin. Get-gedə bu yolun probleminin həllinə olan ümidlər itir. Üstəlik, problemlər də artan xətlə davam edir.

 

Son günlər sözügedən yolda, adi halındakından bir neçə qat artıq tıxac müşahidə olunur. Avtomobillər saatlarla yolda qalır. Buna səbəb də “Azərsu” ASC-nin yolboyu boru xətləri çəkməsidir.

 

Yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AYNA-ya açıqlamasında bildirib ki, bu qazıntı işinin onun təmsil etdiyi qurumla heç bir əlaqəsi yoxdur: “AYDA hazırda heç bir qazıntı işi aparmır. Yolda “Azərsu” su-kanalizasiya xətti çəkir deyə qazıntı işləri gedir”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə, AYNA-ya açıqlamasında vətəndaşlara səbirli olmağı tövsiyə edib: ““Azərsu” ASC Bakı-Sumqayıt yolundakı işlərin, demək olar ki, 90 faizindən çoxunu yekunlaşdırıb. Hazırda orada Xırdalan qəbiristanlığının yanında, “Sarı zapravka” kimi tanınan yanacaqdoldurma məntəqəsinin qarşısında işləyirik”.

 

“Oradakı işimizi Dövlət Yol Polisi, Avtomobil Yolları Dövlət Agentliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə görürük. İş prosesinə hər gün intensiv olaraq gecə saat 11-dən sonra başlayırıq. Yəni hərəkətin intensiv vaxtı, insanlar işdən çıxan zaman şimal istiqamətinə doğru gedəndə ciddi əziyyət çəkməsinlər deyə”, - A.Cəbrayıllı bildirib.

“Bütün imkanlarımızı səfərbər etmişik ki, qısa müddət ərzində həmin yoldan çıxa bilək. Artıq bu həftə ərzində yolda işləri tam yekunlaşdırıb Sumqayıt yolundan çıxacağıq” - deyə o, əlavə edib.

 

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda son qazıntı-təmir işi, təxminən bir ay bundan qabaq başa çatıb. İndi növbəti qazıntı gedir. AAYDA “bizlik deyil”, - deyir, “Azərsu” isə “bir azca da dözün” çağırışı edir.

 

Deməli, məsələ yenə gəlib çıxır dövlət qurumları arasındakı koordinasiya, daha doğrusu koordinasiyasızlığa. Əvvəl AAYDA yol çəkəndə “Azərsu”nun “ağlına gəlmədi” ki, oradan kanalizasiya xətti çəkmək lazımdır, niyəsə 1 ay sonra yada düşdü. İndi də “Azərsu” qazıb-töküb gedəndən sonra, AAYDA yenidən peyda olacaq – “yolu belə qoymaq olmaz, axı, asfaltlamaq lazımdır”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10