Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabiq gəmi maşinisti, şahmatı sevən Ramiz Mehdiyev – Dənizçini siyasi olimpə aparan ömür yolu


Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. 

Bundan sonra o, Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edəcək.

R.Mehdiyevin siyasi karyerası iki yerə bölünür: SSRİ zamanına və müstəqil Azərbaycana.

Ramiz Mehdiyevin adı çağdaş Azərbaycan siyasi tarixinin 70-ci illərindən çəkilir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub.  R.Mehdiyev 1957-ci ildə – 19 yaşında Bakı Dənizçilik məktəbini bitirir və “Xəzər neftdonanma” idarəsinin gəmilərində maşinist işləyir. O zaman Azərbaycan Xruşşov “ilıqlaşmasının” ilk illərini, eyni zamanda Xəzər dənizində neft çıxarılmasının bumunu yaşayırdı.

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Unversitetinə verir və tarix fakültəsinə daxil olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu, ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramizin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK)  tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür.

1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev artıq ictimi-siyasi iş təcrübəsi ilə LKGİ-də nüfuz qazana bilir. Gənc komsomolçunun təlimatçı vəzifəsində apardığı iş qaneedici olduğundan onu daha irəli çəkməyə qərar verilir. Onu Naxçıvana göndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyir.

Perspektivli komsomol işçisi Naxçıvanda komsomolda karyerasını başa vuraraq elm sahəsinə üz tutur. Nikita Xruşşovun SSRİ-də başladığı “kimyalaşma” kampaniyasının ən qızğın çağında R.Mehdiyev fəlsəfə ilə məşğul olmağı qərara alır.

O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. Bununla da R.Mehdiyevin həyatının “Moskva” dövrü başlanır. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyir. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra R.Mehdiyev vətənə, Azərbaycana qayıdır. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir.

Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir.

O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazanan Mehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.

1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdır. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta – Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edirlər.

1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.

1993-cü ildən fəlsəfə elmləri doktorudur.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Ramiz Mehdiyevi unutmur. Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir.

2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri idi.

Akademik 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).

2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

Qeyri-rəsmi məlumatlarda həddindən artıq zəhmli insan təsiri bağışlayan Ramiz Mehdiyevin öz çevrəsində zarafat etməyi və lətifə danışmağı xoşladığı bildirilir. O, şahmat həvəskarı kimi tanınır.

70-ci illərdə SSRİ-də şahmat xüsusi bir idman sahəsi olaraq fərqlənirdi. Sovet cəmiyyətində qədim hind oyununa maraq böyük idi. O dövrdə Mərkəzi Komitədə çalışan professor Çapay Sultanov öz kitabında yazır ki, Bakıda tez-tez gənc şahmatçıların ümumittifaq turniri keçirilirmiş.

“Fotoxronika” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin dövrdən bəhs edir.  Şəkildə 80-ci illərin əvvəllərində Bakıda təşkil edilən şahmat turnirinin iştirakçıları əks olunub. Şəkildəkilərdən bir nəfər şahmatçı deyil – ön sırada solda dayanan şəxs
o zaman 26-lar rayonunun (indiki Səbail) Partiya Komitəsinin birinci katibi Ramiz Mehdiyevdir. Cənab Mehdiyev şahmat turnirinin iştirakçılarını qəbul edəndən sonra onunla şahmatçıların bu xatirə şəkli çəkilib. Ramiz müəllimin yanındakı xanım məşhur gürcü şahmatçısı, dünya çempionu Maya Çiburdanidzedir… Onun adı 80-ci illərdə bir şahmatçı kimi təkcə SSRİ-də deyil, xaricdə də məşhur idi…

Görüşdən sonra R.Mehdiyev nə barədəsə o zaman tanınmış qrossmeystr  Eduard Qufeldlə xeyli söhbət edibmiş. Sonradan Qufelddən “siz nə barədə danışrdınız?” soruşduqda qrossmeystr belə cavab vermişdi: “Mənim Rusiyanın, Ukraynanın, Gürcüstanın çox sayda yüksək partiya işçiləri ilə görüşüm olub. Amma Mehdiyev nəsə qeyri-adidir. İclasda şahmat haqqında ümumi danışan, partiyanın qayğısından bəhs edən Ramiz müəllim mənimlə təkbətək söhbətdə şahmat barədə elə məsələlərə toxunurdu ki, ona cavab verməkdə çətinlik çəkirdim”.

Yeri gəlmişkən, 1981-ci ildə Mərkəzi Komitə işçiləri arasında keçirilmiş şahmat yarışlarında da Ramiz Mehdiyev özünün yaxşı şahmat oynamğı ilə fərqlənib.

Azpost.info 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10