“Vətənini başqa ölkənin maraqlarına satmayacaq peşəkar milli kadrların üstün mövqelərə gətirilməsi amili də Milli Ordumuzun daha da uğurlu olmasının vacib şərtidir”
Türkiyə ordusu 1 həftəlik “Barış Pınarı” əməliyyatında 700 yaraqlını məhv etdi və cəmisi 6 şəhid verdi. Amma biz aprel döyüşlərində 4 günlük əməliyyatda 100-ə yaxın şəhid verdik və işğaldan azad etdiyimiz ərazi də Türkiyənin nəzarətə götürdüyü ərazinin milyonda biri etməz. Elə isə niyə biz təkcə hərbi təlimlərdə bir yerdə oluruq? Olmazmı bu cür əməliyyatlarda bir bölük Azərbaycan əsgəri iştirak etsin? Ən azı təcrübə keçmək üçün. Biz nədən Kosovada, İraqda, Əfqanıstanda bunu edirik, amma Türkiyə ilə deyil?
cenub.az xəbər verir ki, Millət vəkili Fazil Mustafa Moderator.az-ın bu sualına aşağıdakı cavabı verib:
“Azərbaycan əsgərinin bu əməliyyatlarda iştirakı siyasi cəhətdən doğru deyil. Əsas səbəb isə Türkiyə ordusundan bizə hansısa koalisiya təklifi gəlməyib. Bu da onu göstərir ki, bu ordu öz gücünə inanır və istənilən maneəni aşıb-keçə bilir. Təcrübə qazanmanın başqa yolları var və bunu da zaman-zaman ordumuz gerçəkləşdirir. Azərbaycan ordusunun beynəlxalq koalisiya formasında iştirak istisna olmaqla hər hansı bir ölkədə döyüş əməliyyatlarına qatılması bizə böyük problemlər yarada bilər. Biz Türkiyənin bu terorra qarşı mübarizəsində birmənalı yanındayıq, dövlətimiz də bunu açıq şəkildə bəyan etmişdir, xalqımız da hər an Türk əsgərinin salamatlığı və uğuru üçün duaçıdır. Bizim aprel döyüşlərindəki durumumuzla Türkiyənin indiki durumu fərqlidir. Təcrübə baxımından da Türkiyə ordusu ilə müqayisə olunmamız mümkün deyil. Son vaxtlar bizdə də ordu quruculuğunda mühüm irəliləyişlər var, ancaq bu sistemdə korrupsiyanın kökünü kəsmədikcə, arzulanan səviyyəyə çatmağımız çətin olacaq. Bir də əsas olan Vətənini başqa ölkənin maraqlarına satmayacaq peşəkar milli kadrların üstün mövqelərə gətirilməsi amili də Milli Ordumuzun daha da uğurlu olmasının vacib şərtidir”.