Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ayaz Mütəllibov nə üçün məğlub olmasından danışdı: " Bir köpəyoğlu mənə əl vura bilməzdi" (MÜSAHİBƏ VİDEO)


Məni Heydər Əliyev qapının ağzında qarşıladı və biz bir-birimizi qucaqladıq.

Bu sözləri Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində keçmiş prezident Ayaz Mütəllibov 1990-cı ilin fevralında Ümummilli lider Heydər Əliyevlə görüşü haqda danışarkən deyib.

A.Mütəllibov bildirib ki, həmin vaxt Heydər Əliyev sınıxmışdı (arıqlamışdı) və mən onu bağrıma basdım:

“Heydər Əliyevlə Moskvada səhər saat 4-ə qədər söhbətimiz oldu. Mən Azərbaycanın yeni təyin edilən birinci katibi istefada olan Heydər Əliyevlə bu qədər söhbət eləmişəm”.

A.Mütəllibov həmin söhbətdə Heydər Əliyevin Azərbaycana qayıtmaq istəyinə həssas yanaşdığını, Bakıda evinin olmamasından təəccübləndiyini və “Heydər Əliyevin Bakıda evi yoxdur? Bu ədalətsizliyi mütləq və təcili aradan götürəcəm” vədini verdiyini təqdiqləyib.

Aparıcının “Heydər Əliyev ona layiq hörmət ehtiramla Bakıda qarşılanacaqdı. Eyni zamanda, Moskvanın tələbini ona çatdırmısınız: Heydər Əliyev respublikanın siyasi həyatında iştirak etməməlidir. Bu həqiqətdir?” sualını da qismət təsdiqləyib.

“Həqiqətə uyğundur”, – Mütəllibov deyib.

Bu vədə baxmayaraq, Heydər Əliyevin niyə o cür qarşılanmasına isə Mütəllibov bu cür cavab verib:

“Heydər Əliyevin o cür qarşılanmasını Əzizbəyov rayonunda, özlərini fəallar kimi qələmə verən adamlar təşkil etmişdilər. Həmin gün mən Kiyevdə idim. Kiyevdən qayıdıb aeroportda bu vəziyyətə şahid oldum. Şüarlarda yazmışdılar ki, “Bakıya gəlməyin…” Əsəbiləşdim. Çağırdım ki, bu, kimin hoqqasıdır, kim bunu edibdir? Bir mollanı meydanda gördüm. Soruşdum, bu kimdir? İndi adı yadımda deyil…”

Aparıcı isə bununla razılaşmayıb və bildirib ki, necə ola bilər ki, bu cür qarşılanmadan ölkə rəhbərinin xəbəri olmasın.

Aparıcının, “Bir qrup öyrədilmiş adam, əllərində təhqirlərlə dolu şüarlar… Bunların başında sizə yaxın olan Seyfəl Babayev və Hacı Əbdül. O sonra deputat da oldu”, – sözlərinə A.Mütəllibov onu yaxından tanımadığını bildirməklə reaksiya verib.

“Bu təxribatın qarşısını almaq mümkün idimi” sualına cavabında Mütəllibov bildirib ki, bu təxribatı törədənlər var idi:

“Bu təxribatı törədənlər içində Xalq Cəbhəsindən olanlar da vardı. O vaxt onlar özləri də çaşmışdılar və onları çaşdıranlar da vardı. Vətənpərvər kimi özlərini qələmə verib, əslində bizi toqquşdurmaq, aramıza girmək istəyirdilər. Elə ətrafımda olan adamları da nəzərdə tuturam, bütün işləri ondan ibarət idi: Ayaz Mütəllibovu Heydər Əliyevdən küsdürmək və öz işlərini təmin etmək”.

Ayaz Mütəllibov qeyd edib ki, Heydər Əliyevin Bakıda evlə təmin olunmamasına imkan verməyən Azərbaycan KP MK-nin ikinci katibi Palyaniçko və Bakı şəhər icraiyyə komitəsinin (İcra Hakimiyyətinin) sədri Rüfət Ağayev olub:

“Mən bunu eşidəndə ikisini də çağırdım, dedim, mənə qarşı savaşırsınız, bilmirsiniz bu nə söhbətdir? Mən sizə tapşırıq vermişdim bir ay əvvəl, buna əməl etməməklə məni küsdürürsünüz, bilmirsiniz söhbət kimdən gedir? Respublikanın 13 il rəhbəri olub bu adam, bilmirsiniz? Deməli, bilərəkdən bunu edirsiniz? Hallandırırsınız, onsuz da biz çətinlikdə yaşayırıq”.

Mütəllibov Heydər Əliyevə qarşı Bakıda edilən təzyiqlərin qarşısını almamasına da aydınlıq gətirib:

“Heydər Əliyevlə söhbətimdə mən bir cümlə işlətdim: Bakıya mənim etibarım yoxdur, Bakı pis vəziyyətdədir, küçələrdə naməlum adamlar gəzir, kim nə edə bilər, bunu bilə bilmərəm və təhlükəsizlik nöqteyi-nəzərindən ehtiyatınızı əldə buraxmayın”.

Aparıcı (Vaqif Mustafayev – red) A.Mütəllibovun bu cavabı ilə də razılaşmayıb.

***

Aparıcı: 1991-ci ilin fevralı. Vəziyyət çox gərgindir. Parlament böhranı. Demokratik Blok Ali Sovetin birinci sessiyası başlayan kimi iclas zalını tərk edir, aləm qarışır. Hər yerdə mitinqlər. Sürətlə cərəyan edən hadisələr milisin nəzarətindən çıxır. Ayaz müəllimi isə ən çox narahat edən Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və sessiyada çıxış etmək qərarıdır. Həmin sessiyada sizin komandanız tərəfindən Heydər Əliyevə nümayiş olunan mədəniyyətsiz hərəkətlər, yəni onun çıxışı vaxtı ayaq döymək, yerlərdən çığırmaq, ona mane olmaq, söz atmaq… Bu necə, sizdə peşmanlıq yaradır?

Ayaz Mütəllibov: O mənim komandama aid deyil. Məsuliyyətimlə deyirəm sizə. O şuluğu salanlar tam başqa adamlar idilər. Sonradan bilindi. O ki qaldı Heydər Əliyevlə söhbətimə, bəli, o, mənimlə sessiyadan qabaq görüşmək istədi. Dedim, məmnuniyyətlə və görüşdük – Ali Sovetin binasında, bir otaqda. Mən onu qucaqladım və dedim ki, Heydər Əliyeviç, maşallah, yaxşısınız. O bildirdi ki. çıxış etmək istəyirəm. Dedim, bu, sizin haqqınızdır, heç bir problem yoxdur. Heydər Əliyev dedi ki, ancaq mən tənqid edəcəyəm. Dedim, sizin ixtiyarınızdadır.

Zalda baş verən hadisələr mənlik deyildi, mənim xəbərim olmayıb. Bunu tam səmimiyyətlə sizə deyirəm. Çünki o lazım deyildi. Heydər Əliyev yad adam deyildi ki, ondan ehtiyat edim. 13 il ərzində 8 dəfə o mənə vəzifə təqdim edib. Mən belə naşükür adama oxşayıram?

– Bəs onda Demblok sizdən nə istəyirdi? Madam ki, bu qədər demokratik ab-hava yaratmışdınız ki, heç sizin sözünüzə də baxmırdılar. Heydər Əliyevə qarşı bu qədər hörmətsizlik etdilər…

– Şuluq salıb, məni rədd eləmək, vəzifədən qovmaq istəyirdilər…

– 1991-ci ilin iyununda prezident seçkisi haqqında qanun qəbul olundu. Sizin təşəbbüsünüzlə bu qanuna yaş həddi daxil edildi – 65 yaş. O vaxt Heydər Əliyevin 68 yaşı vardı.

– O da mənlik deyildi. Mən bundan xəbər tutmamışdım. Mənə deməyiblər, məsləhət eləməyiblər. Elmira xanım Qafarova (o vaxtkı Ali Sovetin sədri – red.) bunu sonra mənə dedi.

– Yəni sizin komandada olan Elmira Qafarova da sözünüzə baxmırdı? Ta nooldu, Ayaz müəllim?!

– Vəziyyət belə idi. Orda təkcə o deyildi.

– Həmin o ayaq döyən, Heydər Əliyevin çıxışına mane olan deputatlar sonra Heydər Əliyev parlamentə sədr seçiləndə ona əl çaldılar. Yəni belə insanlar idi orda…

– Əfsuslar olsun…

– Blokada şəraitində yaşayan Naxçıvana Bakıdan heç bir kömək göstərilmirdi. Heydər Əliyev hər cəfaya sinə gərdi. 1991-ci il 3 sentyabrda Naxçıvanın Ali Məclisinin sədri seçildi. 8 sentyabrda prezident seçkiləri keçirildi və bülletenlərdə siz tək idiniz, başqa namizəd yox idi. Hesab edirəm ki, bu məqamda sizin siyasi karyeranızın sonunun başlanğıcı başlandı. Siz belə düşünmürsünüz?

– 95 faiz əhali mənə səs verib.

– Bəli. Amma bülletendə tək idiniz.

– Tək idim, çünki Xalq Cəbhəsi qərar qəbul etmişdi və öz namizədini seçkidən çıxartmışdı. Əlizadə də verdi öz namizədliyini, sonra geri götürdü.

– Sizin Qorbaçova olan inamınız nəyə əsaslanırdı? O özü özünə də inanmayanda siz ona inanırdınız.

– Kim deyə bilər ki, mən Qorbaçova inanmışam?! Mən sizin dediyinizi birinci dəfədir eşidirəm. Hər bir sahədə mənim Qorbaçovla ciddi tənqidlərdən başqa söhbətim olmayıb. Partiyada Qorbaçova etiraz edənlərin sırasında mən birinci yerdə idim.

– Ona görəmi siz o zaman çevrilişə cəhd edən QKÇP-ni dəstəklədiniz?

– Dəstəkləməmişəm. Bu, yanlış məlumatdır və bu məlumatı Xalq Cəbhəsi yaymışdı.

– Həqiqət budur ki, siz Qorbaçova inanmamısınız…

– Mən uşaq deyiləm, bilirdim ki, bu, nə oyun oynayır. Qorbaçovun özünə bir dəfə ikilikdə demişəm – özü də sağdır… Dedim ki, siz nəyə nail olmaq istəyirsiniz? Çalışdığınız nədir? Deyin, biz də bilək. Ermənilərə siz nə deyirsiniz? Azərbaycanlılara nə deyirsiniz? Siz bizi dəstəkləmirsiniz ki?!

– 1992-ci ilin martında, çox gərgin bir şəraitdə, müxalifətin təzyiqi altında istefa verdiniz. Bu, sizə rəğbət gətirən addım idi. Çox dramatik an idi, ölkənin və sizin həyatınızda. Elədirmi?

– Elədir! 5-6 mart hadisələrini törədənlərin çoxusu indi də sağdır, məqsədləri də aydındır, hədəfləri də aydındır, tək mənimçün yox, çoxları üçün…

– Yəni orda qan tökülə bilərdi.

– Əlbəttə.

– Şeyx (Allahşükür Paşazadə – red.) də dedi ki, qan tökülə bilər…

– Bəli. Hamıdan elə qan sözünü eşidirdim.

– Hamı silahlı-filan…

– Ay sağ ol. 2-3 gün idi Bakıda fövqəladə vəziyyət hökm sürürdü. Küçə hərəkatına qoşulanlar qalmaqaldan da qalmırdı. Mən də qalmışdım tək. Bütün etirazlar mənim başımda çatladı. Mən də öz-özümə dedim: Bura sənin deyil! İstəmirlər bu adamlar, qan tökülə bilər. Çünki 5-6 martda törədilən hadisələr unudulmayacaqdı, sifarişçisi də sağdır. Nə olacaqdı, onu Allah bilir. Ancaq mən heç bir yaxşı əlamət görmürdim. Mən ordan çıxıb, öz kabinetimə gələ bilərdim və bir köpəyoğlu da mənə əl vura bilməzdi. Ancaq bir, iki, üç aydan sonra bu balta mütləq mənim başımda qırılacaqdı. Mən gördüm ki, nə millətimi, nə özümü xilas edə bilirəm.

– Bu etirafınıza görə çox sağ olun… Bundan sonra sizin tərəfinizdən qəribə gedişlər edildi. Gözlənilmədən, yenidən hakimiyyətin başında peyda oldunuz (1992-ci il 14 may Ali Sovetdə Mütəllibovun yenidən hakimiyyətə qayıtması – red.). Və qısa zamanda qeyb oldunuz. Hərbi təyyarə ilə bizi tərk etdiniz. Bu artıq komediya janrına yaxındır. Niyə belə?

– Niyə gəldim? Qarabağ məsələsini həll etmək üçün. Mənim buna əsasım var idi.

– Bəs niyə etmədiniz? Niyə qalmadınız?

– Zəif idim mən.

– Zəif idinizsə, onda niyə yenidən hakimiyyətə qayıtdınız? Bu sualın sizdə cavabı yoxdur. İstefanız düzgün qərar idi. Xocalı faciəsi baş vermişdi, ağır günlər idi. Milləti qoruya bilmədiniz…

– Mən özümü qoruya bilmirdim, millət qoruya biləcəkdim?

– Bu uğursuzludan sonra yenidən ruhlandınız, yenidən hakimiyyət uğrunda mübarizəyə yönəldiniz. Bu ildırımlı yollarda sizi fiaskoya uğradan Xalq Cəbhəsi ilə yol yoldaşlığı etdiniz. 1995-ci ilin mart qiyamı ərəfəsində mifik dövlət şurasının heyətinə daxil oldunuz. Bu həqiqətdir?

– Kim deyir onu?

– Özləri deyirdilər…

– Özləri qələt edirlər.

– Deyirdilər, Elçibəylə danışdıq…

– Mən bilmirəm, mən Moskvada yaşayırdım.

– Həqiqət deyil?

– Deyil, tam yalandır.

– Siz Vətəndaş Birliyi Partiyasını yaratdınız…

– Mən partiya yaratmamışam. Mənim tərəfimi tutanlar müraciət etmişdilər ki, biz (Sabir Hacıyevdən söhbət gedir – red.) sizi dəstəkləyən partiya yaratmaq istəyirik. Mən bu təşəbbüsə yol vermədim. Partiya yaradıldı, ancaq mənim adımla deyil. Sabir Hacıyevə dedim, cavan oğlansan, siyasətlə məşğul olmaq istəyirsənsə, ol, sənin şəxsi işindir, məni bu işə qoşma.

 Yəni sizin partiyaya aidiyyətiniz yox idi?

 Xeyr!

– Növbəti gedişiniz partiya üzvlərini şoka saldı – Sosial Demokratik Partiyası ilə birləşmək qərarı verdiniz.

– Əlizadəni nəzərdə tutursunuz?

 Bəli!

– Əlizadə yüksək təcrübəli bir xadimdir, o, heç kəsin sözünə baxmayan, öz bildiyini edən adamdır. Onun prinsipləri var.

– Siz onunla birləşmək istəmisiniz?

– Xeyr!

– O vaxtdan bəri Azərbaycanın sürətli inkişafını müşahidə edirsiniz. Bakı necə dəyişib?

– Göz qabağındadır. Həmişə demişəm ki, bir şeydən danışanda həqiqəti unutmayın. Düzgün təhlil etməlisiniz ki, xalqda şübhə yaranmasın. Çox böyük işlər görülübdür. Azərbaycanda aparılan iqtisadi-siyasi islahatların tayı-bərabəri olmayıb…

Daha sonra ölkə quruculuğundan, Heydər Əliyevin Azərbaycanı xilas etməsindən danışan Ayaz Mütəllibov həm də sosial şəbəkələrdə bəzilərinin milli dəyərlərə zidd addımlarına da reaksiya verib, onları pisləyib. Həmçinin müxalifəti ədalətli olmağa çağırıb.

Sonda isə Mütəllibov qürbətdə yaşadığı zaman çətinliklər çəkməsinə toxunub və “Allah mənim vəziyyətimə heç kəsi salmasın” deyə, bildirib.

azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10