Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı


Nədənsə futbolu heç sevmədim. Doğrudur, bunu kapitalizmin nəhəng biznes layihəsinə ayıq münasibətim kimi izah edib üstündən rahatca keçə bilərəm, amma səmimi deyim ki, belə deyil. Səbəbini tam olaraq bilmirəm. Görünür çoxlu səbəblər var...

Məsələn, biri bu ola bilər ki, Amerikanın Əfqanıstanı, İraqı dağıtdığı vaxt milyonlarla insanın futbol azarkeşliyi məni qıcıqlandırıb! Anlamışam ki, yaxşı baş qatmaq, diqqət yayındırmaq üsuludur. Bilmiş olarsınız, hakim güclərdə diqqət yayındırmaq ən unikal və özünü doğrultmuş fəndlərdəndir. Çoxlu misallar çəkə bilərəm. Amma mənə inandığınıza əmin olduğum üçün keçirəm başqa səbəblərə.

Futbolu sevməməyim uşaqlığımla da bağlı ola bilər. Çünki heç vaxt futbolu yaxşı oynaya bilməmişəm. Baxmayaraq ki, stolüstü oyunlarda, güləşdə, qaçmaq və uzağa-hündürlüyə tullanmaqda yaxşı idim. Bir müddət karate ilə də məşğul olmuşam. Şotakanla... Deyim ki, yaxşı alınırdı. Müəllimimiz “3-cü dan” qara kəmər ustasıydı. Özü də Azərbaycanda yox, Rusiyada almışdı.

Futbol oynaya bilmirdim, amma həmişə topum olurdu. Atamda bir az xəsislik vardı. Hələm-hələm oyuncaq, velosiped-filan, hətta pal-paltar almazdı bizə. Amma indi xatırladıqca yadıma düşür ki, topum həmişə olub. Özü də rezin-mezin yox, kamerli-çexollu toplar. Kənd yerində də, bildiyiniz kimi, top tapılmırdı. Parça-kulyonka “toplar”ı təpikləyə-təpikləyə axşamacan ora-bura qaçırdıq. Aut xətti olmayan meydançalarda “matçlar” bəzən 8 saat davam edirdi. O inanılmaz enerji hardan idi? Səhər qalxanda yeriyə bilmirdik ayaqlarımızın ağrısından.

Bir əclaf xasiyyətim vardı: oyunun şirin yerində topu qoltuğuma vururdum ki, gedirəm! Bütün kənd uşaqları mənə yalvarırdı. Hətta pul da vermək istəyirdilər! Yumşalmırdım. İnanıram ki, buna görə məni çoxdan bağışlayıblar.

Bibim oğlu topu zorla əlimdən alan yeganə adam idi. Əslində, kənd uşaqları onun qorxusundan xətrimə dəymirdilər. Yoxsa nə var, qulağımın dibinə bir şapalaq vurub alardılar topumu. Bir sinifdə oxusaq da, bibim oğlu məndən üç-dörd yaş böyük idi. Di gəl, yaş-maş vecinə deyildi! Balaca-böyük, kişi-qadın, qohum-yad... beyni çöndüsə kim gəldi əzişdirirdi! Mənə əl qaldırmırdı nədənsə... Sonralar özündən bunun səbəbini soruşdum, dedi, məktəbdə riyaziyyat dərslərində mənə kömək edirdin, ona görə...

Bibim oğlunun futbol tutqusu ömür boyu məni heyrətləndirib. Uduzanda zülüm-zülüm ağlayırdı! Çox vaxt rəqib komandanın yaxşı oyunçularını, öz komandasının isə zəif oynayanlarını, səhv buraxanlarını çırpırdı. Özü də ağlaya-ağlaya... Dəfələrlə qol buraxan qapıçılar onun qorxusundan meydançadan qaçır, bir həftə gözə görünmürdülər.

Bibioğlu topumu zorla alıb aparır, məni saatlarla ağladırdı. Əslində düz edirdi. 20-30 uşağın o boyda həvəsini bir ərköyün uşaq üzündən korlamaq doğru deyildi.

Top mənim idi deyin heç vaxt qapıda durmurdum. Amma saatlarla ayağıma top dəymirdi. Çünki yaşca böyüklər və daha yaxşı oynayanlar vardı. Ən çox yaşdaşlarım qol vuranda paxıllığım tuturdu. Bax o zaman dirənirdim ki, topumu verin, gedirəm!

Bizim oyunlarda hər iki komandanın uşaqlarının hamısı birdən topun arxasınca düşürdü. Heç kim pas vermirdi. Yoldaşlar nə qədər qışqırsa da hamı özü qol vurmaq istəyirdi.

Bəzən bu qovğalar rəqib qapısının arxasında gedirdi. Yəni qapı qalırdı bəri üzdə, top və oyunçular o biri üzdə... Meydançada xətt yox idi axı... Bildiyim qədərilə, küncdən zərbə qaydası 20-ci əsrin əvvəllərində kəşf olunub. Amma bunu bizim kənddə təxminən yüz il sonra, əsrin sonlarında tətbiq etdilər.

Səməd adlı bir yaşıdım var, qulaqları ağır eşidir. Yaxşı oynaya bilməsə də inanılmaz sürəti vardı. Bəzən topu təpikləyə-təpikləyə çıxıb gedirdi. Qulaqlarında küy vardı, nə idisə, elə hesab edirdi ki, yerdə qalan oyunçular onun ardınca düşüb. Uçurdu adam. Onda hamımız meydanın ortasına uzanıb Səmədi gözləyirdik. İnşallah ki, gözdən itməmiş dönüb arxaya baxar, heç kimin gəlmədiyini görər, meydançaya qayıdardı. Bu vaxt kimsə alnın tərini qolu ilə silib məzələnərdi: “Səməd yenə topu götürüb qonşu kəndə getdi!” Bəzən velosipedlə düşürdük Səmədin dalına. İnanın, yenə də çatmaq asan olmurdu.

Üst-üstə qoyulmuş daşlardan düzələn qapıya arxadan girən qolları saymırdılar! Dədə-baba qaydasıyla, qabaqdan vurmalı idik...

Şükür adlı qohumum məndən də pis oynayırdı. O, heç qaça da bilmirdi. Hətta o qədər mənasız oyunçu idi ki, hansı tərəfdə oynadığını unudurdu uşaqlar. Bir dəfə Şükür o qədər unuduldu ki, gedib rəqib komandanın qapısında durdu. Üstünə çoxlu uşaq tökülən müdafiəçi topu Şükürə atdı ki, uzağa vursun, Şükürsə dönüb qoruduğu qapıya qol atdı. Ofsayt söhbəti yoxudu deyə, qolu hesabımıza yazdılar.

Təsəvvür edin, evdə boş-bekaram, Azərbaycanın yığması və ya hansısa məşhur klubu ölüm-dirim matçı keçirir, başımı qaldırıb hesaba belə baxmıram.

Bu qədər yəni...

Qınaya da bilərsiz...

Məsələn, bunun əvəzinə Mayk Taysonun öz həyatı ilə bağlı tragikomik sdendapına böyük coşquyla baxıram. Bəzən gülməkdən uğunur, bəzən göz yaşlarımı saxlaya bilmirəm.

Amma uşaqlıqda “Neftçi”nin oyunlarını maraqla izlədiyim olub. Hətta Maşallah Əhmədovun 8 oyunçunu keçib qol vurmasını, İsgəndər Cavadovun sərrast hərəkətlərini, İqor Panomaryovun Renad Dassayevə vurduğu möhtəşəm onbirmetrliyi, Çanovun qabaqdan tökülmüş saçlarını unutmamışam. Bir də Qavrilov yadımdadı... Bizdə yaxşı futbol oynayanlara Qavrilov deyirdilər. Harda oynadığını xatırlamıram. Bilirəm ki, “Neftçi”də deyildi.

Son illər İran-ABŞ oyununa, Türkiyənin dünya çempionatındakı oyunlarına maraqla baxmışam. Hətta Türkiyə üçün həyəcanlanmışdım da. Bizim aparıcılardan hansınınsa maraqlı bir fikri də yadımdadır: “Türkiyə zəif deyil, Braziliya çox güclüdür!”

Braziliyanın futboluna futbol yox, ayin kimi baxıram. Bu mənada maraqlıdır mənə. Uzaqdan da olsa, komanda kimi Almaniyaya üstünlük verərdim. Onlar kollektiv iş görməyi bacarırlar. Aha, deyəsən, ən həssas məqama gəldik. Bəlkə də futbola biganəliyimin əsas səbəbi Azərbaycan yığmasıdır. Mən rüşvətxor məmurlara belə Azərbaycan futbolundan daha çox inanıram. O qədər əminəm ki, izləməyə ehtiyac hiss etmirəm. Biz kollektiv iş görə bilmirik. Bir azərbaycanlı çox maraqlıdır. Amma ikisi mübahisə, üçü intriqa, dördü problem deməkdir. Futbolda da adam çoxdur: 11. Çətin məsələdir. Hətta, gördüyünüz kimi, xaricilər də kömək edə bilmir. Vətəndaş oldun, qurtardı, idim üstünə qonacaq.

Bir də Cənubi Afrikada keçirilən çempionatdakı vuvuzela aksiyası məni təsirləndirib. CAR bilirsiz də, haradır? Nelson Mandelanın vətəni. Nelson Mandela “Afrika” sözünü elə tələffüz edir ki, adamın içi termos kimi sınıb tökülür.

Afrikadan rəsmi bir qonağım vardı, iki il öncə...

Fildişi sahilindən...

Ordan məşhur futbolçular çıxıb, bilirsiz...

Qonağım münasibətimizə onlarla körpü salmaq istədi. Dedim, futboldan zəhləm gedir, mənə Nelson Mandeladan danış. Gözləri doldu. Gördüm, danışa bilməyəcək, Maykl Ceksona keçdik. Sən demə, bu avara rəsmi vəzifədə işləməsinə baxmayaraq, ritmik folklor musiqisi mütəxəssisi imiş. O, əllərində taxtayla çalırlar haaa... qəribə tərzdə, bax o musiqi.

Maykl Ceksonu doğuran bənzərsiz ritmlər...

Söhbətimiz tutdu.

Ayrılanda dedim, məndən Didier Droqbaya salam deyərsən.

Xeyli güldü...

Belə...

2016






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10