Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Regionlarda inkişaf layihəsinin qurbanı olan kənd: Lələ köçüb, yurdu qalıb...


Arzu Qazıyeva: "Hər il dövlət büdcəsindən rayona ayrılan vəsaitin bir hissəsini Sarıbaşa körpü çəkdirməyə sərf etmək bu qədərmi çətindir?"
 
Bu yaxınlarda jurnalist Arzu Qazıyeva, rejissor Nazim Məmmədov və operator Sahib Səfərov “Evimə sarı” adlanan sənədli-bədii film ərsəyə gətiriblər. Film Qax rayonunun böyük bir tarixə şahidlik etmiş Sarıbaş kəndinə və fədəkar sarıbaşlılara həsr olunub.
 
Əvvəlcədən qeyd edim ki, Böyük Qafqaz dağ silsiləsində yerləşən Sarıbaş kəndindən 1394-cü ildə Əmir Teymurun yolu düşüb. Həmçinin XVIII əsrdə Dağıstanı fəth etməyə gedən Nadir şah da məhz Sarıbaşdan keçib. Bundan sonra da neçə-neçə tarixi hadisələrdə Sarıbaşın əhəmiyyətli rolu olub. Yəni Sarıbaş kəndi, sözün əsl mənasında, tariximizin bir parçasıdır.
 
Təəsüflər olsun ki, bu gün Sarıbaşda lələ köçüb, yurdu qalıb. Xruşşovun XX əsrin 60-cı illərində həyata keçirdiyi "regionlarda inkişaf layihəsi"nin qurbanı olan Sarıbaş kəndində, demək olar ki, bu gün kimsə qalmayıb. Kənddə hazırda yaşayan bir neçə ailə də torpağa qovuşandan sonra, Xruşşovun özü görməsə belə, yeni tarix yazmaq naminə köhnə tarixi silmək cəhdi müvəffəqiyyətlə tamamlanacaq. Çünki həyat şərtlərinin ağırlığı sonradan böyüyən nəsli Sarıbaşdan birdəfəlik qaçaq salıb, kənd artıq tarixə qovuşmaq astanasındadır.
 
Elə Arzu Qazıyeva da “Evimə sarı” filmində bundan bəhs edir. Film jurnalistin, sanki harayıdır. Biz də qərara gəldik ki, Arzu xanımla həmsöhbət olaq, Sarıbaşın hazırkı durumuna bir də bərabər AYNA tutaq.
- Arzu xanım, Sarıbaşın bu günündən danışmaq istərdim. Bildiyim qədər, Xruşşovun 60-cı illərdə həyata keçirdiyi layihə zamanı köç etmiş kənd sakinlərinin müəyyən hissəsi sonradan geri qayıdıb...
 
- Xruşşovun hakimiyyəti illərində perspektivsiz sayılan dağ kəndlərinin, yəni SSRİ üçün iqtisadi baxımdan saxlanması sərfəli olmayan kəndlərin köçürülməsi layihəsi vardı və həmin siyahıya Sarıbaş kəndi də salınmışdı. Buna baxmayaraq, həmin kəndin öz elektrik stansiyası, kanalizasiya xətti, televiziya stansiyası, xəstəxanası, klubu, məktəbi olub. Bu köçürülmənin iqtisadi xarakter daşımasından başqa siyasi çaları olmasını deyə bilmərəm. Hər halda, bu, araşdırmaçıların işidir. Bizim məqsədimiz kəndin bu günü və hazırda orada yaşayan sakinləri haqqında film hazırlamaq idi. Bizə maraqlıydı ki, nədir onları kənddə saxlayan, nəyə görə orada çox çətin şəraitdə yaşamalarına baxmayaraq, köçmürlər, fədəkarcasına öz yurdlarında yaşamağa davam edirlər. Oradan köçürülən insanların sonradan geri qayıtması ilə bağlı isə hər hansı fakta rast gəlmədim.
 
- Hazırda kənddə neçə ailə yaşayır?
 
- Sarıbaşda köçürülmədən öncə 300-350 ailə yaşayıb, bu gün isə kənddə 10-15 ailə yaşayır. Onlar da o vaxtdan qalanların övladları, davamçılarıdır.
 
- Belə anlaşılır ki, həyat şəraiti bu gün Sarıbaşı “xaraba” qoyub?
 
- Belə bir atalar sözü var: “bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Kənddə bu gün iş yerləri mövcud deyil, o boyda kəndin ilk tibbi yardım məntəqəsi belə, yoxdur, məktəb bağlıdır. Təbii ki, bunlar kəndi acınacaqlı vəziyyətə salan faktlardır. Sarıbaşı bu gün acınacaqlı vəziyyətə qoyan təkcə sosial şərat deyil, həm də kəndə cavabdeh olan məmurların laqeydliyi, diqqətsizliyidir. 
- Sarıbaş Rusiya ilə sərhəddə yerləşir, o üzdən maraqlıdır ki, kəndin qorunması hansı səviyyədədir?
 
- Biz Sarıbaşa daxil olanda gözümüzə hərbi geyimli cavanlar və onların çadırları dəydi. Onların sərhədçi olduğunu örəndik. Bəlli oldu ki, yay aylarında gediş-gəliş bir o qədər çətin olmadığına görə sərhədçilər Sarıbaşın özündə yerləşdirilirlər. Havalar soyuyanda, kəndə gediş-gəlişin çətinləşdiyi, yolların keçilməz olduğu vaxtlarda isə sərhədçilər İlisuya enirlər. Yəqin ki, bu mənzərə sərhəddin necə qorunması ilə bağlı müəyyən nəticəyə gəlməyə çətinlik yaratmaz. Sərhədin müəyyən olunmuş sərhəd xəttində qorunması üçün infrastruktur yaradılmalıdır, yəni sərhədçilərin postları, qalmaları üçün qapalı məkanlar olmalı, müəyyən xətlər çəkilməlidir. Çox böyük ehtimalla, bu infrastruktur orada yoxdur deyə, sərhədçilər yayı Sarıbaşın özündə, qış aylarını isə İlisuda keçirməyə məcbur olurlar.
 
- Zatən torpaqlarımızı itirə-itirə gedirik, bu tərəfdən də Rusiyanın sakinsiz və sahibsiz qalmış kəndlərimizə "əl qoyması" mümkün görünürmü?
 
- Sarıbaşın o tərəfi Dağıstandır. Sarıbaşlılar deyirlər ki, dəfələrlə sadvalçıların mənəvi hücumlarını dəf etməli olublar. Yəni kəndin etnoqrafiyası, adət-ənənələri, tarixi ilə bağlı faktların saxtalaşdırıldığı məqalələrlə, çıxışlarla mübarizə aparmalı olurlar. Torpağa yalnız hərbi yolla iddia etmirlər ki.
 
- Bu barədə rəsmi qurumlar nə düşünür? Kəndin sakinsiz qalması rəsmi qurumları narahat etmir?
 
- Çəkiliş qrupumuz Sarıbaşa getməmişdən əvvəl rayon mərkəzində bir qədər nəfəs dərməli olduq. Oturduğumuz yer rayon icra hakimiyyətinə çox yaxın idi və ətraf ərazi olduqca baxımlı idi. Asfalt örtüyü bərq vururdu. Rayonun mərkəzi küçələri şüşə kimi idi. Sarıbaşa gedib-gəldikdən sonra isə düşündüm ki, baxmaq, qayğısına qalmaq, əzizləmək ancaq rəsmi qurumların yerləşdiyi ərazilərə aiddir.
 
Qəribə məntiqlə üzləşdim. Sarıbaşı canlandırmaq üçün ora yol çəkilməlidir, körpü salınmalıdır, ancaq bunun üçün kənddə yaşayan insanların sayı çoxlamalıdır. İndi necə olsun? “Birinci toyuq  yaranmalıdır, yoxsa yumurta?” Təbii ki, kəndin canlanması üçün orda insan yaşamalıdır. Amma insanın məskən salması üçün əvvəlcə ora yol çəkilməlidir. “15 ailə üçün körpü salınması inandırıcı deyil”, - deyirlər. Bəs, körpü çəkilməsə, insanlar öz kəndlərinə necə qayıda bilərlər? Kənddə 15 ailə yox, bir nəfər belə, yaşayırsa, onun bu ölkənin vətəndaşı olduğunu hiss etməsi üçün, ona haqqı çatdığı bütün sosial şərait yaradılmalıdır. Təəssüf ki, belə münasibətsizlik təkcə Sarıbaşa yox, Azərbaycanın çox sayda boşalmış, miskin görkəmdə olan kəndlərinə aiddir. Necə olur ki, Xınalıq, Lahıc, İlisu hökumətin nəzarətindədir, ancaq Sarıbaş bu prosesdən kənarda qalır? Yəni hər il dövlət büdcəsindən rayona ayrılan vəsaitin bir hissəsini Sarıbaşa körpü çəkdirməyə sərf etmək bu qədərmi çətindir? Qax rayonu iqlimi, insanları ilə gözəldir. Ancaq bu gözəlliyin qarşısında onun bir parçası olan cənnətməkan Sarıbaşın baxımsız vəziyyətə düşməsi cavabdeh qurumlar üçün qürura toxunacaq qədər utancverici olmalıdır. 

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10