Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zərli şüşəciklər, qırılmış ürəklər və boş qalmış gündəlik - Elinanın otağından reportaj - İlk dəfə


Ayxan Ayvazın mərhum məktəbli Elina Hacıyevanın yaşadığı evindən yazdığı reportajı təqdim edirik.

Elinanın pəncərəsindən Bakıya yağış yağırdı. Pəncərədən ağaclar, ağacların arxasında futbol meydançası görünürdü. Elina bu pəncərədən baxırdı gəlib-keçənlərə, futbol oynayanlara, ağaclara, Günəşə...

Elinanın otağında işıq sönmüşdü. Lampa yanmırdı. Pərdələrin üstündə xırdaca işıqlar uzanıb gedirdi...

Bu otağa girmədən əvvəl yağışın xəfifcə toxunduğu küçəylə Elinanın atalığı Seymurla söhbət edə-edə evlərinə gedirdik. Elinanın balaca həyatını sığışdırdığı evə...

- Biz o hadisəni heç cür unuda bilmirik...

- Tək sizmi? Heç kim unuda bilmir. Unutmaq mümkün deyil.

Narın yağışın altında xırdaca söhbətlər edə-edə beşmərtəbəli binaya giririk. Elinagil lap yuxarıda, 5-ci mərtəbədə qalırlar.

İçəri keçəndə balaca bir qız uşağı ayaqlarımdan qucaqladı, başını qaldırıb təbəssümlə mənə baxdı.

- Mələk, əmini burax, keçsin içəri.

Uşaq ayaqlarımı buraxdı, ancaq qucağının qapısını örtmədi. Boşluğu qucaqlaya-qucaqlaya gülümsündü...

...Pəncərədə boşluqdur. Adamlar gözə dəymir. O futbol meydançasında bir sərsəri Bakı küləyidir, bir ağaclardır, bir də hərdən sağa-sola qaçan pişiklər.

Elinanın çarpayısında iki “Miki-Maus” var: biri böyük, biri balaca. İkisi də yastığının böyründə bir-birinə sığınıb durub. Ana-bala kimi. Üzlərində əbədi təbəssüm.

Bu “Miki-Mauslar”ı Elinaya nənəsi alıb. Elina onları heç kimə verməzmiş, arada söhbət edərmiş, gecələr bəzən qucaqlayıb yatarmış.

Ancaq anası etiraz edir:

- Yox, onlarla yatmırdı!

Anasını eşitmirəm elə bil, Xəyalımda nədənsə o cür təsəvvür edirəm: Elinana “Miki-Maus”u qucaqlayıb yatır...

Elinanın əşyalarına baxıram. Bilərziklər, boyunbağılar, ətirlər... Arada qəribə əşyalar da gözə dəyir. Məsələn, balaca şkaf, siyirmələri... Siyirmələrin içində Elinanın bilərzikləri görünür. Bir də zərlə dolu balaca şüşəciklər. Yaman çoxdu bundan. O şüşəciklərin birində isə zər yoxdu, içində dəniz səyyahlarının məktublarına bənzər məktub var. Çox xırdadır amma. Dedim, qoy bu burda qalsın. Bəlkə də onu bir sirr kimi saxlamaq istəyib. Qoy elə sirr olaraq qalsın.

Saatını əlimdə tutdum: vaxt 8-i göstərirdi. Zaman Elina ilə donmuşdu.

Darağında, mələk tacında saçı qalmışdı Elinanın. Arxasında saç qurutma maşını. Elə bil indicə yuyunub, saçını qurulayıb, sonra da darayıb. Hazır olandan sonra da mələk tacını taxıb.

Elinanın mələk suvenirləri çoxdur. Bir neçəsinə baxdım.

- Mən də baxım... – bayaqkı Mələk adlı qız gəldi, suvenirlərdən birini əlimdən aldı.

Elina bu suvenirlərini baş ucuna qoyarmış, onlardan özünə qala qurarmış, özünü bütün pisliklərdən qorumaq istəyərmiş...

Bir də Mələklə, anasının yeni uşağı ilə daha çox vaxt keçirərmiş, onunla yatarmış bəzən, sevərmiş onu, qoymazmış kimsə danlasın o balaca qızı...

Oyuncaq meymun, dovşan, makyaj qutusu... Pop-Korn da var burda.

Elina pop-kornu alıb Koreya filmlərinə baxarmış. Koreyalılara elə ordan maraq salıbmış, hər gün onları araşdırırmış. Özü də Koreya dilində öyrənirmiş, bəzən yazanda Koreya dilindən geninə-boluna istifadə edərmiş.

Bəlkə, heç kim onu başa düşməsin deyə bu dili öyrənibmiş...

Bəlkə, heç kimin onu anlamadığına bir işarədir Koreya dilinə marağı...

Bir də ingilis dili... “Dərs oxu” deyəndə Elina ingilis dili kitabına sarılarmış, otağına gedərmiş və saatlarla oxuyarmış...

Dəftərlərinə baxıram... Bir dəftəri belə açılır: “203” rəqəmi və ürək şəkli. Sevdiyi məktəbin nömrəsidir. Təzə məktəbə heç cür alışa bilmirmiş. Deyirmiş, “203”-ə qayıtmaq istəyirəm. Buna görə bir dəfə yastığını da göz yaşlarıyla isladıbmış.

Yəqin, çoxlu-çoxlu ağlayıbmış Elina. Gizlədib öz göz yaşlarını. Utanıb kimsə görər deyə. Göz yaşlarını yaraşdırmayıb üzünə...

Çəkdiyi rəsmlərə baxıram. Bir rəssam yetişəcəkmiş, sən demə.

Simpsonlar ailəsinin bir nümayəndəsini çəkib. Uzanan bir yoldu, tək-tük ağaclardı, bir də buludlar. Simpson təkdir, ürkək gözləri ilə yola baxır, yəqin, onu götürəcək maşını gözləyir...

Ən çox sevdiyi dərs ingilis diliymiş Elinanın. Hə, bir də Tarix. Dəftərlərinə baxanda gördüm ki, sevdiyi fənlərdən yazdığı yazılarda xətti çox gözəldir. Harda ki, xətti əyri-üyrüdür, o fənni sevməyib.

Bir dəftəri də belə açılır: “Elina – 203 – One Love.” Yəni tək sevgim.

Başqa birini əlimə alıram... Rusca yazılıb: “Bu xətlər düz olanda hamı sizi xatırlayacaq”. Yazının yuxarısında kardioqram işarəsi, dörd tərəfdə qırılmış, qara ürəklər...

Bir vərəqdə isə ingilis, rus dillərində qarışıq yazı çıxır qabağıma. Vərəqin hər tərəfindən yazıb özü də. Qıraqdan baxanda burulğana oxşayır. Elə bil, Elina qışqırıb, bağırıb. Bu sözlərin o cür yazılışı çığırtını ifadə edir. Vərəq əlimdə çığırırdı sanki...

Başqa bir vərəqdə günəbaxan şəkli. Hətta Elina solmuş günəbaxanın altına rusca «подсолнух» da yazıb. Sanki bununla onun günəbaxan olduğunu təsdiqləmək istəyib. Elədi axı. Bəzən nəyəsə baxırsan, görürsən, o deyil. Bəlkə, Elina öz həyatının rəsmini çəkmişdi burda. Həyat var, ancaq o elə görünür ki, altına mütləq “həyat” yazmalısan. Kənardan baxanda onun həyat olduğunu ayırd edə biləsən deyə.

Məktəb kitabçası. Gündəlik, yəni. Vərəqləməyə başlayıram. Yaxşı gedir, Elina səliqəlidir, bütün xanaları doldurub. Amma sonlara doğru gündəlik boş görünür. Hər tərəfdə sual işarələri var. Qulağımı söykəyirəm gündəliyə: Elinanı bezdirirlər, Elinanı incidirlər, Elinanı itələyirlər, Elinanı gözümçıxdıya salırlar.

Gündəliyin altında sinif rəhbəri nidalı cümlə yazıb: “Dərsə hazır deyil!”

Başqa bir gün: “Gündəliyi doldur”

“Dərsə gecikib”

“...”

“?”

“?”

Və bu sona qədər davam edir...

Gündəlik barmaq silkələmələrlə doludur. Elinanın gözəl xətti ilə başlayıb, sinif rəhbərinin barmaq silkələməsində bitən məktəbli kitabçası. Arada qarışıq səslər var, sıxma-boğmalar var, ata var, ana var, nənə var, təklik var, yastıq var, “Miki-Maus” var, rəsmlər var, Koreya dili var...

Elina o günlərdən sonra gec yatırmış. Telefon düşməzmiş əlindən. Anası ilə həmişə bunun üstündə dalaşırmış.

- Mama, day telefon...

Yeməyi çarpayısında yeyərmiş. Bardaş qurub oturar, ayaqlarının üstünə qoyar. Qıraqdan baxanda Buddaya bənzərmiş. Anası bir dəfə, iki dəfə danlayıb. Amma xeyri olmayıb. Yemək yeyə-yeyə telefonda filmə baxarmış.

Dəftərlərin arasında düzəlmə bir qızılgül tapdım. Elina özü hazırlayıbmış. Özü üçün gül düzəldib. Elina üçün qızıl gül...

Üzgün olduğu, adamlardan bezdiyi vaxt çəkilərmiş otağına, ya rəsmlər çəkərmiş, ya da bilərziklər düzəldərmiş.

Çalışma dəftərlərinin içində belə bir yazı:

“İyirmi altı noyabr

Sinif işi

Çalışma 

“Allahda səda gəlir ki, əl saxla”

Bir neçə nümunə cümlə var. Ancaq mən bu cümlənin üstündə dayandım. Cümləyə qulağınızı söykəsəniz uğultu eşidərsiniz: “Elina, etmə, eləmə...”, “Bəsdi...”, “Hey, Elina atdı özünü...”

“Allahdan səda gəlir…” yox, “Allahda səda gəlir…” yazıb. “N” hərfi yaddan çıxıb. Elina o ümid dolu cümlənin bir hərfini yazmayıb. Qulağımda təzədən cümlələr peyda olur: “04.04.19 tarixində 162 №-li tam orta məktəbin...”

Elina dəftərdə yazır: “Babam başımı sığallayıb alnımdan öpdü...”

Təzədən sözlər külək tək qulağıma dolur: “Hacıyeva Elina 09:40 radələrində özünü atıb...”

Çarpayısı boşdur, oboy bir az cırılıb, yanında beşik var, o biri tərəfdə atalığı və anası yatır.

Elina evdən çıxmağı sevmirdi. Hərdən rəfiqələri gəlirdi yanına. Əsas da Diana. Dalaşırdılar Dianayla. Səbəb də bu: Diana onun şirinliyinə dözə bilmir, tutub öpürdü! Elina buna dəli olurdu, başlayırdı Diana ilə dalaşmağa. Ona toxunanda isterik səs çıxarırmış. Anası deyir, bəlkə də evdə beləydi. Məktəbə gedəndə ona sataşanlara heç nə deyə bilmirmiş, içinə yığırmış o sözləri. O yığılmış sözlərin acığını çıxmaq üçün özünə yer tapa bilmirmiş...

Ad günlərində anasından hədiyyə istəməzmiş.

- Tort istəyirdi. Bir də deyirdi, hədiyyə yerinə “denqi” ver, özüm alım. Dəhşət zarafatcıl idi. Nəsə danışanda gülməli danışırdı, adam onu “prikol”a tutmaq istəyirdi.

Diana ilə bir yerdə gedirlərmiş məktəbə. Diana onun qoruyucu mələyi idi, hər yerdə onu qoruyurdu. Diana zirək qız idi, heç kim onun olduğu yerdə Elinaya artıq-əksik söz deyə bilməzdi.

Əvvəlki məktəbində bir mələyi vardı.

Sonuncu oxuduğu məktəbdə o mələk yox idi.

Onu qoruyan mələk uçub getmişdi.

Paltarlarına baxdım. Ağ rəngi sevərmiş. Mələkləri çox sevdiyindən ağ rəngə də aşiqmiş. Paltarlarının çoxusu ağappaq idi. Bəlkə özü də mələyə çevrilmək istəyirmiş.

Danışmağı da çox sevərmiş. O qədər danışırmış ki, anası başını tutub qaçmağa yer axtarmış. Məktəbdə nələr oldu? Kim kimi itələdi, kim kimə sataşdı?

Sonra Elina danışmamağa, susmağa başladı. O qədər çox susdu ki... Anası Elinanın mətbuat xidmətindən – Dianadan məlumatlar alırdı: filan yerə getdi, dərsdən çıxıb bir nəfərlə görüşdü.

- Qadağalar qoymurdum. Amma deyirdim, gəlib mənimlə danışsın. Mənə desin, bilim ki, hardadır. Biz onunla ana-bala kimi yox, rəfiqə kimi olmuşuq. Ona həmişə deyirdim, sən gündəlik tut, yaz, mən bilim hara gedirsən. O da deyirdi, gündəlik tutum, sən də hər şeyi oxu, hə?

Elina anasız qala bilmirdi. Anası işə düzələndə, evə gec gələndə əsəbiləşirdi. Hərdən atasının yanına gedirdi. Ya da nənəsinin. Amma çox dura bilmirdi orda. Təzədən bu evə qayıdırdı. Yenə çarpayıda yeməklər, Koreya dili, rəsmlər...

Elina getdikcə sona yaxınlaşırdı. O dəhşətli gündən bir gün əvvəl evə gəlib və yatıb. Gecə oyananda anası ondan soruşub:

“Acsan?”

Elina yemək yeyib, telefonla qurdalanıb və təzədən yatıb.

Həmin gün hava da gözəl idi. Hərzamankı kimi Elina tezdən oyanıb, saçını darayıb və küçəyə çıxıb. Atalığı da yanındaymış. O aparıb məktəbə. Həmin gün çoxlu-çoxlu gülürmüş Elina. Çox xoşbəxt imiş.

Çarpayısı onsuz qalmışdı. “Miki-Maus”ları da. Elinanın pəncərəsindən baxıram: narın yağış kəsib, küçə mürgü döyür...

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10