Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropa İttifaqının yeni rəhbərləri nə vəd edir? – Xarici siyasətə yeni baxış (TƏHLİL)



Avropa İttifaqı (Aİ) təsisatlarında ali vəzifələrə yeni təyinatlar ortaya bir sıra suallar çıxarıb. Ekspertlər bu prosesin təşkilatın daxili və xarici siyasətinə necə təsir edə biləcəyi ilə bağlı proqnozlar verirlər. Onların fonunda Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini əvəz edəcək Jozep Borrelin ifadə etdiyi fikirlər maraq doğurub.

Yeni ali nümayəndə bir qədər fərqli tezislər irəli sürüb. Bütövlükdə Aİ-nin xarici siyasətində köklü dəyişiklik gözlənilmir. Lakin aydın görünür ki, müxtəlif istiqamətlərdə müəyyən düzəlişlər də istisna edilmir. Bu, Rusiya, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr, ABŞ, Balkan regionu və digərlərini əhatə edir. Məsələyə kompleks halında baxdıqda, Brüsselin kifayət qədər riskli situasiyada öz geosiyasi nüfuzunu artırmaq niyyətində olduğu görünür. Bu kontekstdə J.Borrelin tezisləri üzərində geniş dayanmağa ehtiyac gördük.

Borrel mərhələsi: 2020-2024-cü illərdə xarici siyasətin əsas istiqamətləri

Aİ rəhbərliyinin dəyişməsindən sonra bu təşkilatın yeridəcəyi siyasi kursla bağlı ekspert proqnozlarının sayı artıb. ABŞ dövlət katibinin Brüsselə səfərinə də məhz həmin kontekstdə yanaşılmışdı. Gözlənilir ki, Aİ daxili və xarici siyasətdə korrektələr edəcək. Görünür, məhz bu səbəbdən Aİ iyerarxiyasında F.Moqerinini əvəz edəcək İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin söylədiyi fikirlər maraq doğurub. Onun dediklərinə bütövlükdə təşkilatın yaxın perspektivdə xarici siyasət istiqamətində diqqət yetirəcəyi əsas məqamların ifadəsi kimi yanaşırlar.

Doğrudan da, J.Borrel qısaca olaraq Aİ-nin 2020-2024-cü illər üçün xarici siyasətinin başlıca istiqamətlərini həm təqdim edib, həm də onlara şərh verib. Onların sırasında Rusiya ilə münasibətlər də vardır. J.Borrel hesab edir ki, Rusiyaya qarşı sanksiyalar hələlik qüvvədə saxlanılmalıdır, lakin bu, yeganə məqsəd kimi qəbul edilməməlidir. Yəni Brüsselin siyasətində sanksiya motivi Rusiya ilə münasibətlərin həlledici məqamı olmamalıdır. Bu səbəbdən Brüssel Moskva ilə dialoq aparmalıdır.

Bunun iki səbəbi göstərilir. Onlardan biri Rusiyanın enerji resurslarından Avropanın hələ də istifadə etməsidir. Belə gözlənilir ki, uzun müddət bu asılılıq qalacaq. Həm də Avropa üçün tam mənası ilə Rusiya xəttini ziddiyyətsiz əvəz edə biləcək qaynaq yoxdur. Bütün hallarda geosiyasi anlaşılmazlıqlar meydana çətinliklər çıxarır və çıxaracaq.

Rusiya faktorunu Aİ üçün aktuallaşdıran ikinci məqam geosiyasi dinamika ilə bağlıdır. Amerika faktiki olaraq bütün böyük geosiyasi güclərlə mübarizə aparır. Vaşinqton öz marağından başqa bir şey tanımaq istəmir. O cümlədən Aİ-yə də ticarət, hərbi və təhlükəsizlik istiqamətlərində təzyiqlər edir. Vaşinqton “Breksit”ə aktiv dəstək verməklə, əslində, təşkilatı zəiflətməyə çalışır.

Bunların fonunda Amerikanın vahid Avropa ordusunun qurulmasına da mənfi münasibət göstərdiyi məlumdur. Deməli, Brüssel birmənalı şəkildə geosiyasi taleyini Amerikaya etibar edə bilməz. Çoxqütblü dünyada Aİ-nin öz mövqeyi olmalı və maraqlarını sona qədər qorumalıdır. Yaxın qonşusu olan Rusiya kimi böyük potensiala malik güclə Aİ düşmən ola bilməz. Onunla müəyyən məsələlərdə ortaq mövqe tapmaq üçün dialoq qurulmalıdır ki, sonra da onu genişləndirmək mümkün olsun. Tarixi imkan yaranan kimi Rusiya ilə hətta tərəfdaş olmaq mümkündür.

Aİ Rusiya ilə bərabərhüquqlu tərəfdaş olaraq “Şimal ölçüsü” proqramını həyata keçirir. Bu proqram Brüssellə Moskvanın bir çox istiqamətlərdə yaxınlaşmasına imkan yaradır. Proqramda Norveç və İslandiyanın da iştirak etməsi daha geniş aspektdə Avropa-Rusiya münasibətlərinə yanaşmaya yol açmaqdadır.

Vurğulanan məqamlar J.Borrelin Rusiya ilə bağlı tutduğu mövqenin əsaslı olduğunu göstərməkdədir. Maraqlıdır ki, o, öz mövqeyini Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsindəki dinləmələr zamanı etdiyi çıxışında səsləndirib. Yəni, kifayət qədər ciddi bir tədbirdə bu barədə danışıb (bax: Будущий глава дипломатии ЕС рассказал о приоритетах внешней политики Брюсселя / ТАСС, 7 oktyabr 2019).

Ancaq ekspertlər ona diqqət yetirirlər ki, bu ilin may ayında J.Borrel “Periodico” nəşrinə verdiyi müsahibədə Rusiyanı “Avropanın qocaman düşməni” adlandırmışdı. Onun mövqeyinin köklü dəyişməsinin səbəbi nədir? Bəlkə, bu, görüntüdür? J.Borrelin özü dediklərinin təhrif olunduğunu söyləyib. Lakin buna kimsə inanmır. Hər bir halda Avropada hesab edirlər ki, söhbət Aİ-nin Rusiya siyasətinə düzəlişlərin edilə bilməsindən gedir.

Reallıqlar və risklər: səmərəli mövqe seçimi

J.Borrel xarici siyasət üçün əhəmiyyətli olan başqa məsələ kimi yanlış informasiyaların yayılmasının geniş vüsət aldığını göstərib. O cümlədən Rusiya ərazisində yerləşən bir sıra informasiya mənbələri Avropa haqqında təxribatçı məlumatlar yayırlar. Bu barədə J.Borrel S.Lavrovla da müzakirə apardığını deyib. Bu prosesə son qoyulmalıdır. Lakin problem ancaq Rusiya ilə məhdudlaşmır. Təşkilatın öz daxilində də analoji informasiyalar yayan mənbələr mövcuddur. Bu baxımdan Brüssel dezinformasiya ilə geniş aspektdə məşğul olmalıdır. Məsələn, seçkiqabağı mərhələdə Avropanın siyasi partiyaları çoxlu dezinformasiyalar yayırlar. J.Borrel deyir ki, bu proses süni intellektdən daha çox istifadə edildikdə, xeyli güclənəcək. Yəni, yeni texnologiyaların tətbiqi də feyk informasiyaların yayılmasına təkan verə bilər.

Bunların fonunda J.Borrelin “Şərq Tərəfdaşlığı” ilə bağlı dedikləri də maraq doğurur. O, həmin proqrama daxil olan dövlətlərlə əlaqələri gücləndirməyi xarici siyasətin vacib aspektlərindən biri hesab edir. Lakin bu, digər dövlətlərə qarşı çevrilməməlidir. Şübhəsiz, burada Avropa rəsmisi Rusiyanı nəzərdə tutur. Özlüyündə bu yanaşma yeni deyil və Aİ-nin yeni qonşuluq siyasəti strategiyasına uyğundur.

J.Borrel açıq deyib ki, “biz “Şərq Tərəfdaşlığı” ölkələrinə yönəlik siyasətdə vahid mövqeni saxlamalı və qonşu ölkələrə dəstəyi gücləndirməliyik. Lakin …kimsəyə qarşı olmadan”. Əlbəttə, “Şərq Tərəfdaşlığı” proqramı Aİ üçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Çünki hazırkı mərhələdə Şərqi Avropa və Cənubi Qafqaz fəal geosiyasi proseslərin məkanına çevrilib. O cümlədən Ukrayna böhranı daha kəskin xarakter alıb. Orada Aİ-Rusiya qarşıdurması təhlükəli həddə çatıb. Başqa tərəfdən, Amerikanın mövqeyini sərtləşdirməsi Brüsselin manevr imkanlarını zəiflədib.

Bu, ümumilikdə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində perspektivlərini aşağı salır. Məlumdur ki, Aİ-nin xarici siyasətində Şərqi Avropa və Cənubi Qafqaz prioritet sayılır. Buna görə də J.Borrel faktiki olaraq yeni bir fikir ifadə etməyib.

Bizim üçün məsələ Azərbaycanın Aİ-yə strateji əməkdaşlıqla bağlı öz təkliflər paketini təqdim etməsi baxımından daha əhəmiyyətli sayılır. Məsələ ondan ibarətdir ki, rəsmi Bakı “Şərq Tərəfdaşlığı” çərçivəsində Brüsselin öncələr təklif etdiyi şərtləri qəbul etmir. Çünki o halda Azərbaycan Aİ-nin xarici siyasətinin obyekti vəziyyətinə düşür. Müstəqil dövlət üçün bu, qəbuledilməzdir. Məsələn, assosiativ üzvlük ona aparır.

Başqaları haqqında fikir bildirmədən deyək ki, Azərbaycanı belə bir vəziyyət qane etmir. Çünki Azərbaycan müstəqil və suveren xarici siyasət yeridir. Həmin səbəbdən 2020-2024-cü illərdə Aİ-Azərbaycan münasibətləri aktuallığını saxlayacaq. Təbii ki, Azərbaycan öz konstruktiv mövqeyində qalacaq. Aİ ilə əlaqələrin bərabərhüquqlu tərəfdaş kimi inkişafına çalışacaq. Əgər Aİ ikili standartlar siyasətinə baş vurmasa, Azərbaycanla münasibətlərdə inkişafın şahidi ola bilərik.

Bütün bunlarla yanaşı, Ukraynaya dəstək və Amerika ilə münasibətlərin yoluna qoyulması da xarici siyasətin prioritetləri sırasına daxil edilib. Həmin çərçivədə transatlantik münasibətlərin yenidən canlandırılmasına J.Borrel ayrıca diqqət yetiriləcəyini qeyd edib.

Daha maraqlısı ondan ibarətdir ki, J.Borrel xarici siyasətdəki uğuru təşkilatın daxilində olacaq vəziyyətlə sıx bağlayıb. “Əgər biz bir yerdə hərəkət etməsək, Avropa yeni dünyada gərəksiz qalacaq. Bu bütövlüyə nail olmaq üçün mən üzv dövlətlərlə işləyəcəyəm”.

Beləliklə, Avropa İttifaqı bir tərəfdən xarici siyasətdə yeniliklər etmək fikrindədir, digər tərəfdən isə daxildə problemlərin mövcudluğunu etiraf edir. Əgər təşkilat inteqrasiyanın yeni səviyyəsinə yüksələ bilməsə, onun üçün xarici siyasətdə səmərəli fəaliyyət göstərmək çox çətin olacaq. Bu isə bütövlükdə təşkilat üçün ümumi situasiyanın mürəkkəb olaraq qaldığını göstərir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10