Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lütvəli Abdullayev cənubda kimin hambalı olub?||--||



Böyükağa Ağayev:-50-ci illərdə indiki mədrəsənin yerində bir klub var idi. Salyandan gəlmiş Sənan Ağabəyovun rəhbərliyi ilə burada tamaşalar hazırlayardıq. Ən çox xoşladığımız isə Üzeyir Hacıbəyovun O olmasın, bu olsun komediyası idi. Mənin 16 yaşım olsa da, həmin tamaşada Məşədi İbad rolunu oynayırdım. Bir dəfə tamaşa gedən zaman gözləmədiyimiz halda o balaca kluba Lütvəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və digər tanınmış aktyorlar gəlmişdi. Zalda yer olmadığı üçün lap qabaq cərgədə onlar üçün stullar düzdülər. Məlum oldu ki, onlar Masallıya 1 aylığa qastrola gəliblər. Tamaşadan sonra Lütvəli Abdullayev səhnənin arxasına gəlib soruşdu ki, Məşədi İbadı oynayan kim idi? Dedim ki, mən. Səhnə paltarımı və qrimimi dəyişəndən sonra bildirdi ki, sən lap uşaq imişsən ki. Sonra məni özü ilə mehmanxanaya (indiki Təminat şöbəsi) apardı. Səhəri gün yenə həmin klubda bu nəhəng artistlərin iştirak ilə oynanılan O olmasın, bu olsun tamaşasında Məşədi İbad rolunu mənə etibar etdilər. Nə qədər qəribə də olsa mənim, yəni Məşədi İbadın hambalı rolunu hələ o vaxt, 1952-ci ildə hamının sevimlisən çevrilmiş Lütvəli Abdullayev oynayırdı. Həmin tamaşada mən Lütvəli Abdullayevlə yanaşı Bəşir Səfəroğlu (Qoçu Əsgər), Nəsibə Zeynalova (qulluqçu Sənəm) Şəfiqə Qasımova (Gülnaz) və başqaları ilə tərəf müqabil kimi çıxış edirdim.

Həmin vaxtlar bu aktyorlar ildə bir dəfə Masallıya qastrola gələrdi. 3-cü dəfə, 1954-cü ildə qastrola gələn zaman Lütvəli Abdullayeiv özü ilə qəşəng bir afişa da gətirmişdi. Həmin afişada yazılmışdı - Baş rolun, Məşədi İbad rolunun ifaçısı Böyükağa Ağayev, hambal rolunun ifaçısı Stalin Mükafatı laureatı Lütvəli Abdullayev.

Sonralar Bakıya gedəndə onunla tez-tez görüşürdüm. Bir dəfə şəhəri gəzərkən məşhur aktyor Mirzağa Əliyevlə rastlaşdıq. O soruşdu ki, bu cavan oğlan kimdir? Lütvəli müəllim dedi ki, Masallının Məşədi İbadıdır. Elə bil sənin burnundan düşüb. Məşədi İbadı lap sənin kimi oynayır. Mirzağa müəllim təklif etdi ki, gəl səni İncəsənət Universitetinə qəbul etdirək. Bu başdan istedad imtahanın hazırdır. Qalanını da düzüb qoşarıq. Evdə tək oğlan olduğum və maddi imkanımız yol vermədiyi üçün anam bu təkliflə razılaşmadı.

Bir dəfə isə Lütvəli Abdullayev məşhur aktyorlardan birinə məni göstərib dedi ki, bu cavan oğlan sənətin dalınca getsə idi, indi sənin kimilər burada rol oynamaz, küçədə tum satardı.

İndi zaman elə gətirib ki, bizim Məşədi, Böyükağa Ağayev vaxtılə Lütvəli ilə görüşdüyü təminat şöbəsinin tinində bir balaca qəzet köşkünə sığınıb, burada qəzetlə yanaşı hərdən tum da satır.

Böyükağa Ağayevin Masallı futbolunun inkişafında da böyük xidmətləri olub. Hələ gənc yaşlarında 30-35 yaşlılarla yığma komandada oynayan Məşədinin yaşı az olduğu üçün onu başqasının sənədi ilə oyunlara buraxırdılar. Böyükağa həm komandanın kapitanı, həm 11 metrlik cərimə zərbələrinin mahir ifaçısı, həm də ən məhsuldar hücumçu kimi tanınırdı. 25 il Masallı futbolunun şərəfini qoruyan bu insanın Viləşin uğurlarında böyük payı var. Məşədi rayonda həm də hazırcavab və zarafatcıl bir ağsaqqal kimi tanınır.

Bu günlərdə, onun 75 illiyini təntənə ilə qeyd etməyə hazırlaşan - Bəşir, Rafiq, Cəmil, Əmiraslan, Təyyar, Rəfail, Ramiz və digər dostları onu ürəkdən təbrik edir, Məşədiyə həmişə şux və gümrah olmağı arzulayırlar.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10