Son vaxtlar rayonumuzda Mərasim Evlərinin inşası az qala kütləvi hal alıb. Təxmini məlumatlara görə onların sayı 60-a yaxındır. Bir neçəsi də tikilmək üzrədir. Əhalinin sayına görə təkcə rayonun yox, ölkənin də ən böyük ərazi vahidlərindən sayılan Ərkivan bu sahədə də liderlik edir.
Öncə Ərkivanın Miyondi məhəlləsində Gülağa Tənhanın sponsorluğu ilə olduqca möhtəşəm, 2 mərtəbəli Mərasim evi tikildi. Daha sonra Ramazanlı, Bədirli, Həsənəküçə məhəllələrində, məscidin həyətində mərasim inşa olundu. Abbaslı, İsoba, Göllü məhəllələri də birləşərək bu yaxınlarda Göllü məscidinin həyətində mərasim evi tikdilər. Hazırda isə Qızılaküçə məhəlləsində məhəllə sakinlərinin birgə səyi ilə mərasim evi tikilir. Yəqin ki, yaxın vaxtlarda qəsəbənin əhalisinin sayına görə ən böyük məhəlləsi sayılan Bağlaküçə də bu sıradan geri qalmayacaq.
Ərkivan qəsəbəsində sonuncu Mərasim Evi isə ən kiçik məhəllə sayılan Zeynoba məhəlləsində tikilib. Zeynoba məhəlləsində inşa edilən Mərasim Evinin özəlliyi ondadır ki, Miyondi məhəlləsində olduğu kimi (sponsor Gülağa Tənha) burada da bu tikili cəmi bir nəfərin- Xabarovaski vilayətində çalışan məşhur iş adamı Hikmət Əlheydər oğlu Məmmədovun vəsaiti ilə tikilib. Kömək təklif edənlər olsa da, Hikmət müəllim buranı ancaq öz zəhməti hesabına qazandığı pullarla inşa edəcəyini bildirib və edib.
Olduqca maraqlı arxitekturaya malik olan bu Mərasim Evi 6 ay müddətinə tikilib. Burada kişilər üçün 250, qadınlar üçün 100 nəfərlik zal inşa edilib. Mərasim Evində təkcə hüzr məclislərin keçirilməsi yox, digər ehsanların, xeyriyyə işlərinin də icrası nəzərdə tutulub.
Bir neçə gün öncə Mərasim Evinin açılış mərasimi olub. Kənd ruhaniləri, ağsaqqalları, ziyalıları burada verilən ehsan ərəfəsində çıxış edərək Hikmət Məmmədova bu xeyirxah əməlinə görə minnətdarlıq ediblər.
Mərasim Evinin açılışı həm də Hikmət Məmmədovun atası Əlheydər kişinin, anası Gülbahar xanımın vəfat günlərinə təsadüf edib. Onların da ruhuna rəhmət oxunub.
Bu günlərdə Hikmət Məmmədovun həyat yolu barədə ətraflı məlumat verəcəyik.
Zahir Əmənov