Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kirayə qaldığı mənzilləri almaq istəyənlərin - NƏZƏRİNƏ


Prezident İlham Əliyev bu ilin yanvar ayının 25-də imzaladığı fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq etdi.
Fərmanda Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir.
Bunlara, əsasən, müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması, ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi daxildir.
Həmçinin, şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılması da vacibdir. Lakin bu vaxta qədər kirayə mənzillərə müraciət hələ başlanmayıb.
İqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı sualları cavablandırarkən bildirib ki, kirayə mənzillərə sahib olmaq üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib.
Vətəndaşlar təkcə internet üzərindən deyil, həm də “ASAN xidmət” vasitəsilə kirayə mənzillər üçün müraciət etmək hüququnu əldə edəcəklər.
Kirayəçi Fondla kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra minimum 12 aylıq ödənişi qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.
Fərz edək ki, vətəndaş Fondla 15 il müddətinə kirayə müqaviləsi bağlayır.
Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 min manat təşkil edir. Və vətəndaş mənzilə 15 illik müqavilə ilə sahiblənmək istəyir.
Bu, o deməkdir ki, həmin şəxs aylıq 555.55 manat kirayə pulu ödəməlidir.
Buna görə aylıq ödənişin 12 mislini, yəni 6666,67 manat ödədikdən sonra 14 il ərzində hər ay 555,55 manat ödəniş etmək öhdəliyi yaranır.
Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədikdən sonra Fond kirayə götürülmüş yaşayış sahəsinin vətəndaşın mülkiyyətinə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir. 
Ekspert V.Bayramovun sözlərinə görə,12 aylıq kirayə pulunu əvvəlcədən ödəmək ilkin ödəniş anlamına gəlmir.
İqtisadçı deyib ki, həmin mənzillərin yekun qiyməti isə onların xərcindən asılı olacaq:
“Fond mənzilləri almaq üçün 3 faizlik ipoteka istiqrazları yerləşdirir. Fond mənzilləri aldıqdan sonra onların xərclərini, ümumi məbləğini hesablayacaq. Bundan sonra isə aylıq ödəniş müəyyənləşdiriləcək. Ödəniş isə yalnız milli valyutada olacaq. Gələcəkdə milli valyutanın məzənnəsində dəyişiklik olsa belə, rəqəm dəyişməyəcək”.
V.Bayramov dünya təcrübəsində nümunə gətirərək deyib ki, mənzillərin aylıq kirayə haqqı ərazilərdəki kirayə qiymətlərinə yaxın olur.
Ekspert Fondun birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verdiyini də söyləyib:
“Xüsusən də Xırdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Bu, birbaşa onunla bağlıdır ki, kirayə mənzillərə tələb çoxdur. Buna görə də İpoteka və Kredit Zəmanət Fondu daha çox mənzillə müraciətləri aktivləşdirməyə çalışır.
Prosesin nə zaman başlaması Fonddan asılıdır. Ancaq güman olunur ki, Fond yaxın aylarda kirayə mənzillərlə bağlı müraciətləri aktivləşdirəcək. Artıq elektron sistem və müraciət mexanizmi hazırdır. Sadəcə gözlənilir ki, Fond daha çox mənzil aldıqdan sonra prosesə başlansın”.
Məhkumluğu, müraciət anına vaxtı keçmiş öhdəlikləri, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan vətəndaşları kirayə mənzilləri əldə etmək hüquqdan istifadə edə bilər.
Kirayə müqaviləsinə xitam verildikdə isə Fonda ödənilmiş aylıq ödənişlər geri qaytarılmır.
V.Bayramov bu məqama diqqət çəkib:
“Tutaq ki, vətəndaş 10 il ödəniş edir, bundan sonra isə hansısa səbəbdən pulu verə bilmir. Qanunvericiliyə əsasən 60 gün ərzində ödəniş edilmirsə, o zaman həmin mənzil Fondun sərəncamına keçir və digər vətəndaşa təklif olunur. Amma kirayə mənzil götürəcək vətəndaşlar öhdəliyin üçüncü şəxsə satılmasını müqaviləyə daxil etdirə bilərlər. Bu, qanunvericilikdə də nəzərdə tutulub.
Bu, o deməkdir ki, vətəndaş ödəniş edə bilmədikdə, o, həmin öhdəliyi kirayə qalmaq istəyən digər birinə satır. Məsələn 10 il ərzində 40 min manat ödəniş edibsə və 50 min manat öhdəliyi qalıbsa, o zaman digər şəxslə razılığa gəlir. Həmin şəxs də ona 40 min manat ödəməklə öhdəliyi alır”, - deyə V.Bayramov əlavə edib.

oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10