Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Xəbərlərdə siyahıyaalınma prosesinin başa çatdığını eşidəndə məəttəl qaldım...”


BDU müəllimləri siyahıyaalmadan kənarda qalmaqlarından şikayət etdi...
Boran Əziz: “Bazar ertəsi bir qrup müəllim Prezident Administrasiyasına və Statistika Komitəsinə şikayətə gedəcək...”


Xəbər verildiyi kimi, Azərbaycanda oktyabrın 1-də başlayan əhalinin siyahıyaalınması prosesi dünən- oktyabrın 11-də  başa çatıb. Lakin  vətəndaşlar arasında bu prosesdən kənarda qalmalarından şikayətçi olanlar da var. Bu haqda sosial şəbəkələrdəki  post və şərhlərdə  də kifayət qədər məlumat var. 

Bakı Dövlət Universitetinin bir qrup müəllimi də bu cür  şikayətçilər sıradadır. 

Tanınmış tarixçi, BDU-nun professoru Boran Əziz açıqlamasında bldirib ki,  40-a yaxındigər  universitet müəlliminin də yaşadığı sakini olduğu binada siyahıyaalma prosesi hiss olunmayıb. Siyahıyaalma komissiyası onların qapılarını döyüb siyahıya almayıblar.  

“Televiziyadakı xəbərlər proqramında əhalinin siyahıyaalınması prosesinin başa çatdığını eşidəndə məəttəl qaldım. Mənimlə bərabər 40-a yaxın BDU müəlliminin ailəsinin də yaşadığı binada heç birimizin qapısı döyülərək məlumat götürülməyib.  Xahiş edirik, bizim şikayətimizi mətbuat vasitəsi ilə əlaqədar qurumlara çatdırasınız...”

BDU professoru bəhs etdiyi siyahıyaalmadan kənarda qalmış binanın ünvanını və bir neçə müəllimin ad-soyadını da söylədi:

“Yasamal rayonu, Yeni Yasamal, Kənar Dairəvi küçəsi, 11. 
Boran Əziz, Rafiq Tağıyev, Oqtay Hüseynov, Namiq Dərvişov,  Zeynal Bağırov və b.”

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev Modern.az-a şikayətlərlə bağlı verdiyi məlumatda belə deyib: 

“...Dünya təcrübəsində olduğu kimi, ölkəmizdə də bəzi hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Belə olan halda sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilib və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib. Məktubun yerləşdirilməsində məqsəd ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib.
 
E. Quliyev qeyd edib ki, 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcəkdir”.

Bu məlumata münasibət bildirən professor Boran Əziz isə belə deyib: 

“Qeyd edilən müəllim evlərində adətən bütün günü ailə üzvlərindən olur. Hətta mənzillərdə kimsə olmayıbsa da belə, heç birimizin qapısına hansısa məktub yapışdırılmayıb...”

“Yəqin ki, bu günlərdə  bir nəticə olmasa, bazar ertəsi bir qrup müəllim Prezident Administrasiyasına və Statistika Komitəsinə şikayətə gedəcək...”-deyə  BDU professoru məsələyə çox ciddi yanaşdıqlarını ifadə edib.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10