Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazmayıb nə edəsən axı?!


Adi bir xəbər oxuyursan, istəyirsən üstündən keçib başqa bir xəbəri izləyəsən.., alınmır. Bu xəbər sənə rahatlıq vermir və bütün hirsini yenə də yazıya tökməkdən başqa çarən qalmır. Xəbər qeyri-adi xəbər deyil, 26 ildir alışdığımız xəbərlərin davamıdır.  Xəbər bu idi: “Dağlıq Qarabağın xarici işlər naziri Mais Mailyan bu gün FB səhifəsində 2020-ci ildə Xankəndində keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu yazıb. Mailyan seçkilərdə iştirak etmək məramını rəsmən elan edən ilk namizəddir. Xatırladaq ki, Dağlıq Qarabağda gələn il həm də parlament seçkiləri keçiriləcək”. Xəbər alışdığımız xəbərlərdən olsa da, deyərdim ki, zaman əvvəlki deyil. Bütün münasibətlərdə səbir kasasının daşdığı zamandır. Necə deyərlər, çırtma vursan qan çıxar. Bu dəfə qanı biz çıxarmalıyıq, çünki düşmən mənim torpağımın prezidentliyi uğrunda mübarizə apardığını elan edir. 

Bəli, 27 ildir separatçıların keçirdikləri seçkilər bu dəfə baş tutmaya bilər. Ona mane olacaq yeganə qüvvə Azərbaycan Ordusudur.  Bütün danışıqlar, görüşlər 26 ildir ki, nəticə vermir.  Azərbaycanın əlində tam hüquqi- diplomatik əsaslar mövcuddur ki, qondarma rejimin varlığına son qoysun. Bu qədər zaman çox-çox yetərlidir. İndi gücünü göstərməlisən. Ən böyük hüquq gücdür. 26 ildə hüququn gücünün yetmədiyi dünyanın gözü qarşısındadır. Soçidə dövlət başçısı da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin işləmədiyini, Helsinki Yekun aktının qərarlarına məhəl qoyulmadığını xüsusi vurğuladı. Deməli, gücün hüququ prioritet elan olunmalı və müqəddəs vətən savaşına başlamaq lazımdır.

Dünyanın ən sərt rejimi, insan haqlarının zərrə qədər dəyəri olmayan ölkə Şimali Koreyadır. Planetin söz sahibləri olan güclü dövlətlərin heç biri bu antibəşəri rejimə təsir etmək, yolundan döndərmək iqtidarında deyil. Səbəb, bu ölkənin gücündədir. Atom bombası, güclü ordusu, kəskin mövqeyi var. Pisin də gücü olduğuna görə,  pisliklə hesablaşmağa məcburdurlar. 

Sabah Azərbaycan Ordusu, Azərbaycan dövləti torpaqlarını sürətlə işğaldan azad edib bayrağını öz torpağında sancsa heç kim heç nə deyə bilməyəcək. Donquldanacaqlar, hətta sanksiyalar tətbiq edəcəklər. Cəhənnəmə! Hamısı müvəqqəti və keçicidir. Qoy, qapılarını belə üzümüzə bağlasınlar. Heç döymərik də. Açıq olan qapılarımız var və belə işlərdə zaman ən yaxşı loğmandır. Zaman, hərəkətdə olub nəticə əldə edən üçün loğman, heç bir iş görməyib, yalnız heç kimin eşitmədiyini deyənlər üçün zəhərdir. Biz zəhər-zəhrimar zamanını yaşayırıq. Düşmən də bizim torpaqların prezidenti omaq uğrunda mübarizə edir, seçki keçirir, xarici siyasət idarəsi yaradır, idman yarışları keçirir. 

Düşmən baxıb görür ki, bizim məmur sevinclə bina layihələrinə baxıb fəxrlə bəyanat verir: “2025-ci ilə kimi bütün qaçqınlar mənzillə təmin olunacaq”. Bunu görən düşmənin 2020-yə də, qaçqınların tam mənzillə təmin olunacağı ilə də seçkilər təyin edəcəyi təbiidir, müşahidəçi də başda Pallone olmaqla bir sürü Amerika konqresmenləri olacaq. Məntiqi nəticə bunu diqtə edir. 

Bizi bədbəxt edən özümüzü aldatmağımızdır. İllərdir ki, mənasız təskinliklərlə özümüzü aldadırıq (yəqin bu da bir siyasətdir). Özü də təskinliyimizin Molla Nəsrəddinin tikanlı kola yun yığmağı kimi bir şey olduğunu bilə-bilə,  yenə də özümüzü aldadırıq. Əgər bir sözün , bir bəyanatın həqiqi dəyərini bilmək istəyirsinizsə, ondan az danışıb, mahiyyətinə varmalısınız. Yox, “ucundan tutub ucuzluğa gedəcəksinizsə” dəyəri qalmayacaq, əksinə lətifə mövzusu olacaq. Aydın Canıyev demiş, bildiniz də nəyi nəzərdə tutduq?!

Açığı yazı yazmaq ovqatında deyildim. Mirzə Cəlilin sözü olmasın:” Əşi, nə qədər yazırıq, deyirik, bu dünya (yəni millət) düzəlmir ki, düzəlmir”. Baxmayaraq ki, separatçılar artıq beşinci dəfədir ki, özləri üçün prezident seçkiləri keçirirlər, hadisə yenilik deyil, amma  Mailyanın prezidentliyə namizədlik xəbərini oxuyanda, istər-istəməz əsəbləşməmək mümkün olmadı. Düşmən mənim torpağımın prezidentliyi uğrunda fəaliyyətə başladığını elan edir. Biz isə, bu yerlərin sahiblərinə, zamanında Nadir şaha, Qacara meydan oxuyan,əyilməyən  Cavanşir elinə düzün düzəngahında yetim-yesir payı mənzillə təmin edəcəyimizə söz veririk. Yazmayıb nə edəsən axı?!






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10