Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

6 il sədr işlədi. Amma 8 il cəza aldı||--||



Ötən ilin 23 dekabrında ölkəmizdə daha bir bələdiyyə seçkisi keçirildi. Adamlar əksər yerlərdə siyahı ilə bələdiyyələrdə əyləşdirildi. Bu seçkidən bir ay keçməmiş Astara rayonunun Ərçivan bələdiyyəsinin keçmiş sədri Mirzağa Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edildi. Ad da qoydular ki, vəzifəsindən sui-istifadə edərək, xalqa yox, özünə xidmət edib. Yəni, bir həyət yeri sahəsini eyni vaxtda bir neçə nəfərə satıb, kəndarası yolları təmir etdirməyib, imkansızlara yardım göstərməyib, bələdiyyənin pullarını mənimsəyib.

Söhbət etdiyimiz Ərçivan kəndinin sakinlərindən heç biri Mirzağa Nuriyevi müdafiə etmədi. Öz cəzasıdır, qoy çəksin dedilər. Sanki bu cəzanı ona kənd sakinləri verib.

Onu da xatırladaq ki, Ərçivan kəndinin bəxtində narahatçılıq doğuran hallar çox olub. Subtropik əməliyyatında bu kənd basqına məruz qalıb. Bakıda bina çökəndə Ərçivan kəndinin bir neçə sakini qalıqların altında qaldı, neçə-neçə ailə başçısını itirdi. Rayonda ən çox kasıb olanlar da bu kənddə yaşayır. Dəfələrlə bu kəndin məscidi basqınlara məruz qalıb. Olanlar azmış kimi, bu günlərdə kəndin keçmiş bələdiyyə sədrini də həbs etdilər.

Çoxlarına bəllidir ki, əksər bələdiyyələr əhaliyə xidmət etmir. Bələdiyyə sədrliyini kim ona hədiyyə edibsə, onlar da həmin şəxsə xidmət göstərirlər. Daha dəqiq desək, bələdiyyələr icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyətdədir. Adının çəkilməsini istəməyən bir Astara sakininin sözlərinə görə həbs edilən sabiq bələdiyyə sədri Mirzağa Nuriyevin günahı təkcə yuxarıda sadalanan nöqsanlar deyil. Hamı bilir ki, bir çox bələdiyyə sədrinin əsas vəzifəsi bir torpaq sahəsini bir neçə nəfərə satmaq, məqam düşəndə yuxarılara işverənlik etmək, bələdiyyəyə yığılan pulları icra hakimiyyəti başçısına xərcləmək, eləcə də böyüklərə Bəli, bəli deyib torpağı onun dediyi adamlara satmaqdır.

Gözümüzün qabağında Astara şəhərinin Giləkəran hissəsində qəbiristanlıq üçün ayrılmış yeri icra hakmiyyəti başçısı bələdiyyə sədrinin əli ilə sakinlərdən zorla alıb satdı. Şiyəkəranda oxşar hadisələr baş verdi. Misalları artıra da bilərik. Mümkündür ki, bələdiyyə sədrləri içərisində qanunu sevən adamlar da olsun. Lakin onlar azlıq təşkil edir.

Bəs Mirzağa Nuriyevin əsas günahı nədir? Suala cavab verməmişdən əvvəl onu da deyim ki, M. Nuriyevin cinayətlərinə haqq qazandırmırıq. Sadəcə onu demək istəyirik ki, belə tutulası bələdiyyə sədrləri yüzlərlədir. M. Nuriyevin günahı isə ondadır ki, bələdiyyədən qazandığı pulları Astaranın keçmiş icra hakimiyyəti başçısı O. Abbasova ötürə bilməyib. İstintaqın qarşısını almaq üçün pul xərcləməkdə xəsislik edib. Bəlkə də pulu olmayıb.

Adının çəkilməsini istəməyən keçmiş istintaq işçisinin dediyinə görə Ərçivan bələdiyyəsi bələdiyyələr içərisində bəlkə də ən az korrupsiyaya uğrayan yerli

özünüidarəetmə orqanı olub. Sadəcə onun sədrini müdafiə edən tapılmadı. Yuxarılara lazım olub ki, bir neçə bələdiyyə sədrini həbs etsinlər. Bununla da göstərsinlər ki, iş gedir. Digərlərinə də dərs olsun. Ələ keçirtdikləri haram pulları tək yeməsinlər.

Yeni seçilmiş bələdiyyə sədrləri də siyahı ilə bu vəzifəyə gətiriliblər. Bir vaxtlar M. Nuriyevi də bu yolla bələdiyyə sədrliyinə vermişdilər. Sonradan qurbanlığa çevrildi. Yeni sədrlərə isə tövsiyəmiz odur ki. ağalarına çox da bel bağlamasınlar. Əks halda onların aqibəti də M.Nuriyevin aqibəti kimi olacaq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10