Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb.
Trend-in məlumatına görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2733, 2017-ci ildə 2394, 2016-cı ildə 1587, 2015-ci ildə 1084, 2010-cu ildə 770, 2005-ci ildə 547 nəfər olub.
Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2018-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 981 olub. Bu göstərici 2017-ci ildə 967, 2016-cı ildə 907, 2015-ci ildə 560, 2010-cu ildə 294, 2005-ci ildə 222 olub.
Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur. Belə ki, keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 829-u kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 682-i, 2017-ci ildə 652-si, 2016-cı ildə 593-ü, 2015-ci ildə 374-ü, 2010-cu ildə 191-i, 2005-ci ildə 139-u kişi olub.
Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 10-u (2017-ci ildə 9,9 nəfər) nəfər olub.
Azərbaycanda sifilisli xəstələrlə yanaşı, qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin də sayı artıb.
Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 173 nəfər olub. Bu say 2017 (152) və 2016-cı ilə (105) nisbətən çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır.
Qeyd edək ki, 2018-ci ildə nikah bağlamaq üçün müraciət edənlər arasında keçirilən məcburi tibbi müayinələr zamanı 395 nəfərdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində keçirilən müayinələrdə 142 sifilis xəstəliyi aşkarlanıb.
Bu müayinələrin tətbiq olunduğu 2015-ci ilin iyun ayının 1-dən indiyədək keçirilən müayinələr zamanı 1870 nəfərdə sifilis xəstəliyi aşkarlanıb.
Xatırladaq ki, sifilis və süzənəyin törədiciləri bir şəxsdən başqasına, əsasən cinsi əlaqə ilə keçir.Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Sifilisin müalicəsi yalnız xüsusi müalicə idarələrində — zöhrəvi dispanserlərdə aparılır və xəstəliyin dövründən, formasından asılı olaraq bir neçə həftədən (ilk dövrdə) bir-iki ilə qədər davam edə bilər. Xəstələnən bəzi şəxslərin həkimə müraciət etməyərək özlərini müalicə etmə cəhdləri adətən çox pis nəticələr verir, xəstəliyin klinik gedişi dəyişir, xroniki şəklə keçən sifilis yaranır, bu isə daha uzun sürən müalicə tələb edir. Xəstəlik dövründə cinsi əlaqədə olanlar başqalarını da bu xəstəliyə yoluxdururlar.
Süzənək (qonoreya) əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlikdir. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər.