Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə:
“cenub.az” saytının 15.10.2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Lerik rayon sakini İlham İbadovun şəhərin mərkəzindəki evinin qapısının sındırılaraq dəyişdirilməsinin bu şəxsin DİN rəhbərliyinin Lənkərandakı vətəndaş qəbulunda iştirakından az sonraya təsadüf etməsi barədə səslənmiş iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur.
Yazıda qeyd olunanlarla əlaqədar bildirmək istərdik ki, Lerik şəhər sakini, İ.İbadovun həyat yoldaşı Gülbehişt Kazımova evdə olmadıqları vaxt naməlum şəxslərin qapını sındıraraq yaşadıqları mənzilə daxil olmaları barədə cari il oktyabrın 5-də DİN-in “102” Xidməti-Zəng Mərkəzi”nə məlumat verib.
Lerik şəhərinin digər sakini Firuzə Quliyeva tərəfindən də həmin tarixdə, gecə yarısı “102” Xidmətinə tanımadığı kişinin evlərinin qapısını döyərək onları narahat etməsi barədə müraciət daxil olub.
Hər iki məlumat RPŞ-də müvafiq qaydada qeydə alınaraq icrası Şöbənin Təhqiqat qrupuna həvalə edilib.
Birinci məlumatla bağlı G.Kazımovanın evinə gedən polis əməkdaşları həmin ünvanda digər müraciətin müəllifi olan F. Quliyevanın ailə üzvləri ilə birlikdə yaşadıqlarının şahidi olublar. Araşdırma zamanı məlum olub ki, ailə vəziyyəti və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq Lerik rayon İcra Hakimiyyəti Başçısının 04 oktyabr 2019-cu il tarixli 201 saylı sərəncamı ilə üçəm uşaqları olan F.Quliyevaya RİH-in balansında həmin vaxt boş olan, şəhərin H.Aslanov küçəsində yerləşən 12 nömrəli bananın 18 nömrəli üçotaqlı mənzili verilib. Lakin rayonun Züvüç kənd sakini İlham İbadov həmin ünvana gələrək onu və ailə üzvlərini mütəmadi narahat edib, hətta balta ilə üzərlərinə hücum da edib. F.Quliyeva bu barədə oktyabrın 6-da RPŞ-yə ərizə də verərək tədbir görülməsini xahiş edib.
Material üzrə aparılmış araşdırma zamanı müəyyən edilib ki, əvvəllər İ.İbadovun müvəqqəti istifadəsində olan, hazırda yaşamadığı aydınlaşdırılan, birincinin yaşamasını təsdiqləyəcək hər hansı rəsmi sənədin mövcud olmadığı həmin mənzilin F. Quliyevaya verilməsi məqsədilə bu il oktyabrın 2-də Lerik RİH-in Başçısı Aparatının məsul təmsilçilərinin, rayonun baş memarının, Lerik Şəhərinin icra nümayəndəsinin, rayon Mənzil İstismar Sahəsinin və aidiyyatı MİS rəislərinin, mütəxəssislərin və RİH-in rəhbərliyi tərəfindən rəsmi məktubla ərazidə ictimai asayişin mühafizəsinə cəlb olunmuş sahə rəisinin iştirakları ilə 18 nömrəli evin qapısı açılıb. Adları çəkilən rəsmi şəxslər mənzildəki əşyaların siyahıya alınmasında iştirak edərək bu barədə tərib olunmuş müvafiq aktı da imzalayıblar.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, məhz bu hadisədən sonra İ.İbadov və arvadı G. Kazımova müxtəlif instansiyalara həqiqətə uyğun olmayan iddialarla bağlı müraciətlər etməyə başlayıblar, məişət səviyyəsindəki məsələyə əsassız olaraq siyasi don geyindirməyə, bu yolla vəzifə borclarını yerinə yetirən aidiyyatı dövlət qurumlarının nümayəndələrinə, o cümlədən polis əməkdaşlarına təzyiq göstərməyə çalışırlar. Lakin araşdırmaı materialıyla bağlı izahatının alınması ilə əlaqədar təhqiqat orqanı tərəfindən dəfələrlə Lerik RPŞ-yə dəvət olunmasına baxmayaraq indi hüquqlarının pozulmasından şikayətlənən İ.İbadov hər dəfə müxtəlif bəhanələrlə bu çağırışdan yayınmaqda davam edir.