Masallı rayonunun Həsənli kənd sakini Toğrul Məhərrəmov redaksiyaya maraqlı bir məktubla müraciət edib. O yazır ki, Masallı Telekommunikasiya Qovşağına rəis təyin edilən Əmanət Əzizov işçiləri üçün yeni taslar müəyyənləşdirib. O sahə rəisi Hüseyn Məcidov vasitəsi ilə işçilərə xəbər yollayır ki, müdir bu vəzifəyə təyinat alanda xərci çox çıxıb, hər işçi öz əmək haqqından bu kəsiri doldurmaq üçün 150 manatından keçməlidir. Mən isə bu təkliflə razılaşmadım. Belə təklif digər rabitəçilərə də edilib. Ona görə də pulu verməyənlər qondarma bəhanələrlə vəzifəsindən uzaqlaşdırılır. Mən də həmin pulu vermədiyim üçün çalışdığım Həsənli kənd ATS-indəki işimdən kənarlaşdırıldım. Səbəb də çox gülməlidir. Belə ki, bir neçə dəqiqəliyə ayaqyoluna getdiyim zaman ATS-ə zəng vurublar, mənim səsimi eşitmədikləri üçün dərhal sənədləşdirib işdən azad eləyiblər.
Toğrul həm də xatırladır ki, Əmanət Əzizov Masallı Poçtamtına müdir təyin olunanda da bu üsuldan istifadə edib və hər işçiyə bildirib ki, Səninlə işləmək istəmirəm. Həmin işçi 100 manat gətirən kimi məsələ həll olunub. Hələ onu da deyirlər ki, Əmanət müəllim bu vəzifəyə keçəndə köhnə iş yerində bütün işçilərin əmək haqqının qulağını kəsib, sonra verib.
Biz bu şikayətə aydınlıq gətirmək üçün Əmanət müəllimin otağına zəng vurduq. Telefonu götürən oğlan bizi xeyli istintaq edəndən sonra dedi ki, müdir məşğuldur. 10 dəqiqədən sonra yenə zəng vurduq. Köməkçi bu dəfə bildirdi ki, müdir iclasdadır. Biz də bildirdik ki, redaksiyadan onu narahat edirik, mümkünsə boş olanda bizimlə əlaqə saxlasın. Lakin yenə soraq olmadı. Eləməyib tənbəllik gəldik Telekommunikasiya Qovşağına. Məlum oldu ki, burada iclas-filan yoxdur. Sadəcə bildirdilər ki müdirin qonağı var. Bundan sonra Əmanət müəllimin mobil telefonuna zəng vurduq. Yenə də onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon xeyli çağırsa da Əmanət müəllim onu cavablandırmadı.
Əmanət müəllimi tanıyanlardan, görənlərdən xahiş edirik, ona bildirsinlər ki, bu məsələyə aydınlıq gətirsin. Eləcə də Telekom işçilərinə xatırladırıq ki, 150 manat elə də çox məbləğ deyil. Boş yerə söz-söhbət yaratmayın, nə istəyirlərsə, onu da verin.