İnsana yaraşıq, gözəllik verən əlamətlərdən biri də xallardır. Keçmişdə insanlar dərisinə süni xal qoyurdular. Lakin bir sıra xallar var ki, onlar insanın xarici görünüşünə xələl gətirməklə yanaşı, ölümcül xəstəliklərə də yol aça bilir.
Son zamanlar insanlar lazer üsulu ilə xalları yandırıb, dəridən götürürlər. Xalın lazerlə götürülməsi doğrudurmu? Ümumiyyətlə, xalların təhlükəli olduğunu necə müəyyənləşdirmək olar?
cenub.az xəbər verir ki, Oxu.Az-ın suallarını ali dərəcəli həkim dermatoveneroloq Aqşin Kəngərli cavablandırıb.
O bildirib ki, xalların növünü dəqiqləşdirmədən onlara müdaxilə etmək xərçəng riski yarada bilər:
“Xalların növü kifayət qədər çoxdur. Bədəndə hər hansı nahiyədə yerləşən xala müdaxilə etmək üçün onu defferensasiya etmək lazımdır. Onun bədxassəli, ya xoşxassəli olması müəyyənləşdirilməlidir.
Bəzən xoşxassəli xallar inkişaf mərhələsində fəsadlaşmaya gətirib çıxara bilər. Ona görə də xoşxassəəli xalların belə müəyyən mütəxəssis baxışına ehtiyacı var. Melanoma deyilən xal var ki, onun xərçəng riskinə çevrilməsi digər xallarla müqayisədə daha çoxdur. Bu xallar çox sürətlə artır və yalnız dəri xərçəngi deyil, mədə xərçəngi, beyin xərçəngi də yarada bilər.
Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsündə, inkişafında böyümə müşahidə edilirsə, qaşınma kimi simptomlar müşahidə edilirsə, yaxşı olar ki, həkimə müraciət edilsin. Mütəxəssis bu simptomlar əsasında dəqiq diaqnoz qoya bilər ki, bu melanomadır, yoxsa yox.
Bu xallar, demək olar ki, əksər hallarda ölümlə nəticələnə bilir. Ona görə də mütəxəssisə nə qədər tez müraciət olunsa və həmin xallar nə qədər tez aradan götürülsə, bir o qədər də insanın həyati riski azalar. Əks halda insan həyatını xilas etmək mümkün olmur”.
Həkim onu da əlavə edib ki, bədəndə virus xallar yaranır ki, onlar birmənalı olaraq həkim müdaxiləsi ilə təmizlənməlidir:
“Bu xallar öz-özünə inkişaf edərək yayılır. Buna görə də təcili şəkildə götürülməlidir Bu xalları turşular, maye azot, lazer, cürbəcür məlhəmlər və digər vasitələrlə təmizləmək mümkündür. Xalların ölçüsü, yerləşdiyi yerdən asılı olaraq bəzən sap bağlayaraq götürürlər. İstər kişi, istər qadın, istərsə də uşaqlarda olan xalların gələcəkdə fəsad verməməsi üçün həkim müayinəsi önəmlidir”.
Xalların lazer vasitəsilə götürülməsinə münasibət bildirən həkim, onu da əlavə edib ki, bəzən insanlar kompleksdən azad olmaq üçün həyatlarını riskə atırlar:
“Həkim müayinəsi olmadan xalların lazer üsulu ilə kəsilməsi məsləhət deyil. Çünki elə xallar var ki, onlara toxunmaq olmaz. Hər xalı təmizləmək üçün lazer üsuluna müraciət etmək düzgün deyil.
Çox təəssüf ki, bu gün bəzi həkimlərə də etimad etmək olmur. Dəqiq müayinə etməmiş pasiyentləri müxtəlif səbəblərdən lazerə yönəldirlər. Təəssüf ki, ölkədə bu sahədə pərakəndilik var. Bəzən qocalıq xalı olur, xüsusən qəhvəyi rəngdə iri ləkə formasında yaranır. Əksər hallarda yaşlı kişilərdə baş nahiyyəsində yaranır. O xallara, eyni zamanda, piqment ləkələrinə müdaxilə etmək doğru deyil.
Xalların dəri altının dəqiq analiz edilməsi üçün dermotoskop deyilən bahalı cihaz var. Təəssüf ki, həmin cihaz ölkədə bir neçə tibb müəssisəsində mövcduddur. Cihaz vasitəsilə xalın özü, alt təbəqəsi, sağlam və ya xəstə dəri ətrafında yerləşdiyini müəyyən etmək mümkün olur. Müayinə əsasında virus mənşəli xalların 60 faizi götürülə bilər.
Dərinin xoşxassəli törəmələri - qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s. olur. Həmin fibromalar kiçik ölçüdə olur və sonradan böyüyərək ət xalına çevrilə bilir”.
Onun sözlərinə görə, boyun nahiyəsində yerləşən iri ölçülü ət xalları (fibromalar) xərçəngə çevrilə bilər:
“Xüsusilə qadınlar və kişilərdə boyun nahiyəsində yerləşir. Kişilərə nisbətən qadınlarda daha təhlükəlidir, çünki istifadə edilən aksesuarlar xalı sürtür, zaman-zaman qanadır və zədələyir. Bu zaman infeksiya düşə bilər və çox ciddi fəsadlaşaraq ikincili infeksiya, irinli yaraya çevrilə bilər. Sonda isə bədxassəli xərçəng yarana bilər. Məsləhətdir ki, sürtünməyə məruz qalan nahiyələrdə deyilsə, iri ölçülü ət xallara toxunulmasın”.