Bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib.
Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.
Bu xəbərlərin ardınca sosial şəbəkələrdə “Leş Tofiq”in satdığı ətlərin Bakıdakı müxtəlif kafe və restoranlarda istifadə edildiyi barədə iddialar paylaşıldı. İddialara görə, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri qalxıb.
“Report” “Leş Tofiq”in həbsinə qədər ətləri hansı ərazilərə payladığı, o ətlərdən hansı restoran və kafelərdə istifadə edildiyi və həmin restoran və kafelərin hazırda fəaliyyət göstərib-göstərməməsi ilə bağlı suallarla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdib.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, məlum hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırmalar həyata keçirilir.