Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı yaxınlığında sürünənlər oylağı: İçi zəlilərin məkanıdır, çölü ilanların


Əraziyə yaxınlaşmaq istəyənlərın xəbəri olsun ki, bu, heç də asan iş deyil
 
Azərbaycanda irili-xırdalı onlarla göl var ki, onlar haqqında çoxumuzun məlumatı yoxdur. Masazır qəsəbəsində yerləşən Zəligöl də belə göllərdən biridir. Etiraf etməliyəm ki, adını məktəbdə coğrafiya dərsindən öyrənsəm də, haqqında məlumat alsam da, bir dəfə də olsun görməmişdim. Bu günlərdə qismət oldu.
 
Duz gölünə axıdılan kanalizasiya suları barəsində reportaj hazırlayan zaman Zəligölü də görmə imkanım oldu. Hə, unutmadan deyim ki, birdən siz də Zəligölü görmək eşqinə düşərsiniz. Bu, heç də asan iş deyil.
Belə ki, şəhərdən bir qədər uzaqda yerləşən Zəligöl istixana kompleksinin ərazisinə düşdüyü üçün ərazi hasarlanıb və hər kəsin daxil olmasına imkan verilmir. Amma balıqçılar ora gedib balıq tuta bilirlər.
 
Üstəlik, ərazinin yolu da ürəkaçan deyil. Ancaq hündür avtomobillə gölün ətrafına rahat çatmaq olur. Əks halda ya ayaqqabınız cırılacaq, ya da yarı yoldan qayıtmalı olacaqsınız.
 
Biz gedən zaman, istixanadan çıxan tullantıları yandırdıqları üçün, tüstüdən və yanan zibilin iyindən orada dayanmaq mümkün deyildi. Amma işimiz budur - sona kimi ərazini gəzib, maraqlanmalı idim.
Sahəsi kiçik olan Zəligölün özünəməxsus mənzərəsi olduğunu deməmək günah olar. Qurunt sularının yaratdığı bu gözəlliyin ətrafı zibillə, qamışlarla dolu olsa da, gölün özü insanın ruhunu dincəldirdi. Orada hətta ilin dörd fəslində balıqçıları görmək mümkündür. Bəxtimizdən bir neçə balıqçı göldə balıq tuturdu. Onlarla həmsöhbət oldum.
 
Öyrəndim ki, Zəligöl yaz və yay aylarında çox sayda zəli ilə dolu olur. Ona görə də gölün yaxınlığında dayanmaq təhlükəlidir. Elə gölün də adı zəlilərdən götürülüb. Amma göldə yaşayan tək zəlilər deyil. Burada qurbağa, balıq, supişiyi kimi canlılar da var.
 
“Yaz-yay mövsümündə gölün ətrafında ilanların əlindən hərəkət etmək çətin olmur. Hələ qurbağaların səsini demirəm. Mənzərəsi və təbiəti çox maraqlıdır. Balıqlar az sayda olsa da, bizə yetərli qədərdir”, - deyir balıqçılardan biri.
 
Ətraf çox baxımsız vəziyyətdədir. Halbuki, buraya yerli və əcnəbi turistləri cəlb etmək mümkündür. Lakin göl və ətrafı zibilliklər içində batıb gedir. Axı bu cür gözəlliyi turistlərə göstərə biləriksə, niyə məhv edirik?!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10