Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Gəl əl-ələ verib insanımızı əl açmaqdan qurtaraq..."



Çoxdan bəri məni narahat edən, üzən iki məqamın fonunda Teymurun beyninin, intellektinin qələbəsi təsəlli oldu

 

Deməli... Hazırda sosial şəbəkələrdəki xidmət obyektləri, gözəllik mərkəzlərinin reklamlarının məzmunu, yazılma tərzi, savadsızlığın bariz nümunəsi olan və birbaşa evimizə, ailəmizə sirayət edən bu paylaşımlar cəmiyyətə,  xüsusilə yeniyetmə, gənc, hələ fikri formalaşmamış qızlarımıza nə aşılayır? Deyir, beyin, savad, intellekt, dünyagörüşü, oxumaq, zəhmət çəkmək boş şeydir. Çox nadan və düşüncəsiz, qəddar şəkildə deyir ki, sənin körpəlikdən arzuladığın gəlinlik, saç düzümü bizdədir. Deyir ki, hər şey puldu, zahiri gözəllikdi, cəlbedicilikdi, şarmdı, ucuz populyarlıqdı, bahalı restorandı, zər-zibalı geyimlərdi, tüksüz bədəndi, boyalı dırnaqdı, şişirdilmiş dodaqdı, kəsilmiş burundu... qalan hər şey boşdu. Deyir, ana dilini bilmək də, bu dildə danışıb-yazmaq da bir şey deyil. Hansı dildə, hansı qaydalara söykənərək yazıldığını anlamadığımız bu mətnlər sanki planlaşdırılmış şəkildə qızların beynini yuyur. Onlara qarşı savaşmaq, qızlarımızı bu parıltının əlindən almaq o qədər çətindir ki... üstəlik, o qızları düşünən, can yandıran o qədər az adam var ki... o qədər təkik ki... 

 

Digər məqam! Qadınlı-kişili, cavanlı-qocalı çox adam - insanımız əl açır. Əl açmaq onun üçün adiləşdi, həyat tərzinə çevrildi. Cibində pulu azalan əl açır. Yolda qalmışam, pulum yoxdu, rayona gedirəm, pulum yoxdu, uşağıma dərman almalıyam, pulum yoxdu... Zəhmət çəkmək istəmirlər, beyinlərini, əl-ayaqlarını işə salmaq istəmirlər. Asanı seçirlər. Əməksiz, sevgisiz, yanğısız həyatı, boş həyatı seçirlər. Bir dəfə al açdınmı, həmişə açacaqsan, bir dəfə özünü alçaltdınmı, həmişə alçaldacaqsan... Həqiqi kimliyini itirəcəksən. Etmə! Ağlınla, zəhmətinlə qazandığının zövqünü yaşa. Üstəlik, biz də bu yolda insanlığımızı itiririk, inamımızı itiririk, kimə inanacağımızı bilmirik. Doğrudan da, birinin övladı ac qalsa... doğrudan da, birinin mənzil başına çatmağa pulu olmasa... Həmişə deyirəm, mənə haqlı olduğum halda vicdan əzabı yaşadanlara bir üsyanım var! 

 

Azərbaycan insanı, onsuz da çətindir, hər şey sənə yaxşı məlumdur. Bir də sənin cahilliyin, nadanlığın, biganəliyin, fürsətcilliyin, oğurluğun, yalanın ucbatından çətinləşməsin bu ölkədə yaşamaq, nəfəs almaq... 

 

Hə, onu deyirdim axı, Teymurun düşünən beyni, o beynin qələbəsi, bəlkə, cəhalətlə savaşda da bir işıq oldu, insanlar düşünmək istədi, intellekt sahibi olmağın gözəlliyini anladı. Bəlkə, Azərbaycana günəş doğdu... Mən buna inanmaq istəyirəm. 

 

Təsadüf... bu gün Müəllimlər Günüdür. Azərbaycan müəllimi, bu günün sinifi sabahın cəmiyyətidir. O balaca sinif otaqlarında uşaqlarımızı aydınlığa səslə, elm, savad öyrət, insanlığı aşıla. Bu yolda ən çox sənin vicdanına ehtiyacımız var. Lütfən, övladımızı bazar adamına çevirmə, düşüncə sahibi et! Gəl əl-ələ verib insanımızı əl açmaqdan qurtaraq, beyninin gücünə, aydınlığa inandıraq, gəl insanımızı düşündürək, o düşünsə, hər şeyi özü gün üzünə çıxacaq! Gəl...

 

Əli bəy Hüseynzadə necə deyirdi... Çirkablara daş atılmalıdır, həm də doluncaya, yox edilincəyə qədər!


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10