Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində kadr dəyişikliyi edilib.

XDMX-nin rəis müavini, general-mayor Usubov Cəbrayıl Fridun oğlu tutduğu vəzifədən azad olunub.

Usubov Cəbrayıl XDMK-nın ən nüfuzlu şəxslərindən olub.

Soyadı etibarilə keçmiş DİN naziri, indiki Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla bənzərlik göstərsə də, XDMK-nın rəis müavininin onunla hər hansı qohumluğu yoxdur. Hətta regional mənsubiyyət baxımından da iki Usubov fərqli yerlərin yetirmələridir. Ramil Usubov Xocalıdan, Cəbrayıl Usubov isə Kürdəmirdəndir.

Əldə etdiyimiz məhdud məlumatlardan Cəbrayıl Usubovun bu zamana qədərki xidməti fəaliyyətindən heç bir narazılığın olmadığı görsənir. Hətta generallar arasında ən çox medalla təltif olunanlardan biri də məhz odur. General-mayor 2008-ci ildən indiyədək öz vəzifəsinə uyğun bütün medallarla təltif edilib. Bircə Milli Qəhrəman adından başqa. Görünür, XDMK-nın vəzifə borcu dövlət binalarını və prezidentin mühafizəsini, rabitə əlaqəsinin qorunmasını həyata keçirmək olduğundan bu sahədə xüsusi qəhrəmanlığı ilə seçilmək də asan deyil. Yəni bu strukturun rəhbərləri “ağəlcəkli” zabit sayıldıqlarından onlara ən yüksək orden, medal və fəxri ünvan vermək çox da uyğun görülmür.

Bəlkə ona görədir ki, yarandığı müddət ərzində hərbi qulluqçular arasında ən az Milli Qəhrəman adı alan da elə XDMK olub. Məlumata görə, XDMX-nin yalnız bir hərbi qulluqçusu – Milli Qvardiyanın alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bununla belə, Milli Qvardiyanın tamamilə “ağəlçəkli”lərdən təşəkkül tapdığını demək də haqsızlıq olardı. Onların da Dağlıq Qarabağ döyüşlərində də öz ölçüsünə uyğun xidmətləri var. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə müxtəlif dərəcələrdə yaralanıb. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub. Şəhid Milli Qvardiyaçılardan çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.

Deməli, xidmət göstərdiyi dövr ərzində yalnız bir dəfə Milli Qəhrəman, bir dəfə də “Hərbi xidmətlərə görə” medal alan XDMK-çılar ən çox “Vətən uğrunda” və “İgidliyə görə” medallara layiq görülüblər. Cəbrayıl Usubov da bütün bu medalları alıb. Onun sonuncu dəfə mükafatlandırılması isə ötən ilə təsadüf edir. General 2018-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. Odur ki, bir ildən sonra onun istefaya göndərilməsi təəccüb doğurur.

Zənnimizcə, bunun yalnız bir səbəbi ola bilər: Prezidentin mühafizəsi yeni komandaya tapşırılır. Azərbaycanın ciddi hakimiyyət dəyişikliyi ərəfəsində olduğunu nəzərə alsaq, bu, əslində başadüşüləndir. Zira hər ölkə başçısı özünün qorunmasını ən çox güvəndiyi şəxslərə tapşırmaq istəyər. Amma bu o demək deyil ki, köhnə qvardiya öz işinin öhdəsindən gələ bilmir. Hər halda XDMX-nın indiki heyətinin 1993-ci ildən bəri göstərdiyi xidmətlər göz önündədir, amma hər bir ölkə rəhbərinin özünün daha çox inandığı kadrlar olur və köhnələr yenilərlə əvəz edilir.

Fikrimizcə, XDMX-da baş verən bu dəyişiklik ölkədə ciddi kadr islahatları aparılacağının ən bariz göstəricisidir.

Ovqat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10