
İranda uzun fasilədən sonra zərif cinsin nümayəndələrini futbol oyununda görmək mümkün olub. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İran – Kamboca qarşılaşmasında tribunalarda 3500 qadın yer alıb. Qadınların stadiona gəlişi yerli milli komandanı cuşa gətirib. İran Kambocanı 14:0 hesabı ilə məğlub edib.
Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. 21 dəqiqə ərzində rəqib qapısına 4 qol vurub. Birinci hissə 7:0 hesabı ilə başa çatıb. Kərim Ənsərifərd hamıdan çox fərqlənib. Hücumçu rəqibi üç dəfə məyus edib.
İran yer aldığı C qrupuna 6 xalla başçılıq edir. Qonşu ölkənin milli komandası ilk görüşdə səfərdə Honkonqu 2:0 hesabı ilə məğlub etmişdi. Qrupda İraq və Bəhreyn də mübarizə aparır.(Bizimyol.info)