Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.
1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb.
Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:
“3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.
Bundan sonrakı uğurları sırasında dünya çemionunu məğlub etmək də var. Teymur 16 yaşında ikən dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki dahinin oyunu həmin il “Ən yaxşı oyun” mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.
Bir il sonra isə Kasparovun tituluna bir addım da yaxınlaşan Rəcəbov şahmat üzrə dünya çempionatının yarımfinalçısı olub. 22 yaşından başlayaraq 3 dəfə Avropa çempionu olub. Həmçinin, bir il ərzində 3 FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçıdır.
T.Rəcəbov Kasparovu, Anandı, Ponomaryovu, Topalovu da dünənki oyunda olduğu kimi qara fiqurlarla oynaraq məğlub edib. Teymur dünya sıralamasında 2767 xalla 9-cu yerdədir.
İlk azərbaycanlı dünya çempionu sosial şəbəkələrdə də paylaşımları ilə diqqət çəkir. Onun beynəlxalq siyasət və texnoloji yeniliklərlə yaxından maraqlandığı bildirilir, həmçinin paylaşımlarında ABŞ prezidenti Donal Trampa simpatiyası da hiss olunur.
Rəcəbov ailə həyatı ilə də tez-tez gündəmə gəlir. O, 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Toyda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. 2013-cü ildə isə cütlüyün qızı olub.
24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb:
“Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.
Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib:
"Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.
O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik".
qafqazinfo.azTeymur Rəcəbovun xanımı Elnarə və qızı Məryəm