Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı


Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən, fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib ki, bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub.
Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.
Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib.
Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.
Bundan başqa, “Facebook” sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmalının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.
Həmin faktla bağlı Respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoymuş, onlara əzab vermiş Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildiriblər.
Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən müvafiq araşdırma aparılıb.
Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib.
Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət edib və aşağı ətrafların rentgen müayinəsi keçirilib.
Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.
Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10