Lerik rayonunda İlham İbadov adlı bir şəxs var. Əvvəllər icra hakimiyyətində Hüquq şöbəsinə rəhbərlik edib. Bir müddət AzərTag-ın bölgə müxbiri olub. Hazırda isə Təhsil problemləri qəzetinin bölgə müxbiri işləyir. Hamı tərəfindən birmənalı qarşılanmasada, bir çox hallarda cəsarətli addımları ilə diqqət çəkir.
Bu yaxınlarda Daxili İşlər Naziri Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edərkən İlham İbadov da onun qəbulunda olub. İlham İbadovun əsas narazılığı Lerik rayonunun hazırkı İcra hakimiyyəti başçısından və həmin rayonun millət vəkili İqbal Məmmədovdan olub.
İ. İbadovun bizə bildirdiyinə görə (əlimizdə onun səs yazısı da var) o nazirin qəbulunda deyib ki, Lerikdə məmurların çiyinləri “yaradır”. Səbəbini də belə izah edib ki, məmurlar Relax istirahət mərkəzinə kartof-soğan, toyuq-cücə daşımaqdan beziblər. İlham İbadov onu da vurğulayıb ki, Lerik rayonu Relaxdan idarə olunur. İcra başçısı Relaxın qeyri-rəsmi sahibi İlqar Məmmədovun onun diqtəsi ilə işləyir.
İlhamın şikayətinə “reaksiya” özünü çox gözlətməyib. Onun bildirdiyinə görə şikayətindən bir gün sonra İ. İbadovun Lerik şəhərinin mərkəzindəki evinin qapısı sındırılaraq dəyişdirilib. Hazırda o öz evinə girib, əmlakına sahiblik edə bilmir
Bununla bağlı 102 xidmətinə, rayon polis şöbəsinə, prokurorluğa, DTX-nin rayon şöbəsinə müraciətləri cavabsız qalıb. Sadəcə şifahi şəkildə bildirirlər ki, qapınız icra başçısının aktına əsasən sındırılıb. Rəsmi heç bir cavab vermirlər. (Müvafiq qanunlara görə məhkəmə qərarı olmadan kimsənin əmlakına toxunmaq olmaz).
İ. İbadov hazırda olayı məhkəmə yolu ilə həll etmək istəyir.
İ. İbadovun şikayəti ilə bağlı icra hakimiyyətinin bir neçə məsul şəxsinə zəng vursaq da telefonu açan olmadı. Deyirlər ki, onlar tanımadığı (bəlkə də tanıdığı üçün) nömrələrdən gələn zənglərə cavab vermirlər.
Biz bütün hallarda qarşı tərəfin fikirlərinə yer ayırmağa hazırıq.
Bəyali