Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yenə Cəlilabad. Yenə uşaqlı qadına təcavüz||--||



Redaksiyaya gələn Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini, 10 uşaq atası Vəliyev Nurəli bildirdi ki, həmkəndlisi Emin Alışov onun gəlini, 2 uşaq anası Nuranəni gündüz günorta çağı zorlayıb və qəfildən hadisənin üstünə çıxan qayınatanı, yəni məni bıçaqla hədələyib, hətta evdəki qızılları oğurlayaraq qaçıb.

Bir neçə gündən sonra Nurəli Vəliyev bizim dəvətimizlə gəlini, təcavüzə məruz qalmış Nuranə ilə redaksiyaya gəldi.

Nurəli kişinin bildirdiyinə görə onlar Cəlilabad rayonunun dağ kəndlərindən biri olan Közbulaqda yaşayır. 56 yaşlı bu kişinin 10 övladı var (ikisi də vəfat edib) � 5 qız, 5 oğlan. 3 oğlu evli, 2-si isə hələ də subaydır. Ailənin 20-27 yaş arası 5 qızı olsa da, onların heç biri ailə həyatı qurmayıb. Nurəli kişinin 5 qızı, 2 oğlu, həyat yoldaşı və ailə həyatı quran digər oğlu, onun həyat yoldaşı, 2 uşağı, qısası 13 nəfər bir ailədə yaşayır. Onun bildirdiyinə görə hər dəfə təndirdə 30-35 çörək bişirsələr də bu onlara heç 3 gün bəs eləmir.

Övladlarından biri (təcavüzə məruz qalan qadının həyat yoldaşı) özünə kiçik bir koma tikib. Həmin evin təxminən 500 metrliyində isə 2-ci oğlu ev tikir. (Bu məsələləri belə xırdalığına qədər sadalamağımın səbəbini bir qədər sonra açıqlayacağıq).

Nurəli Vəliyev deyir ki, yeni ev tikən oğlumun həyətində iş görürdük. Gəlinin evi həmin tikintiyə yaxın olduğu üçün yeməyi, çayı orada hazırlayıb həmin təzə tikilən evə gətirirdik. Həmin gün, sentyabrın 22-də yenə də təzə tikilən evdə iş görürdük, çay-pendir gətirmək üçün gəlin qalan evə gəldim. Həmin vaxt gəlinin yoldaşı, oğlum Niyaməddin meşəyə mal-qaranı gətirməyə getmişdi. Onun 2 balaca uşağı (4-6 yaşlarında) bizim evdə idi. Mən evə yaxınlaşanda gəlinin evdən gələn çığırtısını və harayını eşitdim. Cəld evə cumanda gəlinimlə Emini biabırçı vəziyyətdə gördüm. Məni görən kimi Emin cəld bıçaq çıxardıb şalvarını geyə-geyə məni də, gəlini də hədələyə-hədələyə evdən qaçdı. Təzə evdə iş görən usta və fəhlə də gördü ki, o necə qaça-qaça bu evdən çıxdı.

Gəlin Nuranənin dedikləri :- Bu adamla mənim heç bir tanışlığım yox idi. Sadəcə bilirdim ki, kənddə belə bir müəllim var. Heç vaxt rastlaşmamışdıq. Heç kəlmə də kəsməmişdik. Həmin gün də evdə sil-süpür edirdim. Bir də gördüm ki, kimsə çöldən bizi çağırır. Birmərtəbəli evin qapısını açan kimi məndən soruşdu ki, Niyaməddin, yəni həyat yoldaşım evdədir, ya yox. Dedim ki, yox, meşəyə gedib. Bunu eşidən kimi o evə cumub məni süpürlədi. Məni zorla itələyib koridordan qonşu otağa dartıb yerə yıxdı. Çığırmağıma, onun qolunu, boynunu cırmaqlamağıma baxmayaraq, bütün paltarlarımı cırıq-cırıq edib, mənə təcavüz etdi. Evimizin qapısı içəridən cəftə ilə bağlanırdı. O heç qapını bağlamağa macal tapmayıb mənə qarşı iyrənclik etdi. Mən isə hey qışqırır, onu söyür, cırmaqlayır, haray salırdım. Elə bu vaxt qayınatam çığırtıma evə girib və bizi o vəziyyətdə gördü. O, qayınatamı görən kimi bıçaq çıxardıb, ikimizi də qorxutdu ki, səsinizi çıxartsanız öldürərəm. Beləliklə o evdən qaçdı. Sonra bildim ki, gedəndə stolun üstündəki qızıllarımı-nişan üzüyümü, sırğa və qızıl zənciri də aparıb. Evdə başqa saxlanc yerimiz olmadığı üçün qızılları elə evdə yeganə mebelimiz olan stolun üstünə qoyurdum.

Biz dərhal polisə zəng elədik. 2 nəfər polis işçisi əvvəl bizə, sonra da onlara getdi. Axşamüstü mən, həyat yoldaşım, qayınatam, qonşuluqda yaşayan atam, anam Cəlilabadın Göytəpə şəhərindəki polis bölməsinə gəldik. Digər maşında isə polislər onu və yaxın qohumlarını həmin polis bölməsinə gətirdilər. Bizim ərizəmizi alandan sonra onu polisdə saxlayıb bizi buraxdılar.

Söhbəti davam etdirən Nurəli Vəliyev gəlininin danışdıqlarına əlavə olaraq bildirdi ki, səhəri gün Göytəpədən Emini Cəlilabad polis şöbəsinə gətirib 2 sutka həbsdə saxladılar. Hadisənin səhəri günü rayon prokurorluğunda onunla rastlaşanda prokurorun müavini ona bu əməlinə görə bir sillə də vurub, xeyli hədələyici sözlər dedi. Onu gəlinlə üzləşdirdilər. Gəlin burada danışdıqlarını o üzləşmədə də bildirdi.

İki gün sonra isə bildik ki, onu kənddən qaçırdıblar Rusiyaya. Bizi də prokurorluqda bir neçə ay süründürəndən sonra bildirdilər ki, guya dediklərimiz hamısı yalandır. Yəni bu adam nə evə cumub, nə gəlinə şər atıb, nə də evdən qızıl oğurlayıb. Bizim başımız xarab olub, oturan yerdə ona şər atmışıq, bilə-bilə gəlinimizi rüsvay etmişik.

Sonra məcbur olub özümüzə vəkil tutuq. Bakıdan Bəxtiyar adlı bir vəkili. Baş prokurorluğa müraciət etdik. Şöbə prokurorunun qəbulunda olduq. Bu kasıb vaxtı müsibətlə, rüsvayçılıqla üzləşib, bir neçə yüz manat yola, vəkilə və sairə xərcləsək də, şikayətimizi eşidən olmadı. Hara ərizə yazdıq, üstümüzə qayıtdı. Hətta prokurorluqda məni təhqir edib ələ salırdılar.

Əlimiz hər yerdən üzülmüşdü. Bu yaxında �Cənub xəbərləri� və �Azadlıq� qəzetində Ağdaş kəndində Rəna adlı gəlinin taleyi ilə bağlı yazını oxuyandan sonra sizə müraciət etməyi qərara aldıq ki, bəlkə qəzetdə dərdimizi oxuyub bu qudurğanı cəzalandıran tapılar.

O həmçinin bildirdi ki, bu işdə bircə Cəlilabad təhsil şöbəsinin müdiri Ədalət Əsgərovdan razıdır. O bu işdən xəbər tutan kimi dərhal Emini müəllimlikdən azad etdi. Xatırladım ki, onun atası da həmin məktəbdə müəllimdir və həmin şəxs özü ailəlidir.

Biz ucqar Kövüzbulaq kəndində də olduq. Təcavüzə qalan gəlinin həyat yoldaşı və qayınatası ilə də söhbət etdik. Onların yanında bu işlə məşğul olan vəkil Bəxtiyar Əkbərovla da danışdıq. Vəkil bildirdi ki, bu işlə ciddi məşğuldur, baş prokurorun yanında olacaq, Nuranəyə təcavüz edən Eminin Rusiyadan gətirilib həbs edilməsinə nail olacaq və sair. Lakin təcavüzə məruz qalan gəlinin qayınatası Nurəli kişi vəkilə inanmadığını, onun demək olar ki, heç bir ciddi iş aparmadığını əsas gətirərək bu şəxsi təmiz adam kimi tanımadığını bildirdi. Həmçinin qeyd etdi ki, vəkilə verdiyi 120 �şirvanı� sələmə ilə borca götürüb, hələ də qaytara bilmir.

Nuranənin həyat yoldaşı Niyaməddin bizimlə söhbətində dedi ki, xəcalətimizdən kəndə çıxa bilmirik. Hadisə törədən kimi o şərəfsizi kənddən Rusiyaya qaçırdıb, imkan vermədilər ki, kişi kimi intiqamımı alım. Heç kimə, heç nəyə inamımız qalmayıb. Nəinki cinayətkarı müdafiə edir, hətta bizi şərləyir, ləkələyir, alçaldırlar. Belə çıxır ki, kim hansı haqsızlıqla qarşılaşırsa özü öz intiqamını almalıdır. Yoxsa, hər kənddə 3-4 imkanlı adam var, istədiyi qudurğanlığı edir və pulla işi bağlayırlar.

R.S-1. Bəzi paralellər aparmaq maraq doğurur. Əvvəlki təcavüz, yəni 3 uşaq anasına polis işçisinin təcavüzü Cəlilabadın Ağdaş kəndində olmuşdu. Bu hadisə, yəni orta məktəb müəllimi Emin Alışovun 2 uşaq anasına hücumu isə həmin Ağdaş kəndindən bir neçə kilometr aralıdakı Kövüzbulaq kəndində baş vermişdir. Əvvəlki hadisə 2008-ci ilin oktyabr ayında, bu hadisə isə ondan 1 ay qabaq olub. Hər iki şəxsin qohum olduğu bildirilir. Yenə də zərərçəkənlə zərərvuran eyni familiyanı daşıyır. Hər iki işi Cəlilabad rayon prokurorunun köməkçisi Arif Sadıqov aparıb. Hər iki qadın ailəlidir. Hər iki təcavüz edən də ailəlidir. Hazırda ailəli qadınlara təcavüz edən şəxslərin hər ikisi Rusiyadadır.

Hər iki zərərçəkən iddia edir ki, onları prokurorluqda aldadıblar. Gəlinlərə bir şey oxuyub başqa kağıza qol çəkdiriblər. Yəni, bu qadınlar etiraf ediblər ki, heç bir zorakılıq olmayıb, hər şey könüllü razılıq əsasında baş verib. Həkim rəyini gizlədiblər. Yuxarı təşkilatlara obyektiv cavab yollamayıblar.

P.S. Biz bu yazını çox tərəddüdlə çap etdik. Doğrudanmı polis işçisi, kənd müəllimi ailəli ola-ola bir neçə uşaq anasına zorakılıqla və nümayişkaranə təcavüz edir? Doğrudanmı rayon rəhbərləri, eləcə də hüquq mühafizə orqanları bu böyüklükdə rüsvayçılığı ört-basdır edir? Yaxud, əksinə bu insanlara nə düşüb ki, istər Ağdaş kəndində, istər Kövüzbulaqda heç bir düşmənçiliyi olmayan şəxslərə qarşı ağır və rüsvayçı ittihamlar irəli sürsünlər? Bu onlara nə verir? Əvvəlki yazıda məlum olduğu kimi, Rəna xanımın qayınatası Əlisahib kişiyə xeyli pul da təklif olunub, lakin o razılaşmayıb. Bunların hər hansı şərikli malları, vəzifələri də olmayıb ki, bu yolla nəyəsə nail olsunlar. Şikayətçilər doğrudan da böhtançıdırlarsa, yerli ağsaqqallar, sözü keçən kişilər bu vəziyyətə niyə dözürlər?

Şikayətçilərin təkidlə bildirdiyinə görə belə hallar 1-2 deyil. Çoxu şikayət etməyə utanır, Bəzisi şikayətin nəticəsiz olduğunu nəzərə alıb səsini çıxartmır.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10